Ceyhun Bayramovun məktubu BMT Təhlükəsizlik Şurasının sənədləri siyahısında

Siyasət

Xarici İşlər naziri Ceyhun Bayramovun bu ilin 31 avqust tarixində Ermənistanın aqressiv ritorikası və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinə dair BMT Baş katibi Antonio Quterreşə ünvanlandığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumat yayıb.

Məktubda C.Bayramov bu ilin 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində silahlı hücum cəhdi nəticəsində siyasi-hərbi məqsədlərinə nail olmayan Ermənistanın son dərəcə təxribatçı bəyanatları və fəaliyyəti ilə təcavüzkar siyasətini davam etdirdiyinə diqqəti yönəldir.

Məktubda Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini, eləcə də Mingəçevir Su Elektrik Stansiyası və digər mühüm əhəmiyyətli mülki infrastrukturları vurmaqla hədələməsindən danışılır.

“Beləliklə də azərbaycanlı mülki əhalini terrora məruz qoymaq siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti və bu xüsusda, Livan ermənilərinin bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılması, eləcə də işğal olunmuş ərazilərdə işğalçı ölkə tərəfindən yaradılmış oyuncaq qurumun bəzi qondarma “strukturlarını” Xankəndidən Şuşaya köçürmək niyyəti, işğal olunmuş ərazilərdə infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi, habelə işğalçı ölkənin ekoloji terror siyasəti və Azərbaycanlı mülki əhalini sudan məhrum etməsi kimi konkret faktlar əsasında Ermənistanın ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında həyata keçirilən danışıqlar prosesindən sui-istifadə etdiyi və ilhaqçı siyasəti həyata keçirdiyi BMT Baş katibinin diqqətinə çatdırılır”, – deyə məlumatda bildirilib.

C. Bayramov BMT Baş katibini Ermənistanı aqressiv təxribatçı ritorikadan çəkindirmək, işğal olunmuş ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlik fəaliyyətlərini dayandırmaq, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrini çıxarmaqla beynəlxalq hüquq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün bütün lazımi addımları atmağa çağırır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir