Əliyev Özbəkistana gedir: Danışıqlar masasına qoyulacaq mövzular – TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana səfər edəcəyi gözlənilir.

İlham Əliyevin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə aparacağını deyə bilərik.

Həmçinin ikitərəfli münasibətlər lövhəsində perspektiv üçün tərəfdaşlığı genişləndirmək mexanizmləri danışıqların mövzusu olacaq.

Öncəliklə, nəzərə almaq lazımdır ki, dövlətlər arasında ikitərəfli münasibətlərin inkişafına təkan verən amillərin başında iqtisadi əlaqələrin gücləndirilməsi dayanır.

Bakı-Daşkənd iqtisadi marşrutunda 2021-ci il üzrə ticarət dövriyyəsinin həcmi 20 milyon manatdan çox təşkil edib və amma ixrac-idxal balansında kəskin fərq mövcuddur.

Belə ki, ticarət dövriyyəsinin həcmində Özbəkistandan Azərbaycana idxal edilən mallar daha çoxdur, bunun dəyəri 2021-ci il üçün 17 milyon manatdan çox olub.

Azərbaycan isə Özbəkistana cəmi 3 milyon manatdan çox mal ixrac edib, indi isə ikitərəfli münasibətlərin gündəliyində ticarət dövriyyəsinin həcminin genişləndirilməsi ilə yanaşı idxal-ixrac balansındakı fərqin aradan götürülməsi də müzakirə mövzusu ola bilər.

İqtisadi münasibətlərdə boşalan bağların bərkidilməsi Mərkəzi Asiya uğrunda sürətlə böyüyən qlobal rəqabət fonunda dəyər qazanacaq bu regionda Türk Dövlətləri Təşkilatının maraqlarının güclənməsinə gətirib çıxaracaq.

Azərbaycanla Türkiyənin strateji müttəfiqlik müstəvisindəki birgə xarici siyasət xəttində Türk Dövlətləri Təşkilatının kollektiv hərbi güc yarada bilməsi planları var və İlham Əliyevin səfərində hərbi əməkdaşlıqda yeni səhifələrin açılması da müzakirə olunacaq.

Azərbaycanla Özbəkistanın münasibətlərinin strateji ruhu 2004-cü ildə imzalanan “Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında” Bəyannamədə öz əksini tapıb, hərçənd ki, indi onun təzələnməsinə və maddələrinə hərbi əməkdaşlıqla bağlı məsələlərin daxil edilməsi ehtiyacı da yaranır.

Azərbaycanla Özbəkistan xüsusi və hərbi daşınmaların, beynəlxalq nəqliyyat, telekommunikasiyalar və rabitənin təhlükəsizliyinin təmin edilməsində hüquqi bazaya sahibdir, ancaq bu münasibətlər hələ ki, özünün qədəmlərini hərbi sfera sahəsinə əhəmiyyətli dərəcədə keçirə bilməyib.

2018-ci ilin oktyabrında iki ölkə arasında Hərbi Əməkdaşlıq Planı imzalansa da, bunun sazişə çevrilməsi prosesi baş tutmayıb, bu baxımdan deyə bilərik ki, Əliyev-Mirziyoyev görüşündə həmin məsələ müzakirə predmeti olacaq.

Obyektivi bir az da böyütsək, geniş planda Azərbaycan-Özbəkistan əlaqələrinin dərinləşməsi Rusiya, Qərb və Çinlə münasibətlərdə tarazlaşdırıcı alternativ rolu oynayacaq.

Bu alternativlik Türkiyənin Mərkəzi Asiyada rolunu artırmasının fonunda Türk Dövlətləri Təşkilatının əhəmiyyətini çoxaldacaq.

Ankaranın formulu regionda qlobal təzyiqləri aşağı endirməklə paralel əlaqələri şaxələndirməkdən ibarətdir.

Azərbaycan-Özbəkistan münasibətlərindəki xoş hərarət həmin şaxələndirilmənin hərəkətverici qüvvəsinin bir detalına çevrilə bilər.

Türkiyə mexanizmi bu cür qurur:

– Mərkəzi Asiyada elm-təhsil, iqtisadiyyat sahələrinə sərmayəni artırır,

– Azərbaycanla birgə Türk Dövlətləri Təşkilatının maraq dairəsini Mərkəzi Asiya regionuna yönəldir,

– Bununla strateji maraqlarını təmin edir və regionda Rusiya, Çin və Qərbin tələblərinə qarşı balanslaşdırıcı amil kimi çıxır.

Əliyevin Özbəkistana səfəri kontekstində verə biləcəyimiz PROQNOZLAR:

Azərbaycanla Özbəkistanın əməkdaşlıq mətnində səhifələr çevriləcək. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən yeni tezisləri formalaşdıracaq.

Türk Dövlətləri Təşkilatında Özbəkistanın hansı zəruri addımlar ata biləcəyi dəqiqləşdiriləcək və görüşün nəticələri barədə Türkiyə ilə fikir mübadiləsi aparılacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.