İranın Prezident Aparatının rəhbəri Mahmud Vaizi Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
Bu barədə “Mehr” agentliyi yazıb.
Vaizi İran ilə Azərbaycan Respublikası arasındakı tarixi, mədəni və etnik tərəfdaşlığı “ortaq kapitalla qarşılıqlı əlaqələrin hərəkətverici qüvvəsi” olaraq xarakterizə edərək bildirib ki, bu gün hər iki ölkə prezidentinin iradəsi ilə əlaqələr bütün sahələrdə strateji səviyyəyə qaldırılıb.
“İran İslam Respublikası bütün həssas vəziyyətlərdə və müxtəlif dövrlərdə Azərbaycan hökuməti və xalqının yanında olub və iki ölkə ilə iki millət arasında bütün sahələrdə çox möhkəm əlaqələr qurub”, – deyə Vaizi vurğulayıb.
O, iki ölkə arasında imzalanan müqavilələrin sürətlə həyata keçirilməsinin zəruriliyini qeyd edib:
“ABŞ-ın sanksiyaları səbəbindən dayandırılmış layihələrin icrasına hazırlaşmaq və onları millətlərimizin mənafeləri naminə səfərbər etmək üçün əlverişli şərtlərimiz var.
İki ölkə xalqları arasındakı münasibətləri daha da gücləndirmək üçün qarşılıqlı münasibətlərdə əhəmiyyətli rol oynayan fikirləri və əməkdaşlıq məsələlərini müəyyənləşdirməliyik”.
Şahin Mustafayev də iki ölkə arasındakı münasibətləri qiymətləndirərək qeyd edib ki, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və turizm daxil olmaqla müxtəlif sahələrdə böyük potensialımız var və bunları qiymətləndirməkdə qərarlıyıq.