İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Siyasət

Prezident İlham Əliyev yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı təbrikdə zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilərin digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadıqlarını bildirib. Prezident vurğulayıb ki, Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Təbrikdə qeyd edilib ki, cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.

Təqdirəlayiq haldır ki, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən yəhudi əsilli həmvətənlərimiz, harada yaşamalarından asılı olmayaraq, Azərbaycana sevgi və sədaqətlərini daim nümayiş etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verirlər.

Dövlətimizin başçısı xeyirxahlığı, mənəvi dirçəlişi və yeni həyatı təcəssüm etdirən Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına bir daha səmimi bayram təbriklərini çatdırıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir