Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi saytı məlumat yayıb.
Fəxrəddin Altun və Hikmət Hacıyev təkbətək görüşlərinin ardınca iki ölkənin media və kommunikasiya sahəsindəki qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən toplantıya sədrlik ediblər.
Altun çıxışı zamanı həm Türkiyənin, həm də Azərbaycanın həyati vacib maraqlarına və mövcudluqlarına qarşı müxtəlif təhdidlərlə qarşı-qarşıya olduğunu, bu hücumların bilavasitə türk millətinə və türklüyə qarşı edildiyini qeyd edib.
Fəxrəddin Altun Türkiyə ilə Azərbaycanın dünən olduğu kimi, bu gün də “iki dövlət, tək millət” şüarı ilə hərəkət etdiyini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin bu anlayışın sözdən ibarət olmadığını bütün dünyaya göstərdiyini söyləyib.
“Cənab prezidentimizin Bakıya səfəri zamanı təməlləri qoyulan yeni ortaqlıqları qəti addımlara çevirmək məcburiyyətindəyik. Beynəlxalq şərait nəzərə alındıqda bunun əslində bir seçim deyil, məcburiyyət olduğu anlaşılacaqdır. Türkiyə və Azərbaycana hücum edənlər, dövlətlərimizin əleyhinə dezinformasiya və etibarsızlaşdırma fəaliyyəti aparanlar, vətəndaşlarımızın canına və malına qəsd edənlər bir olduğuna görə, bizə də ancaq bir olmaq, iri olmaq, diri olmaq düşər”, – deyə F.Altun əlavə edib.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri görüş zamanı həmçinin Türkiyə-Azərbaycan Media Platformasının yaradılması ilə bağlı razılığın əldə olunduğunu vurğulayıb:
“Bu platforma vasitəsi ilə iki ölkə KİV-in inteqrasiya edilmiş, ictimaiyyəti məlumatlandırmaq baxımından effektiv fəaliyyət göstərilməsini, xüsusən də sosial mediada ortaya çıxan dezinformasiya və xaricdən gələn qara piara qarşı ümumi strategiyaların yaradılmasını qiymətləndirdik”.
Hikmət Hacıyev isə öz növbəsində iki ölkənin “iki dövlət, tək millət” şüarı ilə hər zaman və hər şəraitdə bir-birilərinin yanında olduğunu ifadə edib.
Türkiyənin iqtisadiyyatdan tutmuş xarici siyasətə qədər bütün sahələrdə əldə etdiyi inkişaf və uğurların Azərbaycanı da sevindirdiyini bildirən H.Hacıyev “məqsədimiz qardaşlığımızın daha da inkişaf etməsi və gücləndirilməsidir” deyib.