“Ermənistan tərəfi guya Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının vurulması və bu tipli digər “fake” xəbərləri, müxtəlif dezinformasiyaları yayır. Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın zərbə “PUA”ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir”.
Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır:
“İctimaiyyəti düşmənin dezinformasiyalarına uymamağa, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi bəyanatlarına istinadən etməyə bir daha çağırış edirik”.
Onun sözlərinə görə, əks-hücum əməliyyəti çərçivəsində gedən şiddətli döyüşlər zamanı Tərtər rayonunun Suqovuşan, Talış kəndi, Fizuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olub.
Suqovuşan-Ağdarə istiqamətindəki döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tank qənimət götürülüb.
Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayında müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Düşmənin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Həmin alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
Hazırda cəbhədə vəziyyət gərgin olaraq qalır”.