“Ağcabədi sakinləri təmas xəttində yaşasa da heç nədən və heç kimdən qorxmurlar. Biz Azərbaycan ordusuna güvənirik və yaşayış yerlərimizi heç bir halda tərk etməyəcəyik”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Ağcabədi rayonu C.İbrahimov adına 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov deyib.
Bu gün 5 oktyabr Müəllimlər Günüdür və təmas xəttində yerləşən məktəblərdə çalışan müəllimlər qələbə sevincini məhz öz çalışdıqları təhsil ocaqlarında qeyd edirlər.
A.Qasımov deyir ki, düşmənlər təmas xəttində yaşadığımız üçün bizi qorxuda biləcəklərini zənn edirlər:
“Bir neçə gündür düşmən Azərbaycanın ərazilərini atəşə tutub, raketlər atıb. Həmin raketlərdən biri bu gün Ağcabədi ərazisinə də düşüb. Həmin raketi mən öz gözlərimlə gördüm. Lakin əhalimiz bundan qorxmayıb. Hər kəsin üzündə fərqli bir ifadə, nə olursa, olsun qələbəyə doğru birlik olma istəyi var. Hər bir azərbaycanlı ön cəbhəyə gedərək Azərbaycan ordusunun yanında olmaq istəyir. Çünki bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil.
Ötən gün Cəbrayılın işğaldan azad olunma xəbərini eşidəndə qürurlandıq. Bu gün 5 oktyabr Müəllimlər Günüdür. Mən işə gedəndə bütün müəllim kollektivimizlə birlikdə bu sevinci bölüşdük. Müəllimlərimiz də iş başında, öz evlərində, öz torpaqlarında qələbə xəbərlərini gözləyirlər. Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik. Bu gün uşaqdan-böyüyə hər kəsin ürəyi Qarabağda döyünür. Hər kəs Azərbaycanın öz torpaqları uğrunda mübarizəsində birlik olmaq arzusundadır. Ağcabədililər yüksək əhval-ruhiyədədirlər. İnanırıq ki, yaxın zamanda Azərbaycan ordusu üçrəngli şanlı Azərbaycan bayrağını Şuşada, Xankəndidə, Xocalıda, Laçında dalğalandıracaq. Allah igid Azərbaycan hərbçilərini qorusun”.