Çex Respublikasının Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının bir neçə ermənipərəst üzvü tərəfindən bu ilin 10 iyun tarixində qəbul edilən bəyanat Azərbaycana qarşı yönəlmiş növbəti qərəzli və birtərəfli, reallığı əks etdirməyən kağız parçasıdır.
Bəyanatda Azərbaycan tərəfinə müharibə zamanı əsir düşən bütün hərbi və mülki şəxslərin qeyri-şərtsiz Ermənistana qaytarılmasına dair çağırış edilib. Parlament komissiyasının sənədinin “Çexiya Parlamentinin sənədi” olaraq təqdim edilməsi rəsmi İrəvanın ictimaiyyəti aldatmaq cəhdidir. Azərbaycan Respublikası rəsmi səviyyədə və bütün tribunlardan dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın və beynəlxalq humanitar hüququn müvafiq müddəalarına uyğun olaraq, münaqişə zamanı əsir götürülmüş erməni hərbçilərin və digər məhbusların hüquqlarının təmin edilməsi ilə bağlı öhdəliklərini ardıcıl olaraq yerinə yetirib, onlar haqqında məlumatları Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlı kontingentinə mütəmadi olaraq təqdim edib. Hal-hazırda Azərbaycanda heç bir hərbi əsir yoxdur.
Bütün bunlara baxmayaraq, ermənilər ənənəvi siyasətlərindən əl çəkməyərək Avropa məkanında özlərini hüquqları pozulmuş xalq kimi biruzə verirlər. Reallıqda isə Ermənistan Azərbaycanın ərazilərinə təxribat qruplarını göndərərək terror siyasətini davam etdirir. Bu mənada mayın 27-də Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonundan ərazilərimizin dərinliyinə daxil olaraq, kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərib. Həmin qruplar aşkar edilərkən onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıb. Ermənistan tərəfindən iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılmasına yönəlmiş siyasət həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçərək minalama və digər diversiya cəhdləri törətmək niyyəti beynəlxalq hüquqa əsasən terror-təxribat əməli kimi qiymətləndirilir. Buna baxmayaraq, Avropadakı bəzi qüvvələr özlərini görməməzliyə vurur və yanlış informasiyalarla dünya birliyini çaşdırmağa cəhd edirlər. Halbuki, Azərbaycanın Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın vətəndaşının aqibəti barədə Ermənistan tərəfinin heç bir məlumat təqdim etməməsinə Azərbaycana qarşı tələb və ittihamlarla çıxış edən “siyasətçilər” qöz yumurlar.
Dağlıq Qarabağ müharibəsi artıq tarixə qovuşub. Azərbaycan beynəlxalq hüququn tələbləri çərçivəsində münaqişəyə son qoyub və azad olmuş torpaqların bərpasına başlayıb. Azərbaycan tərəfindən təməli qoyulan bərpa prosesi nəinki torpaqlarımızın dirçəlişini sürətləndirəcək, eyni zamanda, Azərbaycanın liderliyi ilə regionda sabitliyin artmasına şərait yaradacaq. Ancaq bu gün də erməni lobbisinin və diasporunun əlində alətə çevrilən bəzi Avropa parlamentarilərin ikili standartlar siyasətinə sadıq olmaları və Ermənistana dəstək missiyasını davam etdirilmələri təəssüf və təəccüb doğurur.
İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərininin başlanmasında qarşımızda duran ən böyük maneələrdən biri Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini təqdim etməməsidir. Bunun özü də hərbi cinayətdir. Ermənistan qəsdən bu ərazilərə minalar yerləşdirib və bu səbəbdən hətta müharibə bitəndən sonra da çox sayda Azərbaycan hərbçisi və mülki əhali həyatını itirib. Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozaraq minalanmış ərazilərin yeri barədə məlumat verməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Azərbaycan işğaldan azad edilən ərazilərdə həm hərbi, həm də mülki əhalinin həyatı üçün böyük təhlükə yaradan ciddi mina təhdidi ilə qarşılaşır. Bu ərazilərə yerləşdirilən kütləvi minalar yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz şəkildə qayıtması prosesini ləngidir, beynəlxalq hüququn həyata keçirilməsinə xələl yetirir. Münaqişənin bitməsindən 7 aydan artıq müddətin ötməsinə baxmayaraq, bu dövr ərzində ermənilər tərəfindən minalanmış ərazilərdə 140-dan çox insan müxtəlif xəsarətlər alıb, 27 nəfər həyatını itirib.
Bir həftə bundan öncə işğaldan azad olunmuş Kəlbəcər rayonunun ərazisində Azərbaycanın dövlət media orqanlarının iki jurnalisti – AzTV telekanalının operatoru Sirac Abışov, “AzərTAC” xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər Rayonu İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev vəzifə borclarını yerinə yetirərkən olduqları avtomobilin minaya düşərək partlaması nəticəsində həyatlarını itiriblər. Dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Media nümayəndələrinin həlak olması Ermənistanın terrorçu siyasətinə və bu ölkədə hökm sürən revanşizm əhval-ruhiyyəsinə dəlalət edir.
Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi hərbi cinayətdir və erməni tərəfinin şüurlu siyasi qərarıdır. Bu siyasət nəinki Azərbaycana, həmçinin bütün region dövlətlərinə qarşı yönəlmiş şantaj siyasətidir. 30 il davam edən işğalçı siyasəti nəticəsində öz dövlətini uçuruma gətirib çıxaran erməni ideologiyası indi də Azərbaycanın regionda əməkdaşlıq, tərəqqi və sülhə yönəlmiş yeni siyası dəyərlər sisteminin yardılması təşəbbüsünə qarşı çıxır. Avropadakı himayədarlarının göstərışlərinə uyğun olaraq tarixi təşəbbüsümüzün qarşısının alınmasına çalışır.
Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması regionda sülh prosesinə əngəl törədir. Çex Respublikasının Deputatlar Palatasının bəzi təmsilçiləri erməni diasporunun yalanlarının əsiri olmaqdansa, cinayətkar tərəfi məsuliyyətə çağırmalıdırlar. Xarici əlaqələr komissiyasının bəzi üzvlərinin yalan məlumatlar əsasında Azərbaycana qarşı irəli sürülən erməni iddialarını belə asanlıqla dəstəkləmələri çoxsaylı suallar yaradır. Avropalı deputatlar erməni saxtakarlığına və riyakarlığına o qədər aludə olublar ki, hətta onların verdiyi məlumatların doğru olub-olmadığını yoxlamağa belə lüzum görmürlər. Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün Ermənistan tərəfinə çağırışlar edilməlidir və rəsmi Yerevana siyasi təzyiq artırılmalıdır. Dünya ictimaiyyəti 30 il sürən işğal dövründəki passivliyini aşmalıdır.
Çex Respublikasının Deputatlar Palatasının üzvlərinə öz adımdan və Milli Məclisdə rəhbərlik etdiyim Azərbaycan-Çexiya parlamentlərarsı işçi qrupu tərəfindən dəfələrlə müraciətlər olunub, 44 günlük Vətən müharibəsi və ondan sonraki dövrlərdə mütəmadi olaraq azad olunmuş torpaqlar haqqında rəsmi faktoloji məlumatlar təqdim edilib. Dəfələrlə çex həmkarlarımı minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsi barədə Çexiya Parlamenti səviyyəsində çağırışlar etməyə dəvət etmişəm. Biz bu cür çağırışları nəinki Çex Respublikasının Deputatlar Palatasından, həmçinin Avropanın digər dövlətlərinin parlamentlərindən və ümumavropa institutlarından gözləyirik.
Elnur Allahverdiyev
Milli Məclisin deputatı