Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan 22 noyabrın Ermənistanda dövlət bayramı elan edilməsinin zəruri olduğunu açıqlayıb. Bu təşəbbüs erməni cəmiyyəti tərəfindən geniş şəkildə qəbul edilib.
Bu nə tarixdir? 1920-ci ilin 22 noyabrında Vudro Vilson Arbitrajı imzalanıb və Yerevanda yüz illik tarixi olan bu sənədi aktuallaşdırmaq qərarına gəliblər. Çünki Papyanın sözlərinə görə, sənədin müddəti yoxdur və mütləq yerinə yetirilməlidir.
Söhbət Ermənistanın Türkiyə, Gürcüstan və Azərbaycanla sərhədlərinə, təbii ki, Qara dənizə çıxış əldə etməklə, Ermənistanın xeyrinə yenidən baxılmasından gedir.
Media.Az-ın şərh almaq üçün müraciət etdiyi “Azad Gürcüstan” Partiyasının lideri Kaxa Kukava bölgədə (Cənubi Qafqaz ölkələrində – red.) emosiyalarla idarə olunan bir çox insanın olduğunu bildirib:
“Cənubi Qafqazda yeni müharibə bizim nəyimizə lazımdır? Avropada İkinci Dünya müharibəsindən sonra yeni üsul – sərhədlərin toxunulmazlığı üsulu tapıldı. Bununla hər kəs razı ola bilməz. Məsələn, Almaniyada kimsə Lotaringiyanın fransız deyil, əsl alman torpağı olduğunu hesab edir.
Hər kəs onlarla razı ola bilməz. Lakin sərhədlər də dəyişdirilə bilməz. Tərəflərdən biri, bu vəziyyətdə Ermənistan, yeni ərazi iddiaları irəli sürməyə başlasa, bu, yaxşı heç nə ilə başa çatmayacaq”.
“Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyanın da eynisini edə biləcəyinə diqqət çəkmək istəyirəm. Ancaq bu baş vermir. Müharibədən sonra ötən əsrin 90-cı illərində olduğu kimi, yeni qurbanlar, xarabalıqlar kimə lazımdır? Ümid edirəm ki, Ermənistanın siyasi rəhbərliyi bunun yeni münaqişələrlə təhdid etdiyini başa düşəcək”, – deyə, həmsöhbətimiz bildirib.
Kaxa Kukava həll olunmazlığı bütün regionun iqtisadi inkişafına mane olan Qarabağ münaqişəsinə diqqət yetirməyi təklif etdi:
“Cənubi Qafqazın böyük iqtisadi potensialı var, biz onu inkişaf etdiririk. Lakin Cənubi Qafqazı Benilüksün (Avropanın üç ölkəsinin – Niderland, Belçika və Lüksemburqun siyasi, iqtisadi və gömrük ittifaqı – red.) analoquna çevirmək üçün münaqişələr həll edilməlidir. Bunsuz iqtisadi inkişaf mümkün deyil”.
“Müharibə təhlükəsi olan regionda ciddi iqtisadi layihələr inkişaf etməyəcək, bu, xarici investorları çəkindirəcək. Mən gürcü kimi, siyasətçi kimi birbaşa bildirirəm ki, Qarabağ münaqişəsində Gürcüstanın ərazi maraqlarına toxunulmasa da, bu münaqişə həll edilməlidir! Yeni münaqişələrə səbəb ola biləcək səsləndirilən fikirlər (Ermənistandan – red.) isə sadəcə qəbuledilməzdir və Gürcüstanın maraqlarına ziddir”, – Kaxa Kukava bildirib.