Azərbaycanın üç erməni hərbçini geri qaytarmasındakı pərdəarxası məqamlar – TƏHLİL

Siyasət

Mayın 4-də Azərbaycan humanist jest nümayiş etdirərək Ermənistanın üç hərbçisini geri qaytarıb.

Ekstradisiya Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovun vasitəçiliyi ilə həyata keçirilib.

Bu dəfə də Ermənistan Azərbaycanın bu jestinə adekvat mövqe nümayiş etdirmədi. Ermənistan bu azmış kimi, daha çox məzəmmətlər müəllifi qismində çıxış edir.

İrəvanın tutduğu qeyri-konstruktiv mövqedən asılı olmayaraq, Azərbaycanın üç hərbçini ölkələrinə təhvil verməsi bir neçə proses fonunda diqqət çəkir.

Düşünmək üçün yetərli əsaslar var ki, hərbçilərin evlərinə göndərilməsi ilə Ermənistanın nəzəri əsaslardan çox praktiki güzəştlərə getməsi arasında əlaqə var.

Prezident İlham Əliyev bundan əvvəlki çıxışında (aprelin 26-da Cəbrayılda) Ermənistana sonuncu xəbərdarlığını edərək təxribatlardan geri çəkilməyə çağırmışdı. İkinci məqam budur ki, İlham Əliyev bildirmişdi ki, Ermənistan istəsə də, istəməsə də Azərbaycan Zəngəzur dəhlizini icra edəcək.

Üçüncüsü, erməni hərbçilərinin qaytarılması Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvana və Bakıya səfəri fonunda baş tutdu.

Hesab etmək olar ki, Rusiya Lavrovun səfəri öncəsi İrəvanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının icrası istiqamətində növbəti dəfə təlimatlandırıb, diplomatik kanallar vasitəsilə Ermənistan bəndləri yerinə yetirəcəyinə dair öhdəlik götürüb.

Yəni Ermənistan bəyanatların icrası yönündə tədricən də olsa nəticə əsaslı addımlar atsa, Azərbaycanın da mövqeyi bu addımlarla uzlaşdırılacaq.

Gedişatdan gələcəkdə gözlənilən proseslər barədə bir neçə məntiqi nəticə çıxara bilərik:

1. Ermənistan qüvvələrinin Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən çıxması təmin edilir;

2. Ermənistan Qazaxın yeddi kəndinin və Naxçıvandakı Kərki kəndinin geri qaytarılmasına məcbur edilir;

3. Ermənistan mina xəritələrinin Azərbaycana verə bilər.

İlk iki bəndə dair Azərbaycanın mövqeyi qətidir və Ermənistan razı olmazsa belə, Bakının əlavə hərbi tədbirlər planı gündəlikdədir.

Ermənistan hökumətindən verilən açıqlama da İrəvanın güzəştlərə təhrik edilməsi və nəticədə Azərbaycanın humanist addım atması qənaətini gücləndirir.

Ermənistan hökuməti böyük ümidlə danışırsa, deməli, bunun pərdəarxasında hansısa qarşılıqlı razılaşmanın olduğu göz önünə gəlir. Üzdə olduğu kimi, diplomatik qapılar arxasında da Azərbaycanın güclü mövqeyinə dair kifayət qədər rəylər mövcuddur – hətta Ermənistan siyasi dairələrində belə.

Mina xəritələrinə dair isə Azərbaycan Ermənistana siyasi təzyiqlərin gücləndirilməsi üçün beynəlxalq ictimaiyyətə ardıcıl çağırışlar edir. Əgər Ermənistan mina xəritələrini verərsə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri daha da sürətlənər.

Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın göstərdiyi bütün jestlərə rəğmən nə mina xəritəsini təqdim edib, nə də Birinci Qarabağ Müharibəsində itkin düşmüş dörd min azərbaycanlı haqda məlumat verib.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir