Deputat: “Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyində dönüşün başlanğıcı oldu”

AKTUAL Cəmiyyət Gündəm Siyasət

“Milli Qurtuluş günü kimi müasir tariximizə daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Məclisinin sədri seçilməsi ölkəmizin taleyində dönüşün başlanğıcı oldu. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin müstəqilliyi möhkəmləndi, bütün sahələrdə dirçəliş baş verdi”.

Bunu Milli Qurtuluş günü ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

A.Məmmədov bildirib ki, 15 İyun – Milli Qurtuluş günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir: 

“Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda xalqın maraqlarına uyğun olmayan vəziyyət hökm sürürdü. Ölkənin belə ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Xalqın bu niyyətini qəbul edən Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlər qısa zamanda nəticəsini verdi.

Nizami ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələr işə salındı. İqtisadi potensialımızdan səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr əldə edildi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir vaxtda Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunması isə azadlığımızın, müstəqilliyimizin saxlanması, qurtuluşu deməkdir. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş günü kimi qeyd edir”.

Millət vəkili bildirib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir:

“Cənab Prezidentin rəhbərliyi altında bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bunu ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, forumlar və s. dünya əhəmiyyətli işlər bir daha sübut edir. Eyni zamanda, Azərbaycan Prezidentinin zaman-zaman ən sərt dildə erməni işğalına qarşı çıxışları, ordumuzun hazırlıq vəziyyəti xalqımızda, o cümlədən, kəlbəcərlilərdə yurda dönmək ümidini hər gün daha da artırır. İnanırıq ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqını işğal olunmuş torpaqlarımıza qaytaracaq”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir