Ana dilimiz qürur mənbəyimizdir

Siyasət

Bakı. Trend:

Hər bir xalqın ən böyük və mənəvi dəyərlərindən biri
onun dilidir. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də
xalqın kimliyini, mədəniyyətini və tarixini qoruyan bir amildir.
Eyni zamanda dil xalqın düşüncə tərzini, adət-ənənələrini və
dünyagörüşünü ifadə edən əsas milli faktordur.

UNESKO-nun məlumatına görə dünyada təxminən 6000-dən çox danışıq
dili mövcuddur. Onların arasında Azərbaycan dilinin xüsusi yeri
var. Azərbaycan dili zəngin danışıq və ifadə imkanları, özünəməxsus
ahəngdarlığı və qrammatik cəhətləri ilə fərqlənir. Ana dilimiz
tarix boyu xalqımızın yüksəlişində və milli həmrəyliyinin təmin
olunmasında əsas mənəvi amillərdən biri kimi özünü göstərmişdir.
Şairlərimiz, yazıçılarımız və mütəfəkkirlərimiz bu dildə
yazıb-yaratmış, dünyanın ədəbiyyat xəzinəsinə sevilən əsərlər daxil
etmişlər.

Sovet hakimiyyəti dövründə həyata keçirilən beynəlmiləlçilik
siyasəti həm də xalqların milli dəyərlərinə, o cümlədən onların
dillərinə qarşı yönəlmişdi. Birbaşa bəyan olunmasa da, xalqların öz
dillərinin sıxışdırıldığı aydın idi. Hətta ötən əsrin 30-ci
illərində dil məsələsini qabardanlar sürgün olunur, antisovet
fəaliyyəti adı altında həbs edilirdilər.

Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq
cəsarət tələb edirdi. Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin
respublikamıza rəhbərliyi illərində Azərbaycanda ana dilinin
qorunması, tətbiq dairəsinin genişləndirilməsi və inkişaf
etdirilməsi ilə bağlı cəsarətli təşəbbüslər və təkliflər irəli
sürüldü. Təsadüfi deyil ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana
rəhbərliyə başladıqdan sonra tədbirlərdə, müşavirələrdə ana
dilimizdə çıxışlar etmişdir. Ulu Öndərin 1969-cu ilin noyabrında
Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində
çıxış etməsi ittifaq miqyasında böyük əks-səda doğurmuşdu.

Ötən əsrin 70-ci illərində SSRİ-nin yeni Konstitusiyasının
qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da
güclənmişdi. Məhz belə bir şəraitdə Heydər Əliyev böyük cəsarət
nümayiş etdirərək, Azərbaycan dilinin Konstitusiyada dövlət dili
kimi təsbit olunması üçün qətiyyətli mövqe ortaya qoymuşdur. Belə
ki, 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin Azərbaycan
Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin
yekunlarına həsr olunmuş VII sessiyasında çıxış edən Ulu Öndər
Heydər Əliyev tərəfindən 73-cü maddənin «Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir» redaksiyasında
verilməsi təklif olunmuşdur.

Beləliklə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ilin
aprel ayında qəbul olunan Azərbaycanın yeni Konstitusiyasında
Azərbaycan dili respublikamızın dövlət dili kimi təsbit edilmişdir.
Bu mənada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu
Öndərin sovet dövründə xalqımızın qarşısındakı ən böyük
xidmətlərindən biridir. Heydər Əliyev bununla gələcək müstəqil
dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Azərbaycan ictimaiyyəti 1995-ci ildə müstəqil Azərbaycanın
Konstitusiyası hazırlanarkən də Ümummilli Lider Heydər Əliyevin ana
dili məsələsinə necə böyük həssaslıqla yanaşdığına şahidlik etdi.
Məlum olduğu kimi həmin vaxt dövlət dilinin necə adlandırılması ilə
bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin böyük
əksəriyyətində dilimizin Azərbaycan dili adlandırılması təklifi
dəstəklənirdi. Konstitusiya layihəsini hazırlayan komissiyanın 5
noyabr 1995-ci ildə keçirilən iclasında aparılan müzakirələrdə
Heydər Əliyev dövlət dilinin adı barədə öz qəti fikrini belə
bildirmişdi:

“Mən hər bir dilə hörmət edirəm və ehtiramımı
bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik.
Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın
da, dilimizin də adı tanınıb. Bu reallıqdır”.

Müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycanın Konstitusiyanın
21-ci maddəsində respublikamızın dövlət dilinin Azərbaycan dili
olması təsbit edildi.

Ümumiyyətlə, Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi
dövründə ana dilimizin inkişafı və qorunması işinə böyük diqqətlə
yanaşmışdır. Bu baxımdan Ulu Öndərin 2001-ci il iyunun 18-də
imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” fərmanı qeyd edə bilərik. Bu fərmandan sonra Azərbaycan
Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası
yaradılmış, Milli Məclis tərəfindən «Azərbaycan Respublikasında
dövlət dili haqqında» Qanun qəbul edilmiş, orta və ali məktəblərdə
Azərbaycan dilinin tədrisi və ana dilində təhsilin keyfiyyəti ilə
bağlı əsaslı dönüş yaratmaq istiqamətində tədbirlər həyata
keçirilmiş, ölkədə çap olunan qəzet, jurnal, bülleten, kitab və
digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər
bütövlükdə latın qrafikasına keçməsi təmin olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin «Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli
Fərmanına əsasən isə latın qrafikalı Azərbaycan əlifbasını keçidin
ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və
yeni əlifbadan istifadənin respublikamızın ictimai-siyasi
həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu
nəzərə alaraq, hər il avqust ayının 1-i Azərbaycan əlifbası və
Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndərin ana dilimizin qorunması və respublikamızda
dilçiliyin inkişafı sahəsində başlatdığı işlər Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Prezident İlham
Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”
2004-cü il 12 yanvar tarixli və “Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12
yanvar tarixli sərəncamlarına əsasən latın qrafikalı yeni
Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlərin və
bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi
milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, respublikamızda
dilçiliyin inkişafı baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Prezident İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”
isə milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin
saflığının və zənginliyinin qorunmasında mühüm rol oynayır.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin “Azərbaycan dilinin
elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı
bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı
Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da
genişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət
başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dil
mövzusunun daim diqqət mərkəzində saxlanıldığını təsdiqləyir.

Göründüyü kimi müstəqilliyimizin və milli həmrəyliyimizin
rəmzlərindən biri olan ana dilimizlə bağlı məsələlər hər zaman
diqqət mərkəzindədir. Dünyanın ən gözəl və mükəmməl dillərindən
olan doğma dilimiz xalqımızın milli və mənəvi sərvəti, hər
birimizin qürur mənbəyidir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı