Oqtay Əsədov ATƏT-in faktaraşdırıcı missiyası ilə bağlı məsələ qaldırdı

Siyasət

“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında, eyni zamanda, sessiyanın ümumi debatlarında Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb”.

Bunu şəxsi “Facebook” səhifəsində Milli Məclisin deputatı Oqtay Əsədov yazıb.

O bildirib ki, BMT tribunasından istifadə edən İlham Əliyev diqqəti daha çox beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətinə biganə yanaşmasına yönəldib.

Millət vəkili vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə 30 ildir məhəl qoymamaqda davam edir.

“Buna görə də, işğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. İlham Əliyev BMT tribunasından Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti apardığını da iclas iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur”, – deyə Oqtay Əsədov bildirib.

Onun sözlərinə görə, Prezident çıxışı zamanı daha bir zəruri məsələni diqqətə çatdırıb:

“İlham Əliyev Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etdiyini deyərək, bildirib ki, Azərbaycanın təbii sərvətləri qeyri-qanuni istismar edilir. Bu isə təbii ki, ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunması zərurətini otraya qoyur. Məsələyə belə biganə yanaşılması Ermənistanı yeni cinayət əməllərinə həvəsləndirməkdir.

Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirir, bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulub. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Cənab Prezident BMT tribunasından bu məsələlərə də diqqət çəkərək, bildirib ki, torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb”.

Oqtay Əsədovun fikrincə, Azərbaycan Prezidentinin çıxışı beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli tədbirlər görməyə, baş verənlərə seyrçi qalmamağa çağırış idi.

“Ümumiyyətlə, Prezident İlham Əliyev sözügedən çıxışı ilə Azərbaycanın qətiyyətli mövqeyini bir daha beynəlxalq təşkilatların diqqətinə çatdırdı, eyni zamanda, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirdi”, – deyə Oqtay Əsədov fikrini yekunlaşdırıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir