2018-ci ildə Ermənistanda baş vermiş ermənisayağı məxməri inqilab bu ölkədə uzun müddətdir gizli formada cərəyan edən prosesləri gün üzünə çıxardı. Məşum inqilab ölkədəki “anti-rus əhval ruhiyyəsi”nin “anti-rus cəbhəsi”nə çevrilməsində “tətikləyici” rolunu oynamaqla rus sərmayəsinə və biznesinə yönəlik qəzəb dalğasına çevrildi. Eyni zamanda “məxməri inqilab” nəticəsində Nikol Paşinyanın baş nazir postuna yiyələnməsi ilə sözügedən ölkədə Soros Fondunun mövqeləri sürətlə möhkəmlənməyə başladı. Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan “Açıq Cəmiyyət Fondu – Ermənistan”(Soros Fondu) demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çataraq, bu kasıb postsovet ölkəsində hakimiyyətə nəzarət imkanları qazandı. Artıq Ermənistan hakimiyyətinin Soros Fondunun təsir dairəsində olduğu tək bu ölkənin daxilində deyil, xaricində də heç kəsdə şübhə doğurmur. Əslində, baş nazir Nikol Paşinyanın verdiyi qərarlar və kadr təyinatları da bunun əyani sübutudur.
Ermənistanın baş naziri Nikol Paşinyan RBK-ya müsahibəsində “Sizin Soros Fondu ilə yaxşı əlaqələriniz var. Bu necə olur? Axı bu, Rusiya-Ermənistan əlaqələrinə mənfi təsir edir” sualına “Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Köçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?” şəklində cavablandıraraq Soros Fondu ilə yaxşı əlaqələrinin olmasını gizlətməyib. Burada mühüm nüanslardan biri ondan ibrətdir ki, “rəngli inqilablar”ın xaç atası Corc Sorosun fondunun 2018-ci ildən öncə də Ermənistanda fəaliyyət göstərməsi təsadüfi hesab olunmur. Çünki sözügedən fondun Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl Ermənistanda yerləşərək nümayəndəlik açması, 1997-ci ildən 2018-ci ilədək 200-dən çox təşkilata 48 milyon dollardan artıq vəsait ayırması öncədən hazırlanan böyük planın tərkib hissəsi olub. Xüsusilə də, Soros Fondunun Ermənistanda müstəqil medianın inkişafı adı altında öz maraqlarına xidmət edən mediaya 5 milyon dollar vəsait xərcləməsi diqqətdən qaçmamalıdır. Əhalisinin 23 faizindən çoxu yoxsul olan Ermənistan kimi bir ölkə üçün bu əslində böyük rəqəmdir. Təsadüfi deyildir ki, Ermənistandakı “məxməri inqilab”dan 3 ay öncə Paşinyana və komandasına yaxın olan jurnalistlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin hazırlanmasına Soros Fondu dəstək göstərmişdir və bu təlimlərdən çıxan 50 jurnalist və 75 ictimai fəal Paşinyan “inqilabı”nın aparıcı ruporları funksiyasını yerinə yetirirdi.
Ümumiyyətlə, Ermənistanda Soros Fondu insan hüquqlarının müdafiəsi, qadınların hüquqlarının müdafiəsi, antikorrupsiya kompaniyaları, seçki monitorinqi və digər sahələrdə çoxsaylı QHT-lərə dəstək verir. Təbii ki, bu təşkilatlar illərlə fəaliyyət göstərərək, Nikol Paşinyanın hakimiyyətə gəlişinə öz töhfələrini verdilər və bu təşkilatların rəhbərlərinin bir çoxu hazırda yeni hökumətdə yüksək vəzifələr tuturlar. Reallıq ondan ibarətdir ki, məhz Paşinyan hakimiyyətə gələndən sonra “məxməri inqilab”ın sponsorları qarşısında götürdüyü öhdəliklərini yerini yetirir və bu fondun əsas nümayəndələrinin hamısını Ermənistanda yüksək vəzifələrə təyin edir. Təsadüfi deyildir ki, artıq “sorosçular” Ermənistanda hakimiyyətin bütün qollarında möhkəmlənirlər. Bu ölkədə nazirliklər, səfirliklər, universitetlər bir-bir bu fondun nəzarətinə keçir. Məsələn, Ermənistanda Soros Fondunun vətəndaş cəmiyyətinin inkişafı istiqaməti üzrə proqramlarına görə məsul şəxs olan Sos Avetisyan Paşinyan hakimiyyətinin ilk dövrlərində Təhsil və elm nazirinin müavini vəzifəsini daşıyırdı, hazırda isə “Mənim addımım” blokunun parlamentdəki təmsilçilərindən biridir. Təhsil və elm nazirinin müavini vəzifəsini tutan Arevik Anapiosyan isə uzun illər ərzində Soros Fondu tərəfindən maliyyələşdirilən təşkilata rəhbərlik edib və təkcə 2016-2017-ci illərdə Fonddan 196 min dollar qrant almışdır.
Digər bir fakt ondan ibarətdir ki, Paşinyanın “Mənim addımım” blokundan parlamentdə təmsil olunan Qayane Abramyanın “Bərabər hüquqlar naminə” təşkilatının layihələrinə Soros Fondu 2016-2017-ci illərdə 210 min ABŞ dolları vəsait ayırıb. Fond tərəfindən maliyyələşdirilən çoxsaylı layihələrin rəhbəri olmuş Taqun Kazaryan da hazırda “Mənim addımım” blokunun parlamentdəki təmsilçilərindən biridir.
Soros Fondunun direktorlar şurasının sədri David Xaçatryanın qardaşı Sasun Xaçaturyan isə Ermənistanın Xüsusi İstintaq Xidmətinə rəhbərlik edir. Soros Fondu tərəfindən idarə olunan, Fonddan ümumilikdə 2 milyon ABŞ dollarından çox vəsait alan “Regional inkişaf mərkəzi”nin əlaqələndiriciləri və proqram rəhbərləri – Lena Nazaryan parlamentin vitse-spikeri, Liana Daltaxçyan – Baş nazirin aparatının, Sarxat Petrosyan Daşınmaz əmlak üzrə dövlət kadastrının rəhbəridir. Ermənistanda Ədliyyə naziri təyin olunan Rustam Badasyan barədə də mətbuatda onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyanın dəstəklədiyi barədə məlumatlar öz əksini tapmışdır. Həmçinin, “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzarət xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi “İrs” partiyasının yetirməsidir. Məhz Sanasaryan Ermənistanda Rusiya səfirliyinin binasına yumurta atmaqla məşhurlaşmış şəxsdir.
Ermənistan mətbuatında yer alan məlumatların təhlili göstərir ki, baş nazir Nikol Paşinyanın parlamentdə təmsil olunan tərəfdarlarının arasında uzun illər boyu Soros Fondunun maliyyəsi ilə fəaliyyət göstərən 14 deputat var. Bu, sadəcə Soros Fondu ilə birbaşa bağlı olan deputatların say göstəricisidir. Fondla dolayısı ilə əlaqəsi olan deputatların sayı isə təxminən 50 nəfərə yaxındır. Ermənistanda hakimiyyətin hər 3 qolunda özünə güclü mövqe tutan “sorosçular”ın siyahısını genişləndirməkdə olar. Amma qənaətimizcə bu qədər kifayətdir.
Bütün bunlar bir daha onu göstərir ki, Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyildir ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başlamışdır. Belə ki, təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon ABŞ dolları təşkil etmişdir. Eyni zamanda bu günlərdə “Açıq cəmiyyət – Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Əlbəttə ki, bu yeni erməni hökumətinə verilən mənəvi həmrəylik mesajıdır. Belə bir fakt da diqqəti cəlb edir ki, Ermənistan Sorosun xüsusi dəstəyinə “layiq görülmüş” yeganə postsovet ölkəsidir. Niyə başqa dövlətə yox, məhz inqilabla hakimiyyətə gəlmiş Paşinyanın Ermənistanına belə jest edildi? Çünki Ermənistanda bu fond hakimiyyətə nəzarət edir və COVİD-19 pandemiyasına qarşı uğursuz mübarizə aparan baş nazir Nikol Paşinyanın cəmiyyətdəki nüfuzunun aşağı düşməsindən narahatdır. Hazırda Soros Fondunun İrəvan ofisi tərəfindən maliyyələşdirilən “Restart” kimi gənclər və tələbə təşkilatları Paşinyanın əsas müdafiəçilərindəndir və onun hakimiyyətinin möhkəmlənməsi üçün gənclər arasında təbliğatla məşğuldurlar.
Təhlillər onu göstərir ki, Corc Soros bir çox postsovet ölkəsində məxməri inqilab etmək üçün səy göstərmişdir, amma onun ən uğurlu olduğu ölkə Ermənistan olmuşdur. Artıq birmənalı şəkildə deyə bilərik ki, Ermənistan Corc Sorosun idarə etdiyi ölkəyə çevrilir.
Burada ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Nikol Paşinyan siyasi hakimiyyətini möhkəmləndirdikcə buna paralel olaraq həm də Ermənistan iqtisadiyyatında Corc Sorosa və ona yaxın biznes dairələrinin mövqeyini gücləndirmək yolunda mühüm addımlar atılır. Xüsusən də, Rusiyaya bağlı biznesin bu ölkədə sıxışdırılması istiqamətində incə və gizli formada plan həyata keçirilməkdədir. Bu plana görə qarışdakı illərdə Ermənistan iqtisadiyyatında da əsas söz sahibi Qərb dairələri olacaqdır.
Ağır iqtisadi yük və ya birtərəfli faydalanma
İlk öncə onu qeyd edək ki, bu ölkənin Rusiya Federasiyasına tarixən iqtisadi bağlılığı qarşılıqlı iqtisadi maraqlardan deyil, sadəcə həm iqtisadi, həm də siyasi olaraq yetkin dövlətə çevrilə bilməməsindən qaynaqlanmışdır. Bu iki ölkənin iqtisadi əlaqələrinin təhlili də bu münasibətlərdə yalnız Ermənistanın benefisiar kimi çıxış etdiyini göstərir. Elə, Rusiya Mərkəzi Bankının 2020-ci ildə açıqladğı “Rusiya Federasiyasının tədiyyə balansı, beynəlxalq investisiya mövqeyi və xarici borcu” adlı illik hesabatında Ermənistana fərdi pul köçürmələri, yəni pul yardımlarının balansı da bu ölkənin Rusiyadan hansı miqyasda birtərəfli qaydada faydalandığını göstərir. Belə ki, 2018 və 2019-cu illərdə bu ölkəyə Rusiyadan rəsmi kanallarla, müvafiq olaraq, 1 milyard 121 milyon və 1 milyard 59 milyon ABŞ dolları həcmində vəsait köçürülmüşdür. Qarşı tərəfdən köçürülən məbləğ isə cəmi, müvafiq olaraq, 156 və 177 milyon ABŞ dolları təşkil etmişdir.
Mənbə: Rusiya Mərkəzi Bankı
Əlbəttə, Rusiyadan digər MDB ölkələrinə də pul köçürmələri mövcuddur. Ancaq nəzərə almaq lazımdır ki, nüfuzlu “Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” (KNOMAD) beynəlxalq platformasının da reytinqində göstərildiyi kimi, Ermənistan iqtisadiyyatının rəsmi olaraq ən azı 12 faizi, müstəqil ekspert dəyərləndirmələrinə görə isə 25 faizi pul köçürmələrindən asılıdır və bu mövqeyə görə ölkə dünyada “ən pis 26-cı iqtisadiyyat” hesab olunur.
Asiya İnkişaf Bankının 2019-cu il tarixli “Ölkənin idarəetmə riski üzrə qiymətləndirilməsi: Ermənistan” adlı hesabatında da Ermənistandan qısamüddətli miqrasiyanın səviyyəsinin yüksək olduğu və bu miqrasiyanın əsas etibarilə Rusiyaya olduğu, maliyyə yardımlarının da əsas etibarilə Rusiyadan daxil olduğu vurğulanır. Onu da qeyd edək ki, 2016-cı ildə Ermənistan iqtisadiyyatı beynəlxalq böhranın təsiri ilə iqtisadi tsiklin “dib” fazasına enərək ÜDM-in “0 faizlik artımı” ssenarisi ilə üzləşmişdi.
https://www.cbr.ru/Content/Document/File/71594/White%20book.pdf
Beynəlxalq ekspertlər böhran tsiklinin ardınca 2017-ci ildə iqtisadi tənnəzülldən “v” trendi üzrə qurtuluşun səbəbi kimi isə yalnız iki amili-xarici mühit amillərini və yüksək məcmu tələbi göstərirlər. Müvafiq hesabatda da vurğulanır ki, məhz Rusiyadan gələn pul köçürmələri məcmu istehlak tələbi və tikinti sektoruna tətikləyici təsir göstərmiş və nəticədə, bu ölkədə yoxsulluğun azaldılması, xüsusilə kənd yerlərinin inkişafında xüsusi rol oynamışdır. Aydındır ki, keynsçi iqtisada görə də məcmu iqtisadi tələbin artması iqtisadi inkişafın əsas drayverlərindəndir. Bu ölkənin 2014-cü il 27 mart tarixində təsdiq edilmiş “2014-2025-ci illərdə Ermənistanın İnkişaf Strategiyası”nda da beynəlxalq qurumlardan və Rusiya Federasiyasından daxil olan maliyyə yardımları hesabına sosial xərclərin ödənildiyi, ÜDM-in kəskin enməsi və sosial vəziyyətin tənəzzülü, işsizliyin artmasına imkan verilmədiyi öz əksini tapmışdır.
Təsadüfi deyildir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatında da Ermənistan iqtisadiyyatının Rusiya-əsaslı iqtisadi dəstəyə qarşı çox kövrək olduğu təsbit edilmişdir. Belə ki, MKİ tərəfindən qeyd olunur ki, bu ölkənin infrastrukturunun əksəriyyəti Rusiya investisiyasından asılıdır və ya Rusiya tərəfindən idarə olunur, nümunə olaraq isə enerji sektoru buna örnək göstərilir.
Göründüyü kimi, bu ölkə özünün iqtisadi mövcudluğunu birbaşa Rusiya Federasiyasından daxil olan yardımlara borcludur.
Bəs belə olan halda, yeni erməni hökumətinin rusofob iqtisadi siyasətinin əsasında nə dayanır?
Ermənistanın hazırki hökumətinin Rusiyaya qarşı qəzəbli olmasını doğuran səbəbləri müxtəlif beynəlxalq hesabatlarda, bu ölkə rəsmilərinin çıxışlarında və dövlətin rəsmi siyasət sənədlərində tapmaq mümkündür. Örnək olaraq, Asiya İnkişaf Bankının 2020-ci il aprel tarixli “Asiya İnkişaf Mənzərəsi, 2020: Asiyada İnnovasiyaları nə tətikləyir?” adlı hesabatında Ermənistan iqtisadiyyatına neqativ təsir edəcək risk amillərindən biri kimi əsas ticarət tərəfdaşlarındakı (Rusiya) neftin qiymətinin kəskin düşməsi ilə yaranacaq iqtisadi çətinliklər qeyd edilir. Həmçinin, bu ölkənin, əsas ixrac məhsullarından olan metal məmulatlarının yaxın dövrdə Çinə ixracının azalacağı da qeyd olunur. Beləliklə, əslində “resurs lideri” iqtisadiyyat olmasa da, bu ölkə faktiki olaraq özünün yeritdiyi qeyri-stabil siyasət üzündən “resursların lənəti” paradoksundan əziyyət çəkməkdədir.
Ermənistanda artmaqda olan anti-rus mövqeyi təkcə ictimai rəyə yeridilməmiş, isterik həddə çataraq iqtisadi siyasət də buna müvafiq dizayn edilmiş, ölkə rəsmilərinin mövqelərində açıq ifadə olunmağa başlanılmışdır. Örnək olaraq, Dünya Bankının “Doing Business 2020” hesabatında qeyd olunur ki, korrupsiya Ermənistanda geniş yayılmışdır və bunun da əsas səbəbi Rusiyanın bu ölkə iqtisadiyyatı və regional təhlükəsizliyi üzərindəki dominant təsirləridir.
Qeyd edək ki, Dünya Bankının müvafiq hesabatında bu nəticəyə dövlət təşkilatları, biznes dairələri və geniş ictimaiyyət arasında keçirilmiş rəsmi sorğular əsasında gəlinmişdir və bu da erməni hökumətinin geniş ictimaiyyət arasında apardığı anti-rus təbliğatının öz nəticəsini verdiyini göstərir. Digər maraqlı bir məqam ondan ibarətdir ki, bütün faydalarına baxmayaraq, Qafqaz Tədqiqat Resursları Mərkəzinin hazırladığı “Qafqaz Barometri – 2019” adlı hesabatda ermənilərin yalnız 43 faizinin Avrasiya İqtisadi Birliyinin rolunu pozitiv və ya qismən pozitiv dəyərləndirdiyi qeyd olunur ki, bu da bir daha bu ölkədə aparılan davamlı anti-rus ictimai təbliğatının ən bariz nəticəsidir.
Digər tərəfdən, Ermənistan və Asiya İnkişaf Bankının birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Ermənistan: Nəqliyyat və ticarətin asanlaşdırılması strategiyası, 2020–2040” sənədində də nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin təkcə iqtisadi inkişaf səbəbləri ilə bağlı deyil, “xarici ticarətin diversifikasiya olunması və dolayısı ilə Rusiya faktorunun xarici ticarətdəki dominant mövqeyinin zəiflədilməsi” ilə bağlı olduğu qeyd olunur. Hesabatda vurğulanan xüsusi bir məqam isə nəqliyyat infrastrukturunun bu ölkə üçün prioritet olduğu, lakin maliyyə çətinlikləri səbəbindən istənilən kimi inkişaf etmədiyi faktıdır. Qeyd edək ki, ötən illərdə bu ölkənin xarici ölkə və beynəlxalq təşkilatlardan əldə etdiyi kreditlərin bir hissəsi də məhz bu məqsədlərə yönəldilmişdir. Bütün bunlar nəqliyyat infrastrukturunun genişləndirilməsinin də birbaşa Rusiyadan asılılığın azaldılması ilə bağlı olduğunu göstərir.
https://eeas.europa.eu/sites/eeas/files/armenia_development_strategy_for_2014-
2025.pdfhttps://www.cia.gov/library/publications/the-world-factbook/geos/am.html
https://www.heritage.org/index/country/armenia
Beynəlxalq Valyuta Fondunun 2019-cu il missiyasının hesabatının analizi də Rusiyaya məxsus investorların bu ölkədə müxtəlif təqib metodları ilə sıxışdırıldığını aydın göstərir. Belə ki, hesabatda qeyd olunur ki, hökumətin anti-korrupsiya əməliyyatlarının bir qolu da dağ-mədən və infrastruktur da daxil olmaqla xarici kapitallı publik və özəl kompaniyalar barədə tədqiqat aparmaqdan ibarətdir, hansı ki, bəllidir ki, burada rus kapitalı və şirkətlərinin geniş iştirakı mövcuddur və bu tədbirlər hökumətin yeni hazırladığı “2019-2022-ci illər üzrə anti-korrupsiya strategiyası”nda da öz əksini tapmışdır və növbəti illərdə də rus investisiyasını sıxışdırma siyasətinin davam etdiriləcəyi gözləniləndir.
Təsadüfi deyildir ki, birbaşa xarici investisiyaların (FDI) ölkəyə axını Rusiyadan 2019-cu ildə 33,2 milyon ABŞ dolları olduğu halda, təkcə bir il öncə, yəni 2018-ci ildə Rusiyadan bu ölkəyə FDI axını 124,3 milyon ABŞ dolları olmuşdur. Yaranmış mənzərə ondan ibarətdir ki, artıq yeni erməni hökumətinin yaratdığı xüsusi diskomfort şəraitdə Rusiya investisiyası bu ölkədə özünü təhlükəsiz və mənfəətli hiss etmir və təkcə bir il ərzində birbaşa investisiya axını 73 faiz azalmışdır. Rusiya investisiyasının sıxışdırılmasının aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu göstərən digər məqamlar da mövcuddur. Örnək olaraq, birbaşa investisiyalar 2019-cu ildə əsasən aşağıdakı sahələrə yönəldilmişdir: elektrik və qaz istehsalı – 88,8 milyon ABŞ dolları, hava nəqliyyatı infrastrukturu – 14,3 milyon ABŞ dolları, dağ-mədən – 3,4 milyon ABŞ dolları. Hansı ki, qaz, neft məhsulları, dağ-mədən, telekommunikasiya sahələrində Rusiya kapitallı 30-dan çox iri müəssisə fəaliyyət göstərir. Aydındır ki, hazırda bu ölkə “mötədil və gizli yerdəyişmə” vasitələrindən istifadə edərək rus kapitalının qərb ölkələrinin kapitalı ilə əvəz edilməsi istiqamətində məqsədyönlü investisiya siyasəti yeridir.
Təsadüfi deyildir ki, 2019-cu ildə Rusiya birbaşa investisiyasının bu ölkəyə həcmi kəskin azaldığı halda təkcə İtaliyadan 27,1 milyon, Almaniyadan 18,6 milyon, Argentinadan 18,8 milyon, Yunan Kiprindən 6 milyon ABŞ dolları həcmində birbaşa investisiya cəlb edilmişdir.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın yeni hökuməti uzun müddətdir Avropa və Asiyanın müxtəlif maliyyə və investisiya qurumları ilə Rusiya investisiyasının əvəzlənməsi istiqamətində davamlı iş aparmaqdadır. Bu cür danışıqlara Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qətərin İnvestisiya Fondu, Sinqapurun Tamasek Holdingi, Çinin CITIC Contruction kimi böyük holdingləri ilə aparılan danışıqları göstərmək olar.
https://www.adb.org/sites/default/files/project-documents/52353/52353-001-tar-en.pdf
https://www.imf.org/en/Publications/CR/Issues/2019/06/05/Republic-of-Armenia-Selected-Issues-46969
https://eabr.org/upload/iblock/bc9/EABR_RA_06_2020_RU.pdf
https://eabr.org/upload/iblock/bc9/EABR_RA_06_2020_RU.pdf
“Duopol” müttəfiq
Ermənistanın son dövrlər həyata keçirdiyi iqtisadi siyasətin təhlili də bu ölkənin necə öz iqtisadi müttəfiqlərini üz-üzə qoyduğu və qeyri-səmimi iqtisadi siyasət yeritdiyini göstərir. Avrasiya İnkişaf Bankı ekspertlərinin hazırladığı “Avrasiya İqtisadi İnteqrasiyası 2019” rəsmi hesabatında qeyd olunan təkcə bir fakt Ermənistanın bu birliyə əslində yalnız “ağır yük” olduğunu, “qarşılıqlı faydanın əldə olunması prinsipləri”ndən nə qədər uzaq olduğunu göstərir. Belə ki, birliyin eskpertlərinin statistik hesablamalarına əsasən 2015-2018-ci illərdə Ermənistanın Avrasiya İqtisadi Birliyi üzvü olmayan ölkələrdən idxalının 77 faizi (825 adda mal və məhsul) birlik ölkələrindən, əsasən də Rusiyadan idxal oluna bilərdi və Ermənistanın bu baxımdan Qırğızıstanla birlikdə birlik üzvləri üçün ən geniş imkanları itirən ölkə olduğu qeyd olunur.
Ermənistan statistika xidmətinin 2020-ci ilin yanvar-may üzrə məlumatlarının analizindən də görünür ki, Rusiyanın Ermənistanın ixracında payı Avropa İttifaqı və İsveçrənin ümumi payı ilə müqayisədə cəmi 15,1 faiz daha az xüsusi çəkiyə malikdir. Ancaq bu ölkənin Avropa İttifaqı və İran ilə də iqtisadi əlaqələrində səmimi olduğunu demək olmaz. Belə ki, təkcə cari ilin 5 ayı ərzində Ermənistana Avropa İttifaqının bütün ölkələrindən 302 milyon 978 min ABŞ dolları həcmində, İrandan isə 98 milyon 898 min ABŞ dolları həcmində mal və xidmət idxal edildiyi halda, təkcə Çindən 233 milyon 97 min ABŞ dolları, Türkiyədən isə 76 milyon 682 min ABŞ dolları həcmində mal və xidmət idxal edilmişdir. Açığı indiki halda bu statistika heç də təsadüfə oxşamır və qarşıdakı müddətdə müvafiq göstəricilərin daha da neqativə doğru yönələcəyini proqnozlaşdırmaq heç də çətin deyildir.
Ermənistanın duopol, yəni ikiüzlü iqtisadi siyasətinə aid digər fakt ondan ibarətdir ki, Rusiya Federasiyası hazırda bu ölkəyə ictimai maliyyə idarəetməsi sisteminin maliyyələşdirilməsi və modernləşdirilməsi məsələsində köməklik göstərir və bu məqsədlə xüsusi qrantlar ayırmışdır.
Lakin bununla belə, erməni hökuməti bu istiqamətdə də “diversifikasiya siyasəti” yeritmiş və bu tədbirlərə Amerikanın USAİD təşkilatını da cəlb etməyi unutmamışdır.
Digər tərəfdən, Ermənistanın Avrasiya İttifaqı üçün iqtisadi qatğı vermədiyi artıq qurumun beyin mərkəzinin hazırladığı rəsmi hesabatlarda da qeyd olunur. Örnək olaraq, 2020-ci il iyun tarixli “Ermənistanın 2019-cu ildə inteqrativ inkişafında əsas trendlər hesabatı”nda qeyd olunur ki, Ermənistanın birliyə ixrac etdiyi mallar diversifikasiya edilməmişdir və cəmi 1 faiz çeşidi təşkil edən 27 məhsul birliyə ümumi ixracın 77,3 faizini təşkil edir. Burada da 34,1 faiz alkoqol və qeyri-alkoqol içkilərinə, eyni zamanda meyvə-tərəvəz balıq ixracına bağlıdır, hansı ki, bunları birlik ölkələrinin öz daxili resursları hesabına istehsal və emal etmək üçün kifayət qədər imkanları mövcuddur və bununla Ermənistan birliyin iqtisadi təhlükəsizliyinə heç bir töhfə vermir.
Əksinə, Ermənistanın Rusiyadan idxal etdiyi malların isə, ölkə iqtisadiyyatının iflic olmayaraq normal fəaliyyət göstərməsi üçün həyati əhəmiyyət kəsb etdiyi də aydın görünür ki, bu idxal məhsulları da əsasən enerji (neft, qaz məsulları) və ərzaq (buğda) məhsullarıdır.
Qeyd edək ki, hələ 2015-ci il yanvarın 2-də birbaşa Rusiyanın təşəbbüsü ilə dizayn edilmiş Avrasiya İqtisadi Birliyinə daxil olmaqla Ermənistan 184 milyondan çox əhalisi, 2,2 trilyon ABŞ dolları həcmində ÜDM-i olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan bazarına mallarının ixracı üçün birbaşa çıxış əldə etdi. Bu isə ölkəyə ticarət əməliyyatlarında sənədləşmə, vaxt və qiymət siyasəti üzrə bir xeyli güzəştlər əldə etməyə imkan yaratdı. Hansı ki, sadalanan bu faydalar Dünya Bankının “Doing Business 2020” hesabatında da qeyd olunmuşdur.
https://eabr.org/upload/iblock/211/EDB_Centre_Report_52_Eurasian_Economic_Integration_2019_eng.pdf
https://www.armstat.am/file/article/sv_05_20r_411.pdf
https://www.armstat.am/file/article/armenia_2019_14.pdf
https://www.adb.org/sites/default/files/project-documents/49156/49156-001-tacr-en_0.pdf
https://eabr.org/upload/iblock/bc9/EABR_RA_06_2020_RU.pdf
Görünən mənzərə ondan ibarətdir ki, əldə olunan güzəştlər bu ölkəni qane etməyib və iqtisadiyyatın fundamental qanunlarına zidd, həmçinin iqtisadi müttəfiqliyə xələl gətirən addımlar davam etdirilməkdədir. Örnək olaraq, ABŞ-ın Beynəlxalq Ticarət Administrasiyasının araşdırmalarına əsasən, hazırda Amerika mal və məhsulları Ermənistan bazarında uğurlu rəqabət aparmaqda və rəqiblərini sıxışdırmaqdadır. Xüsusilə də, son 5 il ərzində Amerika investisiyaları enerji və mədən sənayesində davamlı olaraq artmaqdadır. Təsadüfi deyildir ki, hələ 2015-ci ildə ABŞ və Ermənistan arasında “Ticarət və İnvestisiya Çərçivə Razılaşması (TIFA)” sazişi imzalanmışdır və bu saziş iki ölkə arasında ticarət və investisiya məsələləri üzrə dialoq və əməkdaşlıq mühitinin inkişafını, bir-birinin biznes maraqlarını qorumağı nəzərdə tutur.
2017-ci ilin noyabr ayında isə Avropa İttifaqı ilə Ermənistan arasında “Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi” imzalandı. Bu saziş də investisiya mühiti, iş yerlərinin inkişafı və Ermənistanda Avropa şirkətlərinə əlverişli biznes şəraitinin yaradılması məsələlərini əhatə edir. Həmçinin, sazişdə enerji sektoru, nəqliyyat, ətraf mühitin mühafizəsi, ticarət və investisiya sahəsində dərin iqtisadi və siyasi əlaqələrin qurulması kimi məsələlər də nəzərə alınmışdır və bu məqsədlə Ermənistan hökuməti xüsusi yol xəritəsi və komissiya yaratmışdır.
Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də odur ki, Ermənistanın iki birliyə eyni zamanda inteqrasiyası iqtisadiyyatın fundamental qanunları ilə də ziddiyyət təşkil edir. Belə ki, indiki Avrasiya İqtisadi Birliyi 2010-cu ildə 3 ölkə Rusiya, Qazaxıstan və Belarus tərəfindən yaradılmış Gömrük İttifaqının daha bir üst inteqrasiya modelidir. Avrasiya İttifaqı isə indiki halda iqtisadi birlikdən daha çox ümumi bazar hesab oluna bilər. Çünki hazırda birlik daxilində vahid iqtisadi institutlar və siyasətin tətbiqindən söhbət getmir. Deməli, burada gömrük birliyindəki iki mühüm amildən-ittifaqdaxili maneəsiz ticarət dövriyyəsi və qeyri-üzv ölkələrə qarşı ticarət məhdudiyyətlərinin tətbiqi imkanlarından əlavə, 3-cü amil-işçi qüvvəsi və kapitalın sərbəst hərəkəti amili mövcuddur. Avropa İttifaqı isə monetar birliyə doğru inkişaf istiqamətində gedən iqtisadi birlik formasıdır və şərq tərəfdaşlığı ölkələrinə təklifi azad ticarət zonasının qurulmasıdır (yalnız maneəsiz ticarət dövriyyəsi). Aydındır ki, Ermənistanın Avropa İttifaqı ilə sazişi bu birliklə gələcək inteqrasiyanı özündə ehtiva edən ilkin addımlardır. Demək ki, Ermənistanın Avropa İttifaqı ilə sazişinin İttifaq tərəfindən ratifikasiyasından sonra implementasiyasında da klassik iqtisadın fundamental qanunları ilə ziddiyyət təşkil edən yeni situativ vəziyyət yaranacaqdır. Bu zaman maraqlıdır Ermənistan onu uzun illər ucuz elektrik, qaz, infrastruktur və maliyyə yardımı ilə təmin etmiş Rusiyanı və Avrasiya İttifaqını seçəcək, yoxsa hətta indinin özündə belə “bu ölkə rəsmilərinin tez-tez qeyd etdiyi kimi daha geniş imkanlar və perspektivlər vəd edən” Avropa İttifaqını? Bu ölkənin tarixinə qısa ekskursiya cavabın heç şübhəsiz Rusiya olmayacağını aydın göstərir…
Sonda onu qeyd etməliyik ki, hazırda bütün dünya pandemiyanın təsirləri ilə ciddi neqativ şoklarla mübarizə aparmaqda və böyük böhranlarla üz-üzə qalmaqdadır. Rusiya Federasiyası da bu baxımdan istisna deyildir. Gəmi fırtınaya düşəndə ağır yüklərindən qurtulmaq ən doğru çıxış yolu hesab olunur. Fikrimizcə, bu gün Rusiya üçün də çox ağır və eyni zamanda dəyərsiz olan “erməni yükü”ndən qurtulmaq ən rasional iqtisadi seçim kimi üfüqdə parlamaqdadır.
https://www.doingbusiness.org/content/dam/doingBusiness/country/a/armenia/ARM.pdf
https://www.adb.org/sites/default/files/project-documents/49156/49156-001-tacr-en_0.pdf
Zənurə Talıbova
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,
Kommunikasiya Departamentinin rəhbəri