Elnur Allahverdiyev: “İrandan silah daşınması islam həmrəyliyi prinsipləri ilə uzlaşmır”

Siyasət

İran ərazisi ilə Ermənistana silah daşıyan iri yük avtomobillərinin videosuna baxanda cavab verilməsi çətin olan suallar yaranır. Bunun izahı nədir görəsən? İranın bu imkanları yaratması islam həmrəyliyi prinsipləri ilə uzlaşırmı?

Bu sözləri İrandan Ermənistana hərbi yüklərin daşınması faktını şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, İran hazırda hər tərəfdən təcriddə olan düşmən üçün nəfəslik rolunu oynayır. Bu, islam həmrəyliyinə tam zidd olan haldır və müsəlman dünyasının sərt qınağına səbəb olmalıdır:

“Azərbaycan islam dünyasının nümunəvi dövlətidir. Biz hər zaman müsəlman qardaşlarımızla həmrəy olmuşuq. Həm maddi, həm mənəvi cəhətdən. Ancaq belə görünür ki, islamı hamı eyni şəkildə qəbul etmir”.

E.Allahverdiyev hesab edir ki, İran bu addımı atmaqla yaxın qonşuluq və dostluq münasibətlərinə də xələl gətirmiş olur. Eyni zamanda, bu ölkədə ürəyi Azərbaycanla döyünən milyonlarla soydaşımız yaşayır.

“Onların mütləq əksəriyyəti canlarını Azərbaycan uğrunda verməyə hər an hazırdırlar. İran vətəndaşı olan azərbaycanlılar bu dövlətin ictimai-siyasi həyatında aktivdirlər. Bu münasibət onlar tərəfindən də birmənalı olaraq yaxşı qarşılanmır”, – deyə millət vəkili bildirib. 

E.Allahverdiyevin fikrincə, islam həmrəyliyi prinsiplərinə qonşu İran bu gün daha çox öz töhfəsini verməlidir:

“İşğal altında olan Azərbaycan torpaqlarında yüzlərlə məscid və dini abidələrimiz məhv və təhqir olunur. İbadət yerlərimizə donuz bağlayırlar. Təbii ki, bu faktlar İrana da məlumdur və islam dəyərlərinin qorunması üçün onlar tərəfindən də bu kimi vandalizm hallarına etiraz bildirilməlidir”.

E.Allahverdiyev əmindir ki, İranda yaşayan və ölkənin əksər bölgələrində çoxluq təşkil edən soydaşlarımız öz haqlı mövqelərini diqqətə çatdıracaqlar.

“Biz bu gün tək torpaqlarımız üçün deyil, həm də məscidlərimiz və dinimiz uğrunda vuruşuruq. Bizim din qardaşlarımızdan gözləntilərimiz də ədalətin, haqqın bərpa olunması istiqamətində öz siyasətlərini qurmalarıdır.

Eyni zamanda, uzun illərin yaxın qonşuluq və dostluq siyasəti də bunu tələb edir” – deyə deputat bildirib.

O hesab edir ki, rəsmi Tehran qısa müddətdə baş verənlərə aydınlıq gətirəcək və hazırkı mövqeyində əsaslı dəyişikliklər nümayiş etdirəcək. Regionun təhlükəsizliyinin təmin olunması üçün işğalçı siyasətindən əl çəkməyən Ermənistana digər qonşularımız kimi İranın da adekvat münasibət göstərməsi çox mühümdür.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir