Naxçıvandan İrəvana tuşlanan raketlər – TƏHLİL

Siyasət

Azərbaycanla Türkiyə arasında keçirilən birgə hərbi təlimlər qeyri-qanuni, hansısa dövlətə qarşı bir addım kimi şərh oluna bilməz.

Birgə təlimlər “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin 9-cu maddəsinə əsasən həyata keçirilir.  əsasən keçirilir.

Düzdür, Azərbaycanla Türkiyə arasındakı sonuncu birgə hərbi təlimlər Tovuz döyüşlərindən sonraya təsadüf etdi, amma burada xüsusi sensasiya sayılacaq məqam axtarmaq mənasızdır.

Ancaq Ermənistanda Baş nazir Nikol Paşinyan başda olmaqla, siyasi çevrələr bu təlimlərə xüsusi status verməyə çalışdılar, beynəlxalq ictimaiyyətdə özlərinə qarşı təhdid yarandığı rəyini formalaşdırmağı qarşılarına hədəf qoydular.

Baş nazir Nikol Paşinyan birgə təlimlərlə bağlı Təhlükəsizlik Şurasının iclasında rəsmi Ankaranı regionda sabitliyi pozmaqda ittiham edib.

“Yeni ərazilər üçün yeni müharibə” hərbi-siyasi doktrinası əsasında başqa dövlətlərin ərazisinə göz dikən işğalçı Ermənistanın rəhbərinin Türkiyəni sabitliyi pozmaqda ittiham etməsi isə gülünc və nonsensdir.

Türkiyənin xarici siyasət doktrinası regionda sülhün və təhlükəsizliyin töhfəsinə yönəlib, hər hansı ölkənin ərazi bütövlüyünə qarşı təhdid qaynağı deyil. Eyni siyasəti Azərbaycan da həyata keçirir, Bakı ilə Ankara arasında münasibətlərin strateji tərəfdaşlığın fövqündə dayanmasının əsasında birgə məqsəd – sülhə və təhlükəsizliyə töhfə vermək – dayanır.

Ermənistanı təşvişə salan məqamın arxasında Tovuz döyüşlərində yaşadığı acı məğlubiyyətdir və bunun yaratdığı psixoloji və siyasi gərginlikdir.

Tovuz hadisələrindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana qarşı birmənalı, açıq və kəskin açıqlamaları, Azərbaycanı dəstəkləməsi təklənən Ermənistan üçün daha bir zərbə idi.

Bu, bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür. Ermənistan isə Azərbaycan-Türkiyə əlaqələrini qısqanır, istəklərinə nail olmaq şansından belə məhrum olur, bütün layihələrdən kənarda qalır.

Sülh və təhlükəsizlik kəlmələri Ermənistana yad olduğu üçün indi bölgənin xəritəsində firavanlıq yaratmağa yönəlik addımları, Azərbaycan-Türkiyə birgə təlimlərini qınaması başadüşüləndir.

Prezident İlham Əliyev sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində bildirib ki, birgə hərbi təlimlər müntəzəm olaraq keçirilir.

“Bu təlimlər müntəzəm olaraq keçirilir. Hər il Azərbaycan hərbçilərinin xarici ölkələrlə birgə keçiriləcək təlimlər planı təsdiq edilir. Bütün bu təlimlər plan əsasında həyata keçirilir. Deməliyəm ki, son illər ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın və mənim birgə göstərişimizlə təlimlərin sayı ciddi şəkildə artıb”,-deyə Prezident söyləyib.

Ermənistan siyasi rəhbərliyinin isterikada və stressdə olmasının bir səbəbi də Naxçıvandır. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordusunun Günnüt əməliyyatı İrəvan üçün ağır, sarsıdıcı zərbə oldu.

Naxçıvandan İrəvana 70-80 kilometr məsafə var, Azərbaycan və Türkiyə Naxçıvanın təhlükəsizliyi məsələlərinə böyük önəm verir.

Naxçıvanda müasir silahlar, texnikalar yerləşdirilir. Müasir silahların içərisində isə uzaqmənzilli raketlər də var.

“ORBİTER-3B” pilotsuz uçuş aparatı, 60, 82 və 120 millimetrlik minaatanlar üçün simulyator dəsti, 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti, “Su-25” hücum təyyarəsi, “S-125-2 TM” zenit-raket kompleksinin nəqliyyat doldurucu maşını, “SAND CAT” zirehli avtomobili, 152 millimetrlik “QİASİNT-B” topu, müasir döyüş maşınlarından sayılan “BTR-82A” zirehli transportyor, “TOS-1A” ağır odatan yaylım atəş sistemi, “XRİZANTEMA-S” özüyeriyən tank əleyhinə raket kompleksi Əlahiddə Ümumqoşun Ordusunun silah arsenalına daxil edilib.

Prezident İlham Əliyev 2018-ci ilin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsi ilə tanışlığı zamanı deyib ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər.

Ermənistan Naxçıvan cəbhəsindən başına od ələnəcəyindən qorxur, ancaq işğalçılıq siyasətindən də əl çəkmir. Digər tərəfdən Naxçıvanın təhlükəsizliyinin təminatlarından biri də Türkiyədir.

Azərbaycanla Türkiyə arasında imzalan strateji tərəfdaşlıq müqaviləsində yazılıb ki, tərəflər 1921-ci il tarixli Qars müqaviləsinə sadiqdirlər.

Qars müqaviləsi Naxçıvanın Azərbaycanın tərkibində tarixi müqəddəratını həll edib.

Ermənistanın təşvişi təəccüb doğurmur, çünki Azərbaycan-Türkiyə birgə təlimləri Naxçıvanda da keçirilir.

Prezident İlham Əliyev müsahibəsində xatırladıb ki, Naxçıvandakı təlimlərdə Türkiyənin Müdafiə naziri Hulusi Akar iştirak edib.

“Yəni, burada qeyri-adi bir şey yoxdur. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil Ermənistan özü baş çıxarsın. Amma bu təlimlər bir daha birliyimizi göstərir”,-deyə Prezident birgə təlimlərdən narahat olan üçüncü qüvvələrə aydın mesaj verib.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir