Ərdoğan: “İlham Əliyev Cənubi Qafqazdakı müsbət addımları davam etdirməkdə qərarlıdır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən “Böyük İyirmilik” (G20) sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

O, Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Qarabağ məsələsinin də müzakirə mövzusu olduğunu bildirib.

Ərdoğanın sözlərinə görə, mövzunu gündəmə gətirən Makron olub.

“Bildirdim ki, ötən həftə orada idik. Hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və hörmətli İlham Əliyev qardaşımız bu addımları davam etdirməkdə qərarlıdır”, – deyə Türkiyə prezidenti qeyd edib.

O, fransalı həmkarı ilə söhbətində altılıq platforması ideyasını da müzakirə edib.

“Görüşdə bölgədə altılıq platformasının yaradılması məsələsi də gündəmə gəldi. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və bu ölkələrlə bərabər Ermənistan da bu təklifi qəbul edərsə, regionda bir sülh platforması formalaşdırmış olarıq”, – deyə Ərdoğan bəyan edib.

Xatırladaq ki, dünən baş tutan G20 Sammiti çərçivəsində Türkiyə dövlət başçısı Makronla yanaşı, ABŞ prezidenti Co Bayden, Almaniya Kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və digər şəxslərlə ikili görüşlər keçirib.  

Mənbə: TRT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir