117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidovla video-görüş keçirmişdir. Video-görüşdə millət vəkili ötən dərs ili üzrə Oğuz rayonunda təhsilin inkişafı sahəsində əldə edilmiş uğurlardan bəhs edərək, dövlət başçısı cənab İlham Əliyevin ölkənin təhsil sisteminə nə qədər əhəmiyyət verməsindən, onun bu sahədə apardığı islahatlardan danışmış, hər il onlarla yeni məktəb binalarının tikilməsi və əsaslı təmiri üçün milyonlarla manat vəsait ayırdığını vurğulamışdır. Eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Birinci Vitse- prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verdiyini qeyd etmişdir. Sonra millət vəkili dünyanı bürüyən pandemiya şəraitində yeni dərs ilində rayonun təhsil müəssisələrini narahat edən problemlər və onların aradan qaldırılması ilə əlaqədar görülən işlərlə maraqlanmışdır.
Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov Aqiyə Naxçıvanlını salamlayaraq, daima rayonun təhsil sahəsinə ayırdığı diqqətə görə minnətdarlıq etmiş və onun simasında bütün təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir. Sonra isə keçən dərs ilində pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Oğuz rayonunun təhsil işçilərinin fədakar əməyi nəticəsində əldə edilmiş uğurlardan danışmış, yeni dərs ili ərəfəsində qarşılaşdıqları çətinlik və problemlərdən söhbət açmışdır. A.Məcidov qeyd etmişdir ki, karantin dövründə rayonun təhsil işçilərinin qarşılaşdıqları ən böyük çətinlik yaşayış məntəqələrinin və təhsil müəssisələrinin internet təminatının aşağı səviyyədə olması ilə bağlı olmuşdur. Bildirmişdir ki, Oğuz şəhərinin cənub hissəsində gənc ailələrin daha çox məskunlaşdığı yeni yaşayış massivində, rayonun Xaçmaz, Xaçmazqışlaq, Mollalı, Ərmənət, Böyük Söyüdlü, Çaldaş, Qarabulaq, Baş Daşağıl, Yemişanlı və bir sıra kəndlərində internet əlaqəsi ya yoxdur, ya da qismən mövcuddur. Bu səbəbdən də pandemiya dövründə rayon üzrə təhsil alanların yalnız 30 faizə yaxınını onlayn dərslərə cəlb etmək mümkün olmuşdur. Əhali arasında aparılan maarifçilik tədbirlərinə baxmayaraq ayrı–ayrı ailələrin maddi imkanlarının kifayət etməməyi səbəbindən evlərdə təhsilin təşkili üçün tələb olunan İKT vasitələrinin təminatında ciddi çətinliklər vardır.
Rayonun Tayıflı, Şirvanlı, Xaçmaz kənd tam orta məktəblərində mövcud texniki vəziyyət qeyri-qənaətbəxş olduğuna görə yeni tədris korpuslarının inşasına, Xaçmaz kənd 1 nömrəli, Kərimli və Bayan kənd tam orta məktəb binalarının əsaslı təmirə ciddi ehtiyac vardır. Oğuz şəhər 2 nömrəli tam orta məktəbin nəzdində yerləşən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müstəqil tədris korpusunun tikintisinə, Oğuz şəhər 2 və 3 nömrəli, Bayan, Kərimli, Sincan, Dəymədərə kənd tam orta məktəblərində təbii qazla işləyən istilik sistemlərinin quraşdırılmasına ciddi zərurət vardır.
Oğuz rayonunda son illər təhsilin inkişafı sahəsində əldə edilən uğurlar, mövcud texniki baza və kadr potensialı, valideynlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Oğuz şəhərində yeni tipli təhsil müəssisəsinin – liseyin təşkilinə ehtiyac vardır. Anar Məcidov məlumat üçün bildirmişdir ki, yeni tipli təhsil müəssisəsinin təşkili üçün Oğuz şəhər 2 nömrəli tam orta məktəbin tədris bazasından istifadə etmək mümkündür. 1176 şagird yerlik, üç mərtəbəli Oğuz şəhər 2 nömrəli tam orta məktəb binası 1988-ci ildə birtipli layihə əsasında tikilmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə əsaslı surətdə təmir olunmuş, müasir inventar və avadanlıqlarla təchiz edilmişdir. Hazırda həmin məktəbdə 156 şagird təhsil alır. Zərurət yaranarsa, həmin məktəbin şagirdlərinin Oğuz şəhərində fəaliyyət göstərən digər ümumtəhsil məktəblərinə köçürülməsi də mümkündür. Məktəbdə istilik sistemi də mövcuddur. Rayonun ümumtəhsil məktəblərində çalışan, savadı, yüksək pedaqoji səriştəliliyi ilə fərqlənən və rayon ictimaiyyətinin dərin hörmətini qazanan onlarla müəllimlərimiz vardır ki, onların potensialından yeni tipli təhsil müəssisəsinin pedaqoji kollektivinin komplektləşdirilməsində istifadəsi də məqsədəuyğun olardı.
Təhsil şöbəsinin müdiri həmçinin qeyd etmişdir ki, hazırda diqqət yetirdiyimiz əsas məsələ yeni dərs ilinə hazırlıq işlərinin vaxtında və yüksək səviyyədə başa çatdırılmasına nail olmaqdır. Yeni dərs ilində rayonun 34 ümumtəhsil məktəbində 415 sinif komplektində 6221 nəfər şagirdin təhsillə əhatə olunması nəzərdə tutulmuşdur. I siniflərdə 580 nəfər, məktəbəhazırlıq qruplarında 505 nəfər şagirdin təhsilə cəlb olunması planlaşdırılmışdır.
Anar Məcidov əminliklə bildirmişdir ki, Oğuz rayonunun təhsil işçiləri inkişafımızın müasir mərhələsində qarşıda duran vəzifələrin məsuliyyətini tamamilə dərk edir və bu vəzifələrin yüksək səviyyədə icrasına gələcəkdə də ciddi səy göstərəcəklər.
Sonda millət vəkili Aqiyə Naxçıvanlı bildirdi ki, müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı, onun tərəqqisi bir çox mühüm amillərlə yanaşı, təhsilin ümumi inkişaf səviyyəsindən asılıdır. Bu gün Azərbaycanda təhsilin inkişafı dövlətimizin əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Ölkəmizdə təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. O, Oğuz rayonunun təhsil sistemində mövcud olan problem və çətinliklərin aradan qaldırılması üçün respublikanın aidiyyəti qurumları qarşısında məsələ qaldıracağını və onların uğurlu həllinə səy göstərəcəyini bildirdi və yeni dərs ili münasibəti ilə rayonun pedaqoji ictimaiyyətinə onun təbriklərinin çatdırılmasını xahiş etdi.
aia.az