“Keçmiş SSRİ respublikalarının sərhədlərinin heç bir şəkildə birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir”
Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşdiyi bir zamanda, beynəlxalq hüquq üzrə çoxsaylı “mütəxəssislərin” meydana çıxdığını müşahidə edirik. Təəssüf ki, əksər hallarda belə “mütəxəssislərin” verdiyi rəylər dəqiqliyi və dolğunluğu ilə seçilmir və bəzən ictimaiyyətimizə yanlış fikirlər təqdim edilir.
Bu səbəbdən AYNA bəzi suallara aydınlıq gətirmək məqsədilə, uzun müddət Böyük Britaniyada yaşayan və postsovet məkanına dair beynəlxalq hüquqda ərazi və sərhəd mübahisələri və münaqişələri üzrə mütəxəssis, hüquq elmləri üzrə fəlsəfə doktoru, həmyerlimiz Fərhad Mirzəyevə müraciət etdi.
Qeyd edək ki, F.Mirzəyevin xaricdə postsovet məkanında mövcud münaqişələrə, o cümlədən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı elmi işləri dərc edilib.
– Ümumiyyətlə, Tovuz istiqamətində Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
– Tovuz rayonundakı son hadisələr Azərbaycana qarşı hərbi təcavüz kimi qiymətləndirilməlidir. Bu, bilavasitə BMT Nizamnaməsində təsbit olunmuş fundamental beynəlxalq hüququn əsas prinsiplərinin pozulması deməkdir. Qeyd olunmuş halda güclə hədələmək və gücün tətbiq edilməməsi, dövlət sərhədlərinin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarına və əsas azadlıqlarına hörmət prinsipləri kimi prinsiplərin pozulması açıq-aşkar yer almaqdadır. Bundan əlavə, Ermənistanın Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində qoşulduğu çoxsaylı konvensiya və regional sazişləri pozduğunu da qeyd etmək lazımdır.
Hesab edirəm ki, Azərbaycan təcavüz hadisəsini qeydə almaq üçün dərhal beynəlxalq mütəxəssisləri dəvət etməli və beynəlxalq təşkilatlara müraciət etməli idi. Tovuzdakı Azərbaycanın mövqelərinə hücum Azərbaycana qarşı təcavüz kimi qəbul edilməlidir. Bu vəziyyətdə, beynəlxalq hüquq təcrübəsinə istinad etmək olar. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin, Nikaraquanın Amerika Birləşmiş Ştatlarına qarşı (1986) (Military and Paramilitary Activities in and against Nicaragua (Nicaragua v. United States of America)) məhkəmə işi xüsusi maraq kəsb edir. Qeyd olunmuş məhkəmə işində Beynəlxalq Ədalət Məhkəməsi qeyd etmişdi ki, bir dövlətin hərbi birləşmələrinin digər müstəqil bir dövlətin beynəlxalq sərhədləri boyunca ordusuna və ya ərazisinə hücum etməsi beynəlxalq hüquqda təcavüz kimi qiymətləndirilməlidir. Beləliklə, Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın Tovuz bölgəsindəki Azərbaycanın sərhəd mövqelərinə hücumu beynəlxalq hüquq baxımından Azərbaycana qarşı bir təcavüzdür.
Öz növbəsində, beynəlxalq hüquqa uyğun olaraq bu, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycana özünümüdafiə hüququ verir. Yəni, Azərbaycan ordusunun itkilər verərək, bu təcavüz aktına adekvat reaksiya verməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə kimi qəbul edilməlidir. Hesab edirəm ki, BMT Nizamnaməsinə uyğun olaraq, Azərbaycan bu hadisəni təcili olaraq BMT Təhlükəsizlik Şurasının diqqətinə çardırmalı idi və bu təcavüzə Təhlükəsizlik Şurası tərəfindən baxılmasını və bununla bağlı müvafiq qərar çıxarılmasını tələb etməli idi. Əlbəttə ki, Təhlükəsizlik Şurasının bizim xeyrimizə hər hansı bir qətnamə qəbul edə biləcəyi barədə xəyallarım yoxdur, amma hər bir halda beynəlxalq hüquqla bizə verilən hər hansı bir hüququ və yaranan fürsəti əldən verməməyimizin vacib olması fikrindəyəm.
– Rusiya Prezidenti Vladimir Putin son müsahibələrindən birində keçmiş Sovet respublikalarının bir çoxunun SSRİ-nin dağılması zamanı çıxdıqlarından sonra, əvvəllər onlara məxsus olmayan əlavə əraziləri özlərinə əssasız olaraq götürdüklərini söylədi…
– Bir hüquqşünas olaraq, başqa bir dövlət başçısının siyasi bəyanatlarını şərh etməkdən çəkinərdim. Ancaq tam məsuliyyətlə deyə bilərəm ki, bu, heç bir halda Azərbaycana aid deyil, çünki Rusiya imperiyasının və SSRİ-nin bir hissəsi olmağımız səbəbindən tarixi boyu biz yalnız ərazilər itirmişik, nəinki nəsə əlavə qazanmışıq. Bundan əlavə, beynəlxalq hüququ da unutmamalıyıq, çünki indi 19-cu və ya 20-ci əsrin əvvəlləri deyil və müasir beynəlxalq hüquqa əsasən, suveren dövlətlərin sərhədləri toxunulmazdır. Elmi araşdırmalarımın əksəriyyəti “uti possidetis” beynəlxalq hüquq prinsipinə həsr olunub. Bu prinsipə uyğun olaraq keçmiş SSRİ respublikalarının ittifaq dövləti çərçivəsində inzibati sərhədlərini sonradan müstəqil dövlətlərin dövlət sərhədlərinə çevirməsi razılığına gəldikləri öz təsdiqi tapır.
Bütün bunlar MDB Nizamnaməsində və keçmiş Sovet İttifaqı respublikaları arasında çoxtərəfli və ikitərəfli müqavilələrlə də təsdiq olunub. Üstəlik, “Beynəlxalq müqavilələr haqqında” 1969-cil il tarixli Vyana Konvensiyasının müəyyən etdiyi beynəlxalq hüquq normalarına uyğun olaraq, keçmiş SSRİ respublikalarının sərhədlərinin heç bir şəkildə birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Hər hansı belə dəyişiklik yalnız ikitərəfli və ya çoxtərəfli müqavilələr əsasında tərəflərin iradəsinin ifadəsi ilə mümkündür. Müvafiq olaraq, beynəlxalq hüquq baxımından keçmiş Sovet respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin yenidən dəyişdirilməsinə hər hansı bir çağırış sırf beynəlxalq hüquqda yol verilməzdir. Belə bir halda Ermənistanın Azərbaycanın müəyyən edilmiş beynəlxalq sərhədlərini dəyişdirmək cəhdlərinin müasir beynəlxalq hüquq normalarına uyğun olaraq heç bir əsası yoxdur.
– Ermənilərin soydaşlarımıza qarşı zorakılıq və bizim xaricdəki diplomatik missiyalarımıza basqınlarına hüquq prizmasından necə qiymət verərdiniz?
– Bu, çox mürəkkəb bir məsələ olsa da, amma yenə də beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri kifayət qədər əsaslıdır. Şübhəsiz ki, xaricdəki azərbaycanlılara qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı belə, ayrı-ayrı cinayət əməllərinin araşdırılması və zəruri tədbirlərin görülməsi həmin cinayətlərin baş verdiyi ölkələrin hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir. Yəni bu xoşagəlməz, vəhşi hərəkətlərə onların baş verdiyi dövlətlərdə oranın hüquq-mühafizə orqanları tərəfindən baxılmalıdır. Əlbəttə, Azərbaycan diplomatik nümayəndəlikləri bu cinayətlərin düzgün və ədalətli şəkildə baxılmasında fəal rol oynamalıdır. Lakin, onu qeyd edim ki, həmin dövlətlər həmvətənlərimizə qarşı cinayət törədən şəxslərin məsuliyyətə cəlb etməkdən yayınarsa və ya fəliyyətsizlik nümayiş etdirərsə, o zaman Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il tarixli Beynəlxalq Konvensiyanın müddəalarına və 1966-ci il tarixli İnsan Hüquqları haqqında Beynəlxalq Paktlara uyğun olaraq, o dövlətləri beynəlxalq məsuliyyətə cəlb edə bilər.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum məsələsi isə birbaşa beynəlxalq hüquq normaları ilə tənzimlənməlidir. Həqiqətən də, Belçika, Hollandiya və ABŞ-dakı hüquq mühafizə orqanlarının hərəkətsizliyindən irəli gələn həmin ölkələrdəki Azərbaycan diplomatik nümayəndəliklərinə hücumlara imkanının yaranması dərin məyusluq hissləri doğurur. Beynəlxalq hüquq normalarına əsasən, diplomatik və konsulluq idarələrinin ərazisi təmsil etdikləri dövlətlərin ərazisi hesab olunur və tam toxunulmazlıq hüququna malikdir.
Diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci bəndinə qeyd olunur ki, “Nümayəndəliyi (Azərbaycanın diplomatik və konsulluq missiyaları) hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin (bizim halda Belçika, Hollandiya və ABŞ) xüsusi vəzifəsidir”. Qeyd etmək lazımdır ki, bu ölkələrin hamısı Azərbaycanla birlikdə “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının iştirakçılarıdır. Bu, Azərbaycana həmin dövlətləri “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının tələblərinə əməl etməməyə görə beynəlxalq məsuliyyətə cəlb etmək hüququnu verir.
Deyilənlərə sübut olaraq, beynəlxalq hüquqda mövcud olan məhkəmə presedentinə istinad etmək məqsədəuyğun olardı. Bu, məhz ABŞ-ın İrandakı səfirliyinə hücumla bağlı İrana qarşı 1980-ci ildə Beynəlxalq Ədalət Məhkəməsində başladığı iş olar bilər (United States Diplomatic and Consular Staff in Tehran (United States of America v. Iran). Qeyd olunan işdə “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq ABŞ-ın Tehrandakı səfirliyinə hücum və ələ keçirilməsi ilə bağlı ABŞ-ın İrana qarşı irəli sürdüyü iddialara dair olaraq, Beynəlxalq Ədalət Məhkəməsi, diplomatik nümayəndəliklərin toxunulmazlığı və qorunmasının məhz yerləşmə ölkəsinin öhdəsinə düşdüyünü və bunu görə məsuliyyət daşıdığını müəyyən etmişdi.
Lakin son günlərdə Belçika və ABŞ-dan günahkarların həbs edildiyi və istintaqın başlanması haqqında xəbərlər alırıq. Ümid edək ki, günahkarlar məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaq. Və qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş hüquqlarından istifadə etmək məcburiyyəti ilə üzləşməyəcək.