Səfirlikdən Dağıstanda həbs edilmiş həmvətənlərimizlə bağlı AÇIQLAMA

Siyasət

“Dağıstanda iğtişaşlar zamanı saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür”. 

Bu barədə APA-ya Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən “Turan” informasiya agentliyinin dərc etdiyi “Азербайджанские власти безучастны к судьбе арестованных в Дагестане сограждан?” (“Azərbaycan hökuməti Dağıstanda həbs edilən həmvətənlərinin taleyi ilə maraqlanmır?”) başlıqlı məqalə ilə bağlı bildirilib. 

Qeyd edilib ki, sentyabrın 10-da yayılan məlumatda vurğulandığı kimi, 2-3 sentyabr tarixlərində Səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiyanın Dağıstan Respublikasının ərazisində baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar. 

Onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan yeddi vətəndaşımız: Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər.

Bütün görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırıblar.

Səfirliyin əməkdaşları tərəfindən isə məsələnin diqqət mərkəzində olduğu, lazımi hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib:

“Səfirlik tərəfindən həmyerlilərimizin hüquqlarının qorunması məqsədilə Dağıstanda çalışan vəkil R.Rabadanov cəlb olunub və ona təcridxanada saxlanılan 10 nəfərin ibtidai istintaqı zamanı haqlarının qorunması tapşırılıb.

Görülmüş səylər nəticəsində İstintaq Təcridxanasında saxlanılanlardan Əziz Fərəczadə, Elmar Musayev, Emin İmaməliyev və Elbrus Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Təcridxanada qalan digər üç nəfər: Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevin işi də Səfirliyin və vəkilin diqqət mərkəzindədir. Onların hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür”.

Həmçinin, vurğulanıb ki, sözügedən məqalədə adıçəkilən vəkil Murad Vəlixanov iyul ayında Səfirliyə müraciət edərək, həmyerlilərimizi müdafiə etmək təşəbbüsünü irəli sürüb:

“Səfirlikdən saxlanılan şəxslərə aid sənədlərlə təmin edilməsini xahiş edib. Səfirlik tərəfindən onun belə bir təşəbbüsü yüksək qiymətləndirilib və ona bəzi lazımi sənədlər təqdim olunub. Fürsətdən istifadə edərək göstərdiyi yanaşmaya görə Murad Vəlixanova bir daha təşəkkürümüzü bildiririk. 

Eyni zamanda, Səfirliyin 17 sentyabr tarixli məlumatında qeyd edildiyi kimi, Moskva şəhərinin Troitsk Rayon Məhkəməsində keçirilmiş iclasda dörd Azərbaycan vətəndaşı elə məhkəmə zalından buraxılıblar və onlardan Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb”.

Diqqətə çatdırılıb ki, Səfirlik öz imkanları və səlahiyyətləri çərçivəsində vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır:

“Hər görülmüş iş, atılmış addım barəsində də KİV-ə məlumatın verilməsini məqsədəuyğun hesab etmir. 

Belə həssas, insan taleyinə aid mövzulara toxunarkən, ictimaiyyətə həqiqəti əks etdirən dolğun məlumat vermək üçün Səfirliyin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa hər zaman açıqdır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir