Qarabağın BMT protektoratına verilməsi təklifinə politoloqdan sərt reaksiya

Gündəm Siyasət

Elçin Mirzəbəyli: “Hoqland ya hüquqi bilgilərini yeniləməli, ya da psixoloji yardım almalıdır”ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqlandın “Amerikanın Səsi” radiosuna verdiyi müsahibədə irəli sürdüyü təklif Azərbaycanda geniş müzakirələrə səbəb olub. Ermənistan-Azərbaycan sərhədində yaşanan son hadisələri şərh edən sabiq səfir bildirib ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına verməkdir.
R.Hoqland daha irəli gedərək onu da qeyd edib ki, gələcəkdə, illər sonra, emosiyaların soyuduğu zaman hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcəklə bağlı öz istəklərini ifadə edə biləcəklər.
Keçmiş həmsədrin Minsk Qrupu ilə bağlı etirafı da xüsusi diqqət çəkir. O bildirir ki, Minsk Qrupu ən xoş niyyətlə, münaqişəyə cəlb olunan tərəflərin və Rusiya kimi böyük bir dövlətin dəstəyi ilə belə, problemi yoluna qoya bilməz.
Diplomatın Dağlıq Qarabağı BMT protektoratı altına vermək kimi sensasion təklifinin ardından çoxsaylı suallar yaranıb. Bunun Azərbaycana təhdid olub-olmadığı yönündə ən müxtəlif fikirlərə rast gəlirik. Əksəriyyət bunu təhdid kimi qəbul edir. Eyni zamanda, bu təklif ölkəmizə sərf edirmi kimi suallar ətrafında da müzakirələr gedir. Bu istiqamətdə əsas suallardan biri də, Hoqlandın təklifi keçərsə, Azərbaycanın işğal altındakı torpaqlarını müharibə yolu ilə azad etmək imkanlarının bitib-bitməməsi ilə bağlıdır.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sabiq səfirin təklifi ilə bağlı öz Facebook profilində maraqlı bir status paylaşıb.
Politoloq yazır: “Hoqland gecikmiş etirafını səsləndirib. O, illərdir Azərbaycanın səsləndirdiyini təkrarlayıb, yəni münaqişənin həlli ilə BMT məşğul olmalıdır. Hoqland ayrıca, münaqişənin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi dörd qətnamə, müəyyən həll yollarını təklif edən Madrid prinsipləri əsasında həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Beləliklə, Hoqland açıq etiraf edib ki, ATƏT-in Minsk Qrupu münaqişəni həll edə bilməyəcək. Minsk Qrupunun həmsədri vəzifəsində çalışan diplomatın etirafı Azərbaycan rəsmilərinin, siyasi ekspertlərinin və cəmiyyətinin dediyinin təsdiqidir.
Hoqlandın BMT ilə bağlı fikirlərini isə iki hissəyə bölmək lazımdır. Birinci hissə Azərbaycanın maraqlarına cavab verir. Problemlə BMT məşğul olmalı, 4 qətnamə əsas götürülməli və münaqişə “Madrid planı”nda göstərildiyi kimi mərhələli şəkildə həll olunmalıdır. Ancaq Hoqlandın “Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına buraxmaq lazımdır” fikri dəqiqləşdirilməlidir. Dağlıq Qarabağda BMT protektoratı o zaman mümkündür ki, “mərhələli həll” planı işə düşsün, yəni Dağlıq Qarabağa aidiyyatı olmayan rayonlar boşaldılsın və azərbaycanlılar bu bölgələrə, o cümlədən Şuşaya qayıtsınlar. Bunlar olmadan Dağlıq Qarabağın BMT protektoratı altına alınması işğalın uzanmasına yol açacaq”.

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan ...

Elçin Mirzəbəyli
Siyasi şərhçi Elçin Mirzəbəyli Hoqlandın təklifinə sərt münasibət sərgilədi: “Dağlıq Qarabağın BMT-nin, yaxud hansısa beynəlxalq təşkilatın idarəçiliyinə (protektoratlığına) verilməsi ideyasının həyata keçməsinin hüquqi mexanizmləri yoxdur və bu sabiq amerikalı həmsədrin səfehləməsindən başqa bir şey deyil. Bu və ya digər ərazinin BMT-nin müvəqqəti idarəçiliyinə verilməsi ilə bağlı ilk və son president Niderlandla İndoneziya arasındakı Qərbi Yeni Qvineya ərazisi ilə bağlıdır ki, burada da 8 ay müddətində ərazinin tədricən İndoneziyanın nəzarətinə keçməsi nəzərdə tutulurdu. Belə bir qərar da Niderland və İndoneziya arasında imzalanmış Nyu-York razılaşmasına əsasən qəbul olunmuşdu. Yəni BMT Nizamnaməsində hüquqi baxımdan bir dövlətə məxsus olan ərazinin BMT Baş Assambleyasının, yaxud Təhlükəsizlik Şurasının protektoratlığına verilməsi ilə bağlı heç bir mexanizm nəzərdə tutulmayıb və tutula da bilməz. Çünki belə bir yanaşma dövlətlərin suveren hüquqlarının kobud şəkildə pozulması deməkdir və BMT-nin də əsas vəzifəsi bu suveren hüquqların qorunmasıdır. BMT Nizamnaməsinin XI bəndində özünü idarə etməyən ərazilər haqqında müvafiq hüquqi mexanizm və prosedurlar var ki, bu da vaxtilə müxtəlif dövlətlərin koloniyası olmuş ərazilərə aiddir. Hazırda həmin ərazilərdın yalnız 17-si bu və ya digər dövlətlərin himayəsindədir. BMT üzvü olan dövlətlər öz keçmiş koloniyalarının idarəçiliyinə görə məsuliyyət daşıyırlar. BMT tərəfindən himayə (protektorat anlayışı bura şamil olunmur) sonuncu ərazi öz müstəqilliyini elan etdikdən sonra, 1994-cü ildə BMT-nin Himayə Şurası öz fəaliyyətini dayandırıb. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi heç vaxt koloniya olmayıb və dekolonizasiya haqqında bəyannamədə yer alan müddəaların bu bölgə ilə yaxından uzağa heç bir əlaqəsi yoxdur. Beynəlxalq hüququn prinsiplərinə görə isə, Azərbaycanın işğal altında olan əraziləri, konkret halda Dağlıq Qarabağ bölgəsinin BMT-nin, yaxud bu qurumun müəyyənləşdirdiyi hansısa dövlətin protektoratlığına verilməsi ilə bağlı heç bir hüquqi mexanizm yoxdur. Azərbaycanın öz razılığı olmadan Dağlıq Qarabağ üzərində hansısa beynəlxalq təşkilatın, yaxud dövlətin himayəçiliyi, həm də bunun qeyri-müəyyən müddətə olması mümkün deyil. Məhz bu səbəbdən, Riçard Hoqland ya hüquqi bilgilərini yeniləməli, ya da psixoloji yardım almalıdır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir