ABŞ-ın PKK ilə neft anlaşması Türkiyənin Bakıya dəstəyinə cavabdır?

Dünya Siyasət

Ekspertlər hesab edirlər ki, PKK-nın maliyyə əldə edə bilməsi Qafqazda da xeyli fəallaşan Ankaraya təhlükədirABŞ-a məxsus “Delta Crescent Energy LLC” ilə YPG/PKK-nın təsiri altında olan qondarma Suriya Demokratik Qüvvələri (SDG) rejimi arasında neft hasilatı, emalı və ticarəti ilə bağlı müqavilə bağlanıb.
Türkiyənin Xarici İşlər Nazirliyi etirazını bildirib və bəyanatda beynəlxalq hüquqa məhəl qoymayan ABŞ-ın razılaşmasının qəbul edilməyəcəyi vurğulanıb. “Suriyanın təbii sərvətləri Suriya xalqına aiddir” – deyə qeyd olunan bəyanatda PKK/YPG terror təşkilatının bu addımı Suriya xalqının təbii sərvətlərini ələ keçirərək separatçı əməllərini davam etdirmək məqsədi kimi qiymətləndirilib.
Suriya Xarici İşlər Nazirliyi də sazişi qanunsuz bir akt adlandırıb. ABŞ Dövlət katibi Mayk Pompeo isə müqaviləni dəstəklədiklərini açıqlayıb.
Türk siyasi şərhçilər isə iddia edirlər ki, Amerika şirkətinin bu addımı əslində Ankaranın geopolitika siyasətinə cavabdır. Onların fikrincə, ABŞ Türkiyə sərhədində yeni kürd anklavı yaratmaq üçün planı işə salıb.
Eyni zamanda, Türkiyənin təkcə Liviyada deyil, Cənubi Qafqazda da fəallaşması Vaşinqtonun ürəyincə deyil. Türk ekspertlər hesab edirlər ki, Tovuz döyüşlərində Ankaranın Bakıya verdiyi açıq dəstək, Azərbaycanla birgə keçirilən hərbi təlimlərə görə  ABŞ YPG/PKK ilə neft anlaşması imzalayaraq buna bir cavab vermiş olur.

Mən də koronavirusdan sonra dünyanın dəyişəcəyini düşünürdüm ...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, bu saziş Amerikanın kürd silahlı qruplaşmalarını tanımasını, onlarla əməkdaşlıq etməsini bir daha göstərir. “Doğrudur, həmin anlaşmada böyük məbləğdən söhbət getmir. Amma PKK və YPG Suriyanın neftlə zəngin olan 60-70 faizinə nəzarət edir. Çox maraqlıdır ki, həmin şirkət ABŞ-da tanınmır və Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olması istisna deyil. Bu da sazişin arxasında Pentaqon, MKİ və Dövlət Departamenti dayandığını deməyə əsas verir.
Yəni ABŞ-ın xeyir-duası olan sazişdir. Bununla Amerika Suriyanı parçalayır. Onsuz da parçalanmış şəkildədir. Amma Rusiya, İran və Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Baxmayaraq ki, Ankara Əsəd rejimini qəbul etmir”.
E.Şahinoğlunun fikrincə, PKK-nın hər il bu anlaşmadan maliyyə, silah-sursat əldə edə biləcəyi Türkiyə üçün təhlükədir: “Son illərdə PKK türk ordusundan çox böyük zərbə alıb. Amma bu saziş imkan verəcək ki, özlərini dirçəldə bilsinlər. Sadəcə, PKK və YPG-nin nəzarət etdiyi ərazilər əbədi deyil. Burada Rusiya faktorunu nəzərdən keçirmək lazımdır. Moskva Əsədə dəstək verməklə yanaşı silahlı kürdlərlə əməkdaşlığı da düşünürdü. Amma PKK ilə YPG seçimini edib və Rusiya hakimiyyəti bundan sonra Əsədi daha çox qorumağa çalışacaq.
Bu həm də Türkiyəyə bir imkan yaradır ki, ABŞ terrorçuları maliyyələşdirirsə, o da Suriyada nəzarət etdiyi ərazilərdə istədiyini həyata keçirsin”.

Azad İsazadə: “İnsanlar rəqəmləri eşitmək istəmirlər”

Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, məsələyə təkcə Tovuz döyüşləri kontekstindən yox, daha geniş baxmaq zərurəti var. Onun dediyinə görə, Türkiyə ABŞ-ın müttəfiqi olsa da, Vaşinqton üçün idarəolunmaz müttəfiqdir: “Çünki Ankara bəzən öz maraqları naminə müttəfiqi olan Amerikanın ziddinə gedərək tədbirlər görür. Ona görə Vaşinqton PKK-nın yanında dayanmaqla Türkiyəni idarə edilən müttəfiq statusuna keçirmək istəyir. Hətta Türkiyə bəzən Suriyada maraqlarını güdmək üçün ABŞ maraqları ilə toqquşur”.
A.İsazadə deyir ki, Cənubi Qafqaz Yaxşı Şərqlə birləşib və qaynar regiona çevrilir: “Türkiyə istər Cənubi Qafqazda, istər Yaxın Şərqdə aktiv rol oynayır. Amma Ankaranın Qafqazda fəallaşması daha çox Rusiyanı narahat etməlidir. İstər Azərbaycanda, istər Gürcüstanda…”

Ramiyə Məmmədova: “Türkiyə bu məsələni həll etmək niyyətindədir”

Politoloq Ramiyə Məmmədova Türkiyənin Cənubi Qafqazda fəallaşmasının daha çox Rusiyanı və Ermənistanı həyəcanlandırdığını düşünür. Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı maraqları tamamilə fərqlidir və Türkiyə ilə Yaxşı Şərqdəki toqquşmanı bizim regionla bağlamaq olmaz. “Türkiyənin Liviya, Suriya torpaqlarında apardığı mübarizəni Qafqazla eyniləşdirmək olmaz. Ankara və Bakı müttəfiqdir, qardaşdır, hər zaman köməyimizə gəlməyə hazırdırlar. Amma Yaxın Şərqdə fərqli proseslər cərəyan edir. Türkiyə kürd anklavının yaradıldığını görür və buna müqavimət göstərir. PKK ilə son neft anlaşması da təkcə Türkiyəyə yox, həm də Suriyaya qarşı yönəlib. Amerika İraqdan sonra bu ərəb ölkəsində də kürd muxtar hakimiyyəti qurmağa, onunla əməkdaşlığa davam edir. Üstəlik, bu neft anlaşması İran və Rusiyanı da qane etməyəcək”.
Qeyd edək ki, ötən il ABŞ Suriyada terror təşkilatı YPG/PKK-nın işğalındakı neft sahələrində olan hərbi baza və məntəqələrinə əlavə qüvvə göndərib. Suriyada neft sahələrində hərbi mövcudluğunu gücləndirməyi məqsəd götürən ABŞ ordusu terror təşkilatı YPG/PKK-nın işğalındakı bu bölgələrdə patrul xidmətini də davam etdirir.
ABŞ qüvvələri Suriyada Haseke, Rakka və Deyrizor vilayətlərində YPG/PKK işğalındakı bölgələrdə cəmi 11 baza və hərbi məntəqədə xidmət göstərir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir