“Əsgərlərin kitabla təminatı vacibdir” – Millət vəkili “Əsgərə kitab” layihəsini alqışladı

Sabir Rüstəmxanlı: “Bu cür layihələr yalnız təqdir edilə bilər”

Hədəf Nəşrləri, XAN nəşriyyatı və Kitabevim.az Şuşadakı əsgərlərə kitab tədarükünə hazırlaşır. “Əsgərə kitab” layihəsində məqsəd hərbi qulluqçuların asudə vaxtını daha səmrəli keçirməsini təmin etməkdir. Layihədə hər bir vətəndaş iştirak edə, bu kampaniyaya öz töhfəsini verə bilər.

“Əsgərə kitab” layihəsinin həyata keçirilməsi maarifçilik ənənəsinin təbliği, hərbçilərin mütaliəyə marağının artırılması, intellektual səviyyəsinin yüksəldilməsi baxımından mühüm bir addım kimi dəyərləndirilə bilərmi?

Millət vəkili Sabir Rüstəmxanlı bu addımı təqdir etdiyini vurğuladı:

“Təbii ki, bu cür layihələrin həyata keçirilməsi ancaq alqışlana bilər.

Azərbaycan ordusunun ilkin quruculuq illərində, təxminən 1993-1994-cü illərdə hərbi hissələrimizi gəzən zaman bir çox hərbi hissənin kitab, qəzet almadığına şahid olduq. Biz o zaman belə bir təşəbbüslə çıxış etdik ki, hərbi hissələrdə kitabxanalar yaradılsın. Bu barədə mediada da çoxlu yazılar getdi. Biz bəlli bir müddətdə hərbçilər üçün 4-5 maşın kitab yığdıq. O zaman müşahidə etdik ki, bu kitabları daha çox müharibə iştirakçıları, yaşlı adamlar gətirir. Biz o kitabları Müdafiə Nazirliyinə göndərdik. Lakin təəssüflər olsun ki, Müdafiə Nazirliyi bu kitabların taleyi haqqqında bizə heç bir məlumat vermədi.

Hədəf Nəşrləri, XAN nəşriyyatı və Kitabevim.az-ın hərbçilərlə bağlı belə bir layihə həyata keçirməsi, bu cür təşəbbüslə çıxış etməsini alqışlayıram. Lakin bu məsələdə Müdafiə Nazirliyinin əlaqədar şəxsləri də yaxından iştirak etməli, kitabların öz ünvanına çatmasını təmin etməlidir.

Əsagərləri kitabsız, mediasız qoymaq olmaz. Hərbi hissələrdə bu kitabların yığılması olduqca vacibdir. Baxın, bütün məşhur sanatoriyalarda zəngin kitabxanalar var. 15-20 gün müddətində sanatoriyaya gələn şəxs kitabsız qalmır. Bu baxımdan bir il, ilyarım müddətində hərbi xidmətdə olan şəxslərin kitabla təminatı olduqca zəruridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir