“Tarixi mənbələr var ki, Bakının işğaldan azad olunması üçün xüsusi səfərbərlik elan edilmişdi. Zəngəzur qiyamını yatırmaq üçün də səfərbərlik elan olunub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, ali və orta məktəblərdə hərbi dərslər bərpa olunmalıdır:
“Biz orta və ali məktəblərdə hərbi dərsləri ləğv etməyimizin fəsadını yaşadıq. Müharibə şəraitinin tələbi üzrə biz təcili orta və ali məktəblərdə hərbi dərslərin bərpa olunmasını təmin etməliyik. Bu gün çox sayda insanlarımız adi silahla davranış qaydalarını bilmir.
Biz, eyni zamanda, səfərbərliklə bağlı qanunvericiliyi də dəyişməliyik. Bir ailənin tək oğlan uşağını, yaxud bir ailənin bütün uşaqlarını səfərbərliyə cəlb edirlər. Əlbəttə, bu, vətənlə, torpaqla bağlı məsələdir. Amma sosial müavinətlə bağlı xüsusi müddəalar olmalıdır.
Bir uşağı əsgərə gedən ailələri qanunvericiliklə müəyyən müavinətlərlə təmin etməliyik. Arxa cəbhədə kiminsə bir sıxıntısı qalanda bu, həmin insanın döyüş ruhuna da təsir edəcək”.