Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müşayiəti ilə siyasi partiya liderlərindən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərində “Müsavat” partiyasının nümayəndələri olmayıb.
“Müsavat” partiyasının lideri Arif Hacılı Demokrat.Az-a müsahibəsində bunun səbəblərini açıqlayıb.
Partiya sədri etiraf edib ki, onlara Prezident Administrasiyası tərəfindən digər partiya liderləri ilə birgə Ağdam rayonuna səfər etmək barədə təklif daxil olub.
Lakin “Müsavat” bu təklifi qəbul etməyib. Arif Hacılı hesab edir ki, siyasi partiyaların, ölkə vətəndaşlarının Azərbaycan ərazisinə getmək üçün xüsusi müşayiətə ehtiyacı yoxdur.
Caliber.az-ın xəbərinə görə, nəzərə alsaq ki, istənilən Azərbaycan vətəndaşının hazırkı məqamda işğaldan azad edilmiş ərazilərə səfəri risklərlə müşahidə olunur və ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir, A.Hacılının bu izahı ən azından ciddi qəbul oluna bilməz.
Və aydındır niyə. İşğaldan azad edilmiş ərazilər hələ minalarla doludur.
Hacılının digər arqumenti də kifayət qədər şübhə doğurur. Guya o, Şuşaya səfər etmək üçün şəraitin təmin edilməsini istəyib, amma onun müraciəti cavabsız qalıb.
Ancaq siyasi xadim, aparıcı müxalifət qüvvəsi olmağa iddia edən partiyanın lideri üçün azad edilmiş şəhər və kəndlərimizi hansı növbədə ziyarət etməyin necə prinsipial əhəmiyyəti ola bilər? Yoxsa Qarabağ xanlarının dəfn olunduğu, Qarabağ müharibəsi şəhidlərinin, Azərbaycanın əfsanəvi milli qəhrəmanlarının məzarlarının yerləşdiyi Ağdam Arif Hacılının öz ziyarəti ilə şərəfləndirməsinə layiq şəhər deyil?
“Müsavat” liderinin açıqlamasını oxuyarkən istər-istəməz ortaya çıxan bütün bu suallar, əlbəttə ki, ritorik xarakter daşıyır. Üstəlik, Hacılının müsahibəsindəki əsas fraza onun Ağdamı ziyarət etməmək qərarının əsl səbəbi barədə heç bir şübhə yeri qoymur.
Hacılı rəhbərlik etdiyi partiyanın Prezident Administrasiyası tərəfindən yaradılan “Siyasi partiyaların liderləri” formatında ümumiyyətlə iştirak etmədiyini xatırladıb. Başqa sözlə, o, təsdiqləyir ki, “Müsavat” hətta Qarabağın azad edilməsi və dirçəlişi kimi ümummilli bir məsələdə belə partiyalararası dialoqdan imtina edir. Nəticə olaraq Hacılı və onun ətrafı üçün kiçik qrup maraqları prioritet olaraq qalmağa davam edir. İşğaldan azad olunmuş torpaqlar onlar üçün vacib deyil. Görünür, elə Qarabağın Azərbaycanın tərkibində olması da…