Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır:
“Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.
Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.
Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir.
Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.
Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb”.