Eldar Quliyev: “Prezident İlham Əliyevin təqdim etdiyi konsepsiyalar Azərbaycanın yeni yaratdığı reallıqların əhatəsində daha sürətli inkişafını təmin edəcək”

Siyasət

“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə və bu nədənlə Cənubi Qafqazda yaranmış yeni reallıqlar ölkəmizin qarşısında indiyədək görünməmiş iqtisadi inkişaf perspektivləri açıb. Əlbəttə ki, bu imkanlardan maksimal şəkildə yararlanaraq Azərbaycan daha qüdrətli bir dövlətə çevriləcək. Lakin bütün bunlara nail olmaq üçün ilk növbədə yaranmış imkanları, o cümlədən işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını düzgün qiymətləndirmək və ən əsası da bütün sahələr üzrə gələcək fəaliyyət proqramını konseptual formada müəyyənləşdirmək tələb olunur. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş Milli Prioritetlər, eləcə də dövlət başçısının YAP-ın VII qurultayında təqdim etdiyi konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb edir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev deyib.

İlk növbədə millət vəkili bildirib ki, Azərbaycan otuz il ərzində öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək üçün bütün mövcud imkanlardan istifadə edib. Lakin dünyada mövcud olan ermənipərəst qüvvələrin ardıcıl müdaxilələri səbəbilə münaqişənin sülh yolu ilə həlli mümkünsüz olub. Nəticədə Azərbaycana problemin həlli üçün məhz hərbi əməliyyatlara başlamaqdan başqa bir seçim buraxılmayıb: “30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Biz onu məcbur etdik. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.”

Daha sonra professor Eldar Quliyev Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi şərtləndirən əsas amillər barədə danışaraq, bu yönümdə 2003-2020-ci illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı hazırlıq işlərinin həlledici rol oynadığını vurğulayıb: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövrə mövcud reallıqlar prizmasından baxdıqda, 17 il davam edən bu zaman kəsiyinin ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olduğunu aydın görmək olar. İşğalın davam etdiyi 30 il ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Təsəvvür etmək belə çətindir ki, bu kimi bəyanatlar verdiyinə görə cənab Prezidentə qarşı necə güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini söylədi. Bu məsələ ilə bağlı mən xüsusilə bir məqamı vurğulamaq istəyirəm. Danışıqlar davam edən dövrdə beynəlxalq təşkilatlar Prezident İlham Əliyevə təkidlə və davamlı olaraq təklif edirdilər ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın. Bu təklifin mahiyyətində isə münaqişənin hərbi yolla həllini istisna etmək cəhdi dururdu. Təbii ki, dövlət başçımız buna razılıq vermədi və bundan sonra həmin qüvvələr ittiham formasında bəyan etdilər ki, Azərbaycan Prezidenti müharibəyə hazırlaşır. Bu ağır, hətta mən deyərdim ki, son dərəcə riskli məqamda da Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!”

Beləliklə, 2003-2020-ci illər ciddi hazırlıqlar dövrü idi. Öz çıxışlarında dövlət başçımızın da dəfələrlə qeyd etdiyi kimi, ilk növbədə biz müharibəyə mənəvi cəhətdən hazır olmalı idik. Buna görə də dövlət siyasətinin mühüm bir istiqaməti olaraq gənc nəslin tərbiyə edilməsində mənəvi hazırlıq xüsusilə son 17 ildə həlledici rol oynamışdır. Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi.

Əlbəttə ki, həyata keçirilən hazırlıq işlərinin ən mühüm istiqamətlərindən biri də iqtisadi sahəyə yönlənmişdi. Ölkənin iqtisadi gücü olmazsa heç nəyi etmək mümkün deyil. Eyni zamanda da bir ölkənin iqtisadi müstəqilliyi həm onun öz ərazi bütövlüyünü qorumaq baxımından, həm də siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Çünki onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Hərbi əməliyyatların gedişində müasir silahların, yüksək texnologiyaların geniş tətbiqi ilə dəqiq zərbələrin həyata keçirilməsi, əks-hücum əməliyyatlarında canlı qüvvə itkilərinin minimuma endirilməsi Azərbaycan Ordusunun yüksək hazırlığından və təchizatından xəbər verir. Keçirilən hərbi əməliyyatların bir unikallığı da bu oldu ki, Azərbaycan Ordusu düşmən tərəfindən beş ilə işğal edilmiş və növbəti 30 il ərzində müxtəlif hərbi-mühəndis qurğuları, müdafiə istehkamları, keçilməz mina sahələri vasitəsilə möhkəmləndirilmiş əraziləri cəmi 44 günə azad etdi. Bu həqiqətən də ordumuzun yüksək döyüş qabiliyyətindən və Ali Baş Komandanımızın yenilməz iradəsindən xəbər verən bir faktdır.”

Öz fikirlərini davam etdirən millət vəkili postmüharibə dövründə Azərbaycanın Cənubi Qafqazda yaratmış olduğu yeni reallıqların fonunda daha geniş inkişaf perspektivlərinə sahib olduğunu da vurğuladı: “Azərbaycanın iqtisadi qüdrəti durmadan artır. Artıq neçə müddərdir ki, regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Prezidenti İlham Əliyev tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş Milli Prioritetlər də Azərbaycanın beynəlxalq arenada iqtisadi nüfuzunu daha da artıracaq. Bu dövr ərzində ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Bu baxımdan dövlətimizin başçısı tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müzakirə olunan konsepsiyalar xüsusi əhəmiyyət kəsb edir. İqtisadi sahədə qarşıya qoyulan əsas hədəflər şəffaflıq və dürüstlüyün daha da gücləndirilməsi və inhisarlara son qoymaqdır.

Aydındır ki, Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açır. Dövlət başçımızın dediyi kimi, biz bu reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüslərilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Azərbaycan dövlətinin uğurlu siyasəti regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və bununla da həm bölgədə, həm də ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq formatları yarandı. Bu gün bir çox transmilli layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı durmadan artmaqdadır. Artıq hər kəs görür ki, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Bununla belə, Prezident cənab İlham Əliyevin də dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, Azərbaycan hər zaman əməkdaşlığa açıq ölkədir və yeni reallıqların münbit fonunda açılan imkanlardan bütün region dövlətləri və qonşu ölkələr öz firavan gələcəklərini qurmaq və iqtisadiyyatlarını daha da inkişaf etdirmək üçün yararlana biləcəklər.”

Sonda professor Eldar Quliyev dövlət başçısının işğaldan azad edilmiş rayonlara etdiyi səfərlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “İlk növbədə bu səfərlərin davamı işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işlərinin dövlət başçısı tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Lakin Azərbaycan Prezidentinin mütəmadi olaraq həmin bölgələrə etdiyi səfərlər həm də siyasi və mənəvi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, növbəti belə səfər martın 15-də ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına getmələri ilə reallaşıb. Bu səfərin məxsusi bir önəmi də onun tarixi ədalətin bərpa olunduğunun bir nümayişi kimi çıxış etməsinə bağlıdır. Mənfur qonşularımız öz havadarlarına güvənərək xalqımızı bu əzəli-tarixi torpaqlarından məhrum etmək üçün illər boyu çalışdılar. Ərazilərimiz işğal olundu. Azərbaycan xalqı dəfələrlə qırğınlara, qətliamlara məruz qoyuldu. İşğal edilmiş torpaqlarda isə ermənilər dünyaya indiyədək görünməmiş talançılıq, soyğunçuluq və vandalizm aktları nümayiş etdirdilər. Ölkə Prezidentinin də söylədiyi kimi, dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. Qarabağa etdiyi səfərləri ilə dövlətimizin başçısı bu ərazilərin əsil sahiblərinin kim olduğuna dair bütün dünyaya öz mesajlarını göndərir. Eləcə də hər növbəti səfərində Azərbaycan Prezidenti şəhər və qəsəbələrimizdə müqəddəs üçrəngli bayrağımızı ucaldır. O cümlədən mart ayının 15-də Ali Baş Komandan cənab İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdı. Möhtərəm Prezidentimizin də öz çıxışında dediyi kimi, bu bayraq burada əbədi dalğalanacaq. Artıq dünyada heç bir qüvvə Azərbaycanın yaratdığı yeni reallıqları dəyişə bilməz.”

Azər Məmmədov
aia.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir