Prezident koronavirusdan necə qorunur? – TƏHLİL

Gündəm Siyasət

Azərbaycanda koronavirusa qarşı mübarizədə dövlətin atdığı addımlar yoluxma hallarının istər region, istərsə dünyanın müxtəlif ölkələri ilə müqayisədə aşağı səviyyədə olması ilə nəticələnib. Lakin əsas məsuliyyət yenə də vətəndaşların üzərinə düşür. Tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına əməl etmək. Özümüzü yalnız bu halda təhlükədən sığortalaya bilərik.

Prezident İlham Əliyevin iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı vətəndaşlara etdiyi müraciət koronavirusa yoluxmamaq üçün prioritet tövsiyə hesab oluna bilər. Sadə və effektli…

Azərbaycanda həkimlər üçün xüsusi geyimlərin, kombinezonların, eləcə də tibbi maska və dezinfeksiya vasitələrinin istehsal olunduğuna diqqət çəkən dövlət başçısı bildirib ki, bununla yanaşı, tibbi maskaların xaricdən idxalı da həyata keçirilir.

Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”, – dövlət başçısı vurğulayıb.

Prezidentin bu çıxışı özündə iki mühüm istiqaməti əks etdirir.

1. Vətəndaşlar koronavirusdan necə qoruna bilər?

– Hər kəs şəxsi sağlamlığı üçün qapalı məkanlarda mütləq şəkildə tibbi maskadan istifadə etməlidir;

– Açıq havada maskadan istifadə tövsiyə olunur, lakin bu vətəndaşın şəxsi seçimidir və burada yaxın təmasın olub-olmadığı həlledici amildir;

– Sosial məsafənin saxlanılması həyati əhəmiyyətlidir;

– Şəxsi gigiyenaya diqqət edilməli, dezinfeksiya vasitələrindən istifadə olunmalıdır;

Tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və şəxsi gigiyenaya ciddi əməl etmək. Həkimlərin yekdil rəyi bu üç amilin virusdan qorunmaqda ən effektiv vasitə olduğunu təsdiqləyir. Çünki dövlət başçısının da qeyd etdiyi kimi, koronavirus yoxa çıxmayıb. Peyvənd tapılana qədər hər kəs həyatını bu virusla mübarizə üzrə qurmalıdır.

Beynəlxalq araşdırmalar və dünya tibbi Prezident İlham Əliyevin vurğuladığı üç əsas addımın – tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına əmək etmək – koronavirusla mübarizənin vazkeçilməz və ən effektli vasitə olduğunu təsdiqləyir.

“Lancet” tibb jurnalında yayımlanan araşdırmaya görə, virusun 1 metr məsafədən ötürülmə riski 12,8 faiz, 1 metrdən uzaq məsafədən ötürülməsi riski isə 2,6 faizdir. Ən təsirli məsafə 2 metr və daha çoxdur. Eyni zamanda tibbi maskadan istifadə etmədikdə virusa yoluxma riski 17,4 faiz, əks təqdirdə 3,1 faizdir.

6 qitənin 16 ölkəsində aparılan və 172 araşdırmaya əsaslanan bu tədqiqatın rəhbəri, Kanadada McMaster Universitetinin kliniki epidemiologiya və tibb professoru Holger Shunemann deyir ki, tədqiqat xəstəxanada virusa yoluxmuş xəstələrə xidmət edən tibb işçiləri, eləcə də virusa yoluxmuş insanla eyni evdə yaşayanlar arasında da aparılıb. Xəstələrlə daim bir yerdə olan belə insanlar sosial məsafəni saxlamaq, tibbi maskadan istifadə etmək və gigiyena qaydalarına əmək etməklə virusa yoluxmayıblar.

Britaniya Kral Cəmiyyətinin sifarişi ilə çoxsaylı alimin təmsil olunduğu tədqiqat qrupunun hazırladığı “Məlumatların qiymətləndirilməsi və viral epidemiyların öyrənilməsi” hesabatında da COVİD-19-dan qorunmağın əsas yolunun məhz tibbi maskaların, hətta ev şəraitində hazırlanmış üz masklarının olduğu qeyd olunur.

Təhlillərimiz sosial məsafənin saxlanılmasının mümkün olmadığı vəziyyətlərdə insanların tibbi maskadan istifadəsinin onların virusa yoluxma riskini azaltdığını təsdiqləyir”, – tədqiqatçılar bildirirlər.

Oxford Universitetinin Sağlamlıq Elmləri Bölməsinin professoru Trişa Greenhalq da hesab edir ki, həm laboratoriya tədqiqatları, həm də insanlar arasındakı araşdırmalar tibbi maskanın yoluxucu xəstəliklərdən qoruduğunu təsdiqləyir.

Prezident İlham Əliyevin vurğuladığı üç amilin – tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və gigiyena qaydalarına əməl etməyin virusa yoluxmanın qarşısını almaqda ən vacib vastələr olduğunu təsdiqləyən minlərə tədqiqatlar və sübutlar var. Ümumdünya Səhiyyə Təşkilatı da bütün dünya əhalisinə virusdan qorunmaqda bu üç vasitəni tövsiyə edir.

Dövlət başçısının xalqa müraciətində vətəndaşlardan bu qaydalara əməl etməyi xahiş etməsi isə Azərbaycan insanının sağlamlığının qorunması məqsədindən irəli gəlir. Və Prezidentin çıxışında ikinci istiqamət də bu kontekstdə diqqət çəkir.

2. Vətəndaşlara örnək.

Dövlət başçısı bildirir ki, “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində”.

Bu, hər bir vətəndaş üçün örnək xarakteri daşıyır. Çünki dövlət başçısının sağlamlığının dövlət əhəmiyyətli məsələ olduğunu və Prezidentin koronavirusdan qorunmaq üçün məhz tibbi maskadan istifadə etdiyini nəzərə alsaq, vətəndaşların virusdan qorunmaq üçün sadəcə ölkə rəhbərinin yolu ilə getməsi kifayət edir. Prezident İlham Əliyevin Tərtərə və Ağcabədiyə səfəri zamanı, həmçinin, üç modul tipli xəstəxananın açılışında tibbi maskadan istifadə etməklə bu nümunəni göstərdi.

Bu gün həm özümüzü, həm doğmalarımızı, həm də Azərbaycanı koronavirusdan qorumağın yolu sadədir: Tibbi maskadan istifadə edin, sosial məsafə saxlayın və gigiyena qaydalarına əməl edin…

Asif Nərimanlı

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir