Azərbaycan Prezidenti cənab İlham Əliyev “Rossiya 1” kanalının “60 dəqiqə” proqramına müsahibəsi ilə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə aciz duruma saldı.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Emin Haçıyev bildirib.
“Cənab Prezident rusiyalı jurnalsitlərin suallarına qətiyyətli, yüksək siyasi intellektə və beynəlxalq hüquqa əsaslanan cavablar verməklə Rusiya ictimaiyyətinə və geniş auditoriyaya Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətin gerçək mahiyyətini çatdırdı. Bildirdi ki, Ermənistan sentyabrın 27-dən hərbi təxribatlara başlayaraq Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə məruz qoyub. Bu təcavüz nəticəsində Azərbaycanın dinc sakinləri, o cümlədən uşaqlar həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur qalmışıq. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrimizi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğaldan azad edib” – deyə E.Hacıyev bildirib.
“Cənab Prezident Ermənistanın hərbi təyyarəsinin guya Türkiyə tərəfindən vurulması və Suriyadan gətirilən muzdluların Azərbaycan tərəfdən savaşması kimi suallara cavabında bütün bu şayiələrin təxribat xarakteri daşıdığını, “feyk-nyus” olduğunu vurğuladı. Cənab Prezident xatırlatdı ki, bugünkü müasir texnologiyalar dövründə, peyk müşahidələri imkanları olduğu halda bu cür faktları gizlətmək mümkün deyil.
Türkiyənin hərbi əməliyyatlarda rolu ilə bağlı suala gəlincə, cavab konkret oldu: “Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur”. Ali Baş Komandan bəyan etdi ki, Türkiyənin hərbi əməliyyatlarda iştirakı üçün hər hansı zərurət yoxdur, Azərbaycan Ordusu öz xalqının və ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”, – millət vəkili qeyd edib.
“Verilişdə daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibəsi oldu. Paşinyan özünün zəif, rabitəsiz, sönük və uğursuz çıxışı ilə yadda qaldı. Baş nazir növbəti dəfə absurd iddialarını, ənənəvi yalanları təkrarlayıb, bununla özünü gülünc vəziyyətə saldı. Paşinyanın zəif çıxışı işğalçı Ermənistanın haqsız tərəf olması faktını bir daha sübut etdi. Beləliklə, Paşinyan cəbhədəki döyüşlərdə olduğu kimi bu platformada da Azərbaycan Prezidentinə uduzaraq, onun yüksək peşəkarlığı və qətiyyətli çıxışı qarşısında aciz duruma düşdü. Bütün bunlar Azərbaycanın mübarizəsində haqlı olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğumuzu göstərir. Biz öz topaqlarımız uğrunda mübarizədə qalib gələcəyik. Cənab Prezidentin qeyd etdiyi kimi, biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim torpaqlara tərəf baxmağa cəsarət etməsin”, – E.Hacıyev bildirib.