“Ermənistanın Azərbaycana qarşı hücumu düşdüyü çarəsizliyin göstəricisidir. Öz torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycan isə mülki şəxslərin zərər görməməsi üçün çalışır”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla döyüşlərdə mülki şəxsləri hədəf almır:
“Beynəlxalq qərarlara riayət edən və etməyən iki dövlət arasında fərq budur. Biz Azərbaycanla bir millətik. Beynəlxalq aləmə bildiririk ki, biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyün müdafiə ediriksə, Azərbaycanın ərazi bütövlüyünü eyni şəkildə müdafiə edirik. Dünya da belə etməlidir.
Bu mövzularda ikili standart olmaz, olmamalıdır və olmayacağını da Azərbaycan bildirir. Digər tərəfdən, Ermənistan və Azərbaycanı eyni məsafədə tutmaq işğalçını mükafatlandırmaq anlamına gəlir”.
O qeyd edib ki, dünya beynəlxalq hüququn yanında yer almalıdır:
“Bu gün dünyadan gələn çağırışlara baxdıqda, dərhal atəşkəs istəyirlər. Sonra nə olacaq? Bu günə kimi atəşkəs olması nəyi dəyişdi? Ermənistan Tovuza hücum etdi, Azərbaycan qarşılığını verdi. Beynəlxalq ictimaiyyət yenə atəşkəs dedi.
Atəşkəs oldu, amma qısa zaman sonra Ermənistan Azərbaycana hücum etdi. Ermənistana dərhal Azərbaycanın torpaqlarından çəkilməli olduğunu deyə bilirsiniz? Çəkilməsi üçün həll vasitəsi tapdınızmı? 30 ildir klassik, eyni çağırışlar səslənir.
Biz bu problemin sülh yolu ilə həll olunması üçün çalışdıq və dəstək verdik. Amma 30 ildir Ermənistan işğalın dadını çıxarır. Son zamanlar bütün beynəlxalq razılaşmaları tapdayaraq, işğal etdiyi torpaqlara fərqli regionlardan gətirdiklıəri erməniləri yerləşdirirlər.
Yəni burada qalıcı olduqları mesajını verirlər. Bu müddətdə Azərbaycanın haqlı davasını müdafiə etməyə davam edəcəyik. Dünyanın da haqlının yanında olması üçün çalışacağıq”.
İlhamə Əbülfət