Ərdoğanın Azərbaycana son səfəri zamanı verdiyi mesajlar – TƏHLİL + FOTO

44 günlük müharibədən sonra regionda yeni geosiyasi reallıqda Türkiyənin rolu artıb. İndiki halda gözə görünən üçtərəfli formatda Azərbaycan-Rusiya-Ermənistan var, amma burada gözə görünməyən dördüncü qüvvə də var ki…

Bu barədə “Kaspi” qəzeti yazır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana gəlişi ötən səfərlərdən çox fərqləndi. Ərdoğan Prezident İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını etdi. İki qardaş ölkə liderinin iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, “Dost Aqropark”ın təməli qoyulub. Daha sonra Zəngilanın Ağalı kəndində Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub və prezidentlər “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Politoloqlar, mətbuat isə bu səfərin əhəmiyyətini müzakirə etməkdədir. 

Siyasi və mənəvi dəstək

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “Bu iki qardaş ölkənin münasibətləri dünyanın digər dövlətləri üçün bir örnəkdir. Yaxşı xatırlayırıq, münaqişənin mövcudluğu dövründə Türkiyə hər zaman Azərbaycana siyasi və mənəvi dəstək verdi. Bütün mötəbər tribunalardan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini vurğuladı. Azərbaycan öz resursları, hərbi qüdrəti hesabına torpaqlarını işğaldan qurtardı və ərazilərdə tikinti quruculuq işlərinə başladı. Bu işlərdə yenə də Azərbaycana dost, qardaş ölkələr, o cümlədən Türkiyə də yaxından iştirak edirlər”.

Birgə bəyanata həssas yanaşma

Deputatın sözlərinə görə, cənab Prezidentin strateji baxışı həm də onu hədəfləyir ki, işğaldan azad olunan əraziləri qısa zaman kəsiyində məskunlaşdıraq: “Təbii ki, orada əhalinin yaşaması və təhlükəsizliyin təmin edilməsi, iş yerlərinin olması üçün ilk olaraq infrastruktur qurulmalıdır. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun qurulması istiqamətində Azərbaycan çox böyük fəallıq nümayiş etdirir. Bununla həm də ölkəmiz göstərir ki, ötən ilin noyabr ayının 10-da imzalanmış birgə bəyanatın şərtlərinə də dəqiqliklə əməl edir, həssas yanaşır. Çünki həmin sənədin əsas bəndlərindən biri də ərazilərdə nəqliyyat kommunikasiyasının yaradılmasıdır. Ölkə prezidenti ilkin olaraq Füzulidə hava limanının tikilməsi haqqında qərar verdi. Bu, olduqca strateji bir qərar idi. Nəzərə almaq lazımdır ki, Füzuli coğrafi baxımdan strateji mövqelərə malikdir və orada digər ərazilərimizə – Cəbrayıl, Zəngilan, Ağdam, Şuşa istiqamətində unikal kommunikasiya imkanları mövcuddur”.

Dünya görəcək ki…

E.Mirbəşir vurğuladı ki, Füzuli hava limanının tikintisi və onun açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı olduqca böyük mesaj yüklüdür: “Hər şeydən öncə qardaş Türkiyə və prezident Ərdoğan nümayiş etdirir ki, Azərbaycanın yanındadır. Füzuli hava limanının açılışının edilməsi və bu prosesdə iki ölkə prezidentinin birgə iştirakı dünyanın diqqətini daha çox həmin ərazilərə çəkir. Bu, çox böyük təsir gücünə malik olacaq. Dünya görəcək ki, Azərbaycan öz ərazilərində olduqca böyük sürətlə quruculuq işləri görür. Erməniləri təxribatlar törətməyə sövq edən dünyanın bəlli mərkəzləri artıq qəbul etmək məcburiyyətində qalacaqlar ki, Azərbaycan öz ərazilərinin sahibidir. 30 il müddətində Qərbin bəzi dairələri çox gözəl bilirdilər ki, Ermənistan Azərbaycanın işğal altında saxladığı əraziləri minalar tarlasına çevirdi. Azərbaycan isə o minaları təmizləyir və həm də paralel olaraq ərazilərdə quruculuq işlərini həyata keçirir. Hesab edirəm ki, Ərdoğanın səfəri, əsasən, bu mənada çox təsirli olacaq.

Azərbaycanın gücünün göstəricisi

Ərdoğanın Füzulidə hava limanının açılışında iştirakının subliminal mesajlarını da sadalamaq istərdim. Birincisi, Azərbaycanla Türkiyə bir yerdədirlər. İkincisi, dünya görəcək ki, Azərbaycan işğaldan azad etdiyi ərazidə hava limanını qısa zaman kəsiyində inşa edib istifadəyə verdi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, belə bir təhlükəli ərazilərdə qısa zaman kəsiyində hava limanının istifadəyə verilməsi təcrübəsinə, ümumiyyətlə, dünyada rast gəlinməyib.  Bu, Azərbaycanın gücünün göstəricisidir. Füzuli hava limanı bundan sonra Azərbaycanın qərb sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında olduqca təsirli rola malik olacaq”.

“Cənubi Qafqazda Türkiyənin iştirakı ilə…”

Politoloq Fərhad Məmmədov bildirdi ki, Türkiyə prezidentinin növbəti dəfə azad olunmuş ərazilərə səfəri işlərin aparılması ilə tanışlıqdır: “Ərdoğanın səfəri çərçivəsində böyük infrastruktur layihəsi olan Füzuli beynəlxalq hava limanının açılışı oldu. Zəngilanda “ağıllı kənd”lə tanışlıq və aqroparkın təməli qoyuldu. Ən əsası isə səfərin strateji əhəmiyyətini izah edən və Zəngəzur dəhlizinin önəmli bir parçası olan Horadiz-Ağbənd avtomobil yolunun təməlinin qoyulması mərasimi baş tutdu. Yəni bununla da, Cənubi Qafqazda Türkiyənin iştirakı ilə və Türkiyə istiqamətində olan böyük bir infrastruktur layihəsinin təməli qoyuldu”.

“Hədəflərlə bağlı bütün tədbirlər reallaşır”

F.Məmmədov qeyd etdi ki, Ərdoğanın səfəri ciddi bir mesajdır: “Mesaj da ondan ibarətdir ki, 44 günlük müharibədən sonra regionda yeni geosiyasi reallıqda Türkiyənin rolu artıb. İndiki halda gözə görünən üçtərəfli formatda Azərbaycan-Rusiya-Ermənistan var, amma burada gözə görünməyən dördüncü qüvvə var ki, bu da Türkiyədir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın hər hansı bir fəaliyyəti Türkiyə ilə uzlaşdırılmış formada həyata keçirilir. Bütövlükdə Ərdoğanın bu səfəri, Azərbaycan və Türkiyənin sürətlə həyata keçirdikləri layihələr onu göstərir ki, qarşıya qoyulmuş hədəflərlə bağlı bütün tədbirlər reallaşdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir