Ərdoğandan Qarabağ barədə yeni BƏYANAT: Mesaj hara ünvanlanıb? – TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sakaryada tank zavodunun əməkdaşları ilə söhbətində səsləndirdiyi bəyanatlar Ankaranın bölgədə dayanıqlı güc mərkəzi kimi qalacağına işarədir.

Ankara Liviyada, Şərqi Aralıq dənizində, Suriyada, İraqda hərbi iştirakını və siyasi iradəsini gücləndirdikdən sonra regional gücə çevrilə bildi, indi isə yeni coğrafiyaya – Cənubi Qafqaza da pənah gətirib.

Türkiyə Ağdamdakı atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzində Rusiya ilə bərabərhüquqlu mövqeyə malikdir, bununla belə Ankaranın bölgədə hərbi iştirakı Moskva ilə nisbətdə məhduddur.

İndi Ərdoğan Türkiyənin hərbi aktivliyini artırmağa mane olan “zəncirləri” qırmaq istəyir və zamanla bunun gerçəkləşəcəyi qaçılmaz hala gəlir.

Türkiyə liderinin çıxışında “Biz Liviyada da, Azərbaycanda da varıq, Suriyada da Şərqi Aralıq Dənizində də varıq, olmağa da davam edəcəyik” deməsi də Ankaranın xarici siyasət strategiyasının perspektiv planlarının ümumiləşdirilmiş bəyanıdır.

Ərdoğanın açıqlaması Antalyada baş tutan Mövlud Çavuşoğlu-Sergey Lavrov görüşü kontekstində diqqət çəkir.

Onu göstərir ki, Rusiya ilə Türkiyə arasında Qarabağa dair fikir ayrılıqları çoxdur və Çavuşoğlu-Lavrov görüşündə Kreml Ankaranı hərbi iştirakı məhdudlaşdırmaq üçün inandırmağa çalışıb.

Lakin Ankara Moskvadan gələn bu mövqelərə etibar etmir və regionda güclənmək üçün hərbi iştirakı mütləq zərurət hesab edir.

Kremlin narahatlıqları Şuşa Bəyannaməsindən sonra artmağa başlayıb, rəsmi səviyyədə açıq deyilməsə də, Rusiya hakimiyyətinə yaxın resurs və ekspertlər tərəfindən bu qısqanclıq dilə gətirilir.

Bu mənada Ərdoğanın açıqlaması eyni zamanda Şuşa Bəyannaməsinin praktiki icrasında Ankaranın prinsipial və qətiyyətli mövqedə dayanacağının göstəricisidir.

Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin yeni geosiyasi şərtlər altında Türkiyə tərəfindən zəmanətə alınmasıdır.

Bu kontekstdə cənab Ərdoğanın “var olacağıq” ismarıcı Bakı üçün də əhəmiyyətli hesab olunur:

1. Ərdoğan əslində bildirir ki, Qarabağda bundan sonra genişmiqyaslı təxribatlar olarsa, Ankara birbaşa müdaxilə imkanlarından yararlanacaq,

2. Böyük güclər, o cümlədən Rusiya və Qərb Azərbaycanın müharibədə qazandığı qələbədən sonra Türkiyə ilə hesablaşmağa məcburdur.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir