Deputat: “Azərbaycan öz torpaqlarında hərbi əməliyyat aparır, onu qanunsuz ünsürlərdən təmizləyir”

Siyasət

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri kimi yüz minlərlə məcburi köçkünün timsalında deyirəm ki, biz şanlı ordumuzun işğalçı Ermənistana qarşı keçirdiyi əks-hücum əməliyyatlarını qürurla izləyirik”.

Ria24.az-nın məlumatına görə, bunu jurnalistlərə deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, tezliklə bayrağımızı Xankəndi və Şuşaya sancacağıq:

“Xankəndi şəhərinin sakinlərinə söz vermişəm ki, növbəti görüşümüzü Xankəndi şəhərində keçirəcəyik. 30 ildir, xalq olaraq münaqişənin sülh yolu ilə tənzimlənməsini gözlədik. Təəssüflər olsun ki, dünya ictimaiyyəti və xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədirləri, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini işğalçı Ermənistanı hüquqa əməl etməyə məcbur edə bilmədi. Biz torpaqlarımıza dönmək istəyirik. Fikrimcə, dünya ictimaiyyəti və bütün beynəlxalq təşkilatlar çox gözəl başa düşürlər ki, Azərbaycan öz torpaqlarında hərbi əməliyyat aparır, öz torpaqlarını qanunsuz ünsürlərdən təmizləməklə məşğuldur. Buna görə də Azərbaycan Respublikasının tam hüququ var ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq işğala məruz qalan bir ölkə kimi öz torpaqlarında hərbi əməliyyatlar aparmaqla düşmənin qoşunlarını çıxarsın. Biz torpaqlarımızın son santimetri işğaldan azad olunmayana qədər dayanmayacağıq. Şanlı ordumuzun gücü və Ali Baş Komandanımızın iradəsi ilə bu məsələni tam bitirəcəyik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir