Moldova Respublikasının ən populyar KİV-lərindən biri olan Tribuna.md Moldova Demokratik Partiyasının rəhbəri Dmitri Diakovun Azərbaycanın ümummilli lideri Heydər Əliyev doğum günündə qurulan Heydər Əliyev Fondunun ildönümünə həsr olunmuş məqalə dərc edib.
Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın roluna xüsusi diqqət yetirilir, onun fəaliyyəti sayəsində fondun beynəlxalq aləmdə əhəmiyyətli nüfuz qazanmış aparıcı qeyri-hökumət təşkilatı olması qeyd edilir.
Məqalənin müəllifi Dmitri Dyakov 1998-2001-ci illərdə Moldova parlamentinə rəhbərlik edib. 2009-cu ildən o Respublikanın Demokratik Partiyasının fəxri sədridir. Hazırda isə Moldova Demokratik Partiyasının ölkə parlamentindəki parlament fraksiyasının rəhbəridir.
Məqalənin mətnini təqdim edirik:
Son onilliklər ərzində Moldova Respublikasından beynəlxalq və ikitərəfli nümayəndə heyətlərinin tərkibində, eləcə də şəxsi olaraq bir neçə dəfə Azərbaycan Respublikasında səfərdə olmuşam. Ölkədəki inkişafın miqyası həqiqətən heyranedicidir. Bu, yalnız yaxşılığa doğru dəyişmiş paytaxt Bakıya deyil, həm də ölkənin hər yerindəki infrastrukturuna aiddir. Təkcə onu demək kifayətdir ki, müasir paytaxtın xarici görünüşü ölkənin qurucu lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı uğurları və yüksək nəticələri təcəssüm etdirir. Mayın 10-da Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin ad günündə onun xatirəsinə yaradılan Heydər Əliyev Fondu da öz ildönümünü qeyd edir.
Əminliklə demək olar ki, son 17 il ərzində Fond həqiqətən də ölkənin ictimai və siyasi həyatında mühüm rol oynayan, eyni zamanda layiqli beynəlxalq səviyyədə tanınan böyük miqyaslı ictimai təşkilata çevrilib.
Şübhəsiz ki, Fondun bu gün çatdığı səviyyədə və beynəlxalq aləmdə tanınmasında ölkənin Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi xidmətləri var. Humanizm və mərhəmət, yüksək peşəkarlıq, fədakarlıq, böyük təşkilati istedad və idarəetmə təcrübəsi ona həm Azərbaycanda, həm də xaricdə böyük hörmət qazandırıb. Prezident İlham Əliyevin etibarlı müttəfiqi olan Mehriban Əliyeva ölkənin çiçəklənməsinə və inkişafına misilsiz dərəcədə böyük töhfə verir. Təsadüfi deyil ki, o, yüksək dövlət və beynəlxalq mükafatlarla layiq görülüb.
Heydər Əliyev Fondunun fəaliyyəti ictimai həyatın bütün sahələrini əhatə edir – Fond səhiyyə, təhsil, elm, mədəniyyət, idman, ekologiya, həmçinin sosial problemlərin həlli üçün genişmiqyaslı layihələr həyata keçirir, o cümlədən xüsusi qayğı və qəyyumluğa, xeyriyyəçilik təşəbbüslərinə və daha çox şeyə ehtiyacı olan vətəndaşlara yardım göstərir. Fond Azərbaycan xalqının mədəni irsinin təbliğinə xüsusi diqqət ayırır, eyni zamanda Azərbaycan tarixində baş verən hadisələrlə bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması və əbədiləşdirilməsi üçün bir çox işlər görür. Burada Fondun 2008-ci ildə başlatdığı, onlarla ölkəni əhatə edən və Xocalı soyqırımının dünyada tanınmasına və siyasi-hüquqi qiymətləndirilməsinə nail olmaq üçün hazırlanmış “Xocalıya Ədalət” adlı geniş miqyaslı kampaniyanı xatırlatmaq lazımdır.
Bundan əlavə, bu günə qədər Fond Azərbaycanla dostluq münasibətləri olan ölkələrlə birgə mədəni və humanitar layihələr həyata keçirib. Bakıda mənə dedilər ki, “Təhsilə Dəstək” proqramı çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya, Pakistan və Niderlandda bir neçə məktəb yenidən qurulub və əsaslı təmir edilib. Dünyanın müxtəlif ölkələrində Fondun hesabına memarlıq abidələri, tarixi binalar və muzeylər bərpa olunur. Bunlara Strasburqda kilsə və Versaldakı bəzi obyektlərin yenidən qurulması, Vatikandakı Müqəddəs Marçello və Pieronun katakombalarının bərpası və daha çox layihələr aiddir. Fondun Moldovadakı layihəsi də tamamlanma mərhələsindədir. Qaqauziyanın Çadır-Lunqa şəhərində Fond bir mədəniyyət və təhsil mərkəzi qurur. Əminəm ki, bu layihə Moldova ilə Azərbaycan arasında humanitar əlaqələrin vacib tərkib hissəsinə çevriləcək.
Həmçinin, ötən il Azərbaycanın ölkənin ərazi bütövlüyünü bərpa edərək tarixi ədaləti bərpa etməsi də xatırlanmalıdır. Məlumat verilir ki, hazırda dövlət tərəfindən azad edilmiş ərazilərin bərpası, o cümlədən dağıdılmış Azərbaycan məbədlərinin, mədəniyyət və memarlıq abidələrinin bərpası ilə bağlı genişmiqyaslı işlər görülür. Və burada Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu əvəzolunmazdır. Əminəm ki, onun yaradıcılıq istedadı, özünəməxsus zərif zövqü və üslub hissi sayəsində tezliklə Azərbaycanın Qarabağdakı mədəniyyət abidələri ikinci həyat qazanacaq.
Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban Əliyeva haqqında çox şey söyləmək olar, müasir Azərbaycanın həyatında Fondun qazandığı uğurlar və Mehriban xanımın şəxsi rolu misilsizdir. Əminliklə demək olar ki, gələcəkdə Heydər Əliyev Fondu hər hansı zirvələri fəth etsə də, əsas zirvəni sayılan böyük xalq sevgisi və hörmətini Mehriban Əliyeva artıq fəth edib.