Zəngilan rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, mərasimdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak edib.
Təməlqoyma mərasimindən sonra dövlət başçısı çıxış edib:
“Bu gün Zəngilan beynəlxalq hava limanının təməl daşını qoydum. Zəngilanda yaxın gələcəkdə beynəlxalq hava limanı inşa ediləcək. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaqdır. Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilib. Füzuli beynəlxalq hava limanının tikintisi uğurla gedir. Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcək. Beləliklə, ilk təyyarələri bu il biz Füzulidə qəbul edə biləcəyik. Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək”.