
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin
Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Ronen Krausu qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend -ə verilən məlumata görə, görüş
zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim
edib.
XİN başçısı səfiri təyinatı münasibətilə təbrik edib, ona
Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Azərbaycan və İsrail arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə
olunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika,
kənd təsərrüfatı, investisiyalar, təhlükəsizlik və humanitar
sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf
perspektivlərinə malik olduğu vurğulanıb.
Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq
doğurduğu, Azərbaycanın sülh və sabitliyin bərqərar edilməsinə
çağırış etdiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu
qeyd edilib.
Yeni səfir fəaliyyəti müddətində iki ölkə arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini
vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.