“Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir” – Çingiz Qənizadə

AKTUAL Gündəm Siyasət

Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan– Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətini dinlədikədən sonra bir daha əmin oldum ki, bu, həm Birinci –vitse prezidentin, həm azərbaycanlı ananın, həm də xalqını, millətini, Vətənini sonsuz dərəcədə sevən Azərvbaycan qadınının səmimi müraciətidir. Ümid edirəm ki, bu müraciət, hətta bu gün sosial şəbəkələr vasitəsilə ölkəmizə böhtan yağdıran “sapı özümüzdən olan balta”lara, respublikamızın uğurlarına kölgə salmaq istəyən, beynəlxalq aləmdə getdikcə artan reytinqindən xoflanan radikal müxalifət nümayəndələrinə də təsir edəcək. Çünki bu, xalqı birliyə, həmrəyliyə çağıran ana müraciətidir. Doğrusu , bu müraciətdən çox duyğulandım və əminəm ki, siyasi əqidəsindən, harada yaşamasından asılı olmayaraq, hər bir kəs bu müraciətə səs verəcək.
Azərbaycanın sürətli siyasi, mədəni, sosial-iqtisadi inkişafı, dünya birliynin layiqli üzvünə çevrilməsi hər bir soydaşımızda qürur hissi yaradır. Postsovet ölkələri ilə müqayisədə respublikamızın beynəlxalq aləmə sürətli inteqrasaiyası, “kosmik ailə”nin üzvünə çevrilməsi, eləcə də nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməsi düzgün müəyyənləşdirlimiş daxili və xarici siyasətin nəticəsidir. Respublikamızın qısa müstəqillik tarixi ərzində mötəbər beynəlxalq təşkilatların fəal üzvünə çevrilməsi, hətta həmin qurumlara müxtəlif vaxtlarda sədrlik etməsi, Azərbaycanın getdikcə artan reytinqinin göstəricisidir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri də ordu quruculuğunu inkişaf etdirmək olub. Söz yox ki, bu iş 1993 – cü ilin ikinci yarısından sonra daha geniş vüsət alıb. Son 17 ildə isə bu istiqamətdə misilsiz işlər görülüb. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordularından birdir. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan artıq silah ixrac edən ölkəyə çevrilir. Belə bir ordunun qarşısında düşmənin davam gətirməsi qeyri- mümkündür. 2016- cı ilin Aprel döyüşləri, 2018- ci ilin Günnüt əməliyyatı və bir neçə gün əvvəl Tovuz rayonu ərazisində Ermənistan ordusunun darmadağın edilməsi də bunu təsdiqləyir. Baxmayaraq ki, fitnəkar erməni xəyanəti ilə hər an üzləşirik, şəhid veririk, lakin qurub-yaradırıq, varlığımızı öz gücümüzlə və strategiyamızla dünyaya sübut edirik. Belə bir müstəqil, güclü dövlətin vətəndaşı olmaq hər birimizdə qürur hissi yaradır.
Bu gün hər bir azərbaycanlı ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan, düşmən üzərindəki qələbələrdən fərəh hissi keçirir. Ən başşlıcası isə dövlətimizin idarəçilik sükanı etibarlı əllərdədir. Biz dövlətimizin başçısı ilə sıx həmrəylik və birlik nümayiş etdirərək, qələbəmizi daha da yaxınlaşdırmalıyıq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan — Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində dediyi kimi, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında.
Müraciətdə qeyd edilir ki, bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi.
İstər Aprel döyüşlərindən, istərsə də Tovuz rayonundakı düşmən təxribatından sonra on minlərlə ölkə vətəndaşı Ali Baş Komandana müraciət edərək könüllü olaraq cəbhəyə getməyə, orduya dəstək verməyə hazır olduğunu bildirib. Birinci vitse –prezidentin qeyd etdiyi kimi, bu vətənpərvərlik, həmrəylik hər birmizdə qürur hisi yaradır. Bu birlik, ruh yüksəkliyi və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir.
Belə bir məqamda bəzi xəyanətkarların, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən satqınların sosial şəbəkə vasitəsilə ordumuzu gözdən salan yalan məlumatlar yaymaları, saxta profillərlə ölkədə qarşıdurma yaratmaq cəhdi “erməni dəyirmanına su tökmək”dir. Düşmən qüvvələr, bədxah insanlar , bəzən sadəcə paxıl və qərəzli dairələr bundan vicdansızcasına istifadə edərək, təxribat xarakterli materiallar yayırlar. Çirkin məqsədləri hər kəsə aydındır: çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaq. Təbii ki, bu, həmişə xülya olaraq qalıb və hər dəfə də puç olub.
Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyini, Ermənistan ordusunu darmadağın etdiyini, onların Azərbaycan ərazisinə bir qarış belə girə bilmədiyini görməmək korluqdur. Belə bir vaxtda üçüncü ölkələrdə gizlənərək,
Azərbaycan mövqelərinin “darmadağın edildiyi” barədə yalan məlumat yaymaq əsl azərbaycanlıya xas olan xüsusiyyət deyil. Azərbaycanda, guya, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridənlər özlərini necə azərbaycanlı adlandıra bilərlər.
Mehriban xanımın müraciəti hər bir soydaşımız üçün örnək olmalıdır: “Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur. Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!”.
Çingiz QƏNİZADƏ,Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir