“ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı açıqlaması 1915-ci il hadisələrinə sadəcə siyasi baxışı əks etdirir. Bildiyimiz kimi, 30-a yaxın ölkə həmin hadisələri “soyqırımı” kimi qiymətləndirib. Bu sadəcə, erməni ictimaiyyəti üçün psixoloji rahatlanma metodudur. Çünki belə iddiaların bir hüquqi səviyyə təşkil etməsi üçün beynəlxalq məhkəmə qərarı, müvafiq sənəd, material və elmi araşdırmaların ortaya çıxarılması lazımdır”.
Bu sözləri “Report”a açıqlamasında Türkiyənin tanınmış tarixçisi və politoloqu Hasan Köni ABŞ prezidentinin uydurma erməni soyqırımını tanıması barədə danışarkən deyib.
“Onlar özləri də (ermənilər) yaxşı bilirlər ki, indiyədək Türkiyə tərəfi hər cür elmi əsaslara söykənən məlumatları və sənədləri ortaya qoyub. Amma “soyqırımı” iddialarını qaldıran ermənilər, xüsusilə Qərbdə yaşayanlar psixologiyalarının rahatlanması, özlərinin Azərbaycana təcavüzlərinə, Birinci Qarabağ müharibəsindəki əməllərinə, Xocalı qətliamına, Vətən müharibəsində törətdikləri müharibə cinayətlərinə, Türkiyəyə qarşı təbliğat aparmalarına haqq qazandırmağa cəhdlər göstərirlər. Digər tərəfdən, onların məqsədlərindən biri də maliyyə yardımları, təzminatlar almaqdan ibarətdir. Təbii ki, burada ikili standartların tətbiq olunduğu mədəni faza vacib rol oynayır”.