Kənd Təsərrüfatı Nazirliyinin də yüzlərlə əməkdaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün müraciət etmiş nazirliyin 140 əməkdaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, düşmənə layiqli cavab verən ordumuzun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən nazirlik əməkdaşları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Hərbi əməliyyatlar hazırda kənd təsərrüfatının ən aktiv dövrünə təsadüf edir. Nazirlik əməkdaşları əkinin aparılması, məhsulların toplanılması və aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi məqsədilə cəbhəyanı rayon və kəndlərə ezam olunublar. Onlar təmas xəttinə yaxın ərazilərdə mütəmadi monitorinq aparır, aqrar sahədə cari işlərin düzgün təşkili məqsədilə fermerlərə lazımi tövsiyə və məsləhətlərini verirlər. Təmas xəttinə yaxın kəndlərdə payızlıq şumun aparılması, aqrotexniki qulluq işlərinin görülməsi ilə bağlı proses tam nəzarətdə saxlanılır.
Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin bütün əməkdaşları döyüşə hazırdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirlər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuza uğurlar və şanlı qələbə arzu edirlər.