Hikmət Hacıyevin EFE-yə müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib – FOTO

Siyasət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi İspaniyanın “Lavanguardia” qəzeti ilə yanaşı, ABŞ-ın “Holanews”, Dominikan Respublikasının “Diariolibre” qəzetlərinin elektron platformalarında, Argentinanın “Infobae” xəbər saytında, Yahoo! News- Yahoo! tərəfindən yaradılan xəbər aqreqatorunda dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın səbri tükənməz deyil” sərlövhəsi ilə dərc olunan müsahibədə ispandilli oxuculara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribat və onun nəticələri barədə məlumat verilir.

Hikmət Hacıyev müsahibədə rəsmi Bakının Ermənistan-Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirir. Qeyd olunur ki, Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edildiyi kimi qeyd-şərtsiz işğaldan azad edilməlidir.

Hikmət Hacıyev vurğulayıb: “Əks halda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü qorumaq və sərhədlərinin toxunulmazlığını təmin etmək hüququnu saxlayır”.

O xəbərdarlıq edib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni hərbi iştirakı qabaqcadan söylənilə bilməyəcək potensial nəticələr riskinin mənbəyidir və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi onun orta əsirlərə dair fikirlərə bağlılığını sübut edir.

Hikmət Hacıyev həmin müsahibəsində deyir: “Ermənistan münaqişənin həllində maraqlı deyil, o, indiki status-kvonu möhkəmlətməyə və onun müddətini uzatmağa çalışır.

Otuz ilə yaxındır ki, biz danışıqlar prosesində iştirak edirik. “Strateji təmkin” adlandırıla biləcək bu fakt ölkəmizin məsələyə konstruktiv münasibətinin parlaq nümunəsidir. Lakin biz nəticə əldə edilməsinə yönəlmiş məzmunlu danışıqların tərəfdarıyıq”.

H.Hacıyev xəbərdarlıq edib ki, Bakı danışıqlar xatirinə danışığa getməyəcək, danışıqlar əbədi davam edə bilməz, çünki “indiki status-kvo yolverilməzdir və dəyişməlidir”.

“Azərbaycanın səbri tükənməz deyil”, – deyən H.Hacıyev vurğulayıb ki, işğal hərbi cinayətlərlə və insanlığa qarşı cinayətlərlə, etnik təmizləmələrlə müşayiət olunub. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, XXI əsrdə beynəlxalq münasibətlər cəngəlliklər qanunu ilə nizamlana bilməz.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin vaxtaşırı pozulmasına, azərbaycanlı hərbi qulluqçuların və bir nəfər dinc sakinin həlak olmasına gəldikdə isə, H.Hacıyev bu hadisələri qəsdən törədilmiş təxribat, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz adlandırıb. Onun fikrincə, Yerevan bu hərəkətləri etməklə bir neçə məqsəd güdür. Onun bir məqsədi qlobal neft-qaz və nəqliyyat layihələrinin Azərbaycanın şimal-qərbində Tovuz rayonunda yerləşən strateji infrastrukturuna ziyan vurmaqdır.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin daha bir məqsədi Ermənistanda ictimai rəyi daxili problemlərdən, amanabənd sosial-iqtisadi vəziyyətdən, müxalifətçilərin təqib edilməsindən və COVID-19 pandemiyasından yayındırmaq idi.

Hikmət Hacıyev sonda diqqətə çatdırıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışıb. Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb: “Azərbaycan Ordusu bütün hücumları dəf etdi və Yerevan öz məqsədlərinin heç birinə nail olmadı”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir