ABŞ-ın “Demokratiya zirvəsi”nin əsl mahiyyəti: Əmri eşit və icra et!

ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da keçiriləcək “Demokratiya zirvəsi” bütün dünyada əsas gündəm mövzusu olaraq qalmaqdadır.

Bir çox ekspert dairələri sözügedən sammitin demokratiya ilə yaxından uzaqdan əlaqəsinin olmaması barədə həmfikirdir.

İlk növbədə ona görə ki, ABŞ artıq dünyada “demokratiya himayədarı”, “demokratiya bayraqdarı” kimi imicini bərpaolunmaz şəkildə zədələyib. Bu proses isə sadəcə ABŞ-da son seçkilər zamanı baş verənlərlə ifadə olunacaq qədər sadə deyil.

Doğrudur, son seçki zamanı baş verənlər ABŞ demokratiyasının sarsılan dayaqlarına bəlkə də ən ağır zərbəni vurdu. Ancaq bu ana qədər də ABŞ-da demokratiya anlayışı onsuzda möhkəm zəminə əsaslanmırdı. Hətta bir çox mütəxəssislər hesab edir ki, ABŞ-ın müstəqillik tarixində “demokratiya” – xalqın hakimiyyəti deyə bir anlayış ümumiyyətlə mövcud olmayıb. Bu dövlət hər zaman müəyyən bir elitar qrupun – zənginlərin hakimiyyətində olub.

Bu gün ABŞ bütün dünyaya demokratiya yaymaq iddiasında olsa da, bu iddianın olduqca ziddiyətli bir tarixə sahib olduğunu qeyd etmək yerinə düşər. Çünki ABŞ-ın İraq, Əfqanıstan, Suriya kimi ölkələrə “bəxş etdiyi” demokratiya uzun illər məhz dünyanın gözü qarşısında baş verib.

Üstəlik ABŞ hər zaman bu demokratiyanı güc hesabına yaymağı özünə rəva bilib. Sadaladığımız bütün hallarda ABŞ-ın iddia etdiyi demokratiyadan əvvəl onun ordusu okeanın bu tayına gəlib.

ABŞ-ın yaymağa çalışdığı demokratiya hər dəfə bəşəriyyət üçün minlərlə insanın ölümü və xaosla nəticələnib. Ən sadə halda isə ABŞ demokratiya adı altında dünyada bir çox çevriliş cəhdinin arxasında dayanan əsas fiqur olub.

Uzun illər ərzində nümayiş olunan bu “demokratiya oyunu”nun son səhnəsi isə hazırkı prezident Co Bayden və keçmiş lider Donald Tramp arasındakı duel olub: tərəfdarlarını mübarizəyə səsləyən Tramp, seçkilərin saxtalaşdırılmasına dair əsaslı şübhələr və təbii ki, Donald Trampın ən sadə hüquqlarından birini – söz azadlığını belə onun əlindən alan ABŞ-ın “daxili demokratiyası”. ABŞ-ın “daxili demokratiyası” məhz yuxarıda qeyd etdiyimiz və xalqın iradəsi ilə heç bir əlaqəsi olmayan müəyyən qrupun – “elita”nın formalaşdırdığı sistemdir.

Qayıdaq yenidən ABŞ-ın “Demokratiya zirvəsi”nə… ABŞ-ın yaxın tarixindəki ən böyük rüsvayçılıqlardan biri məhz Əfqanıstanda yaşandı. Uzun illərin demokratiya ixracı yekunda fiasko ilə nəticələndi. Bu rüsvayçılığı pərdələmək, özünü dünyada cərəyan edən yeni siyasi proseslərin rəhbər ölkəsi kimi göstərmək, mövcud idarəetmə formasını nümunəvi model kimi qələmə vermək istəyi Co Baydenin zirvə planının kökündə dayanan səbəblərdən sadəcə biridir.

Dünyadakı siyasi proseslərə aktiv müdaxilə edən ABŞ zirvənin iştirakçılarının seçimində birmənalı olaraq öz maraqlarını təmin edib. Demokratiya zirvəsi adı altında keçirilən tədbirin əsas mahiyyətini də məhz ABŞ-ın bu seçimləri təşkil edir. Bayden administrasiyası hələ zirvənin anonsunu edərkən, dəvət olunacaq dövlətlərlə bağlı informasiyaların mövcud olmadığı dövrdə belə əslində potensial qonaqların adları az-çox bəlli idi.

Bunlar ABŞ-ın ortaya qoyacağı məsələlərə, əslində isə tapşırıqlara qeyd-şərtsiz tabe olacaq, ABŞ-ın Çin və Rusiya kimi hegemon dövlətlərə qarşı qurduğu və demokratiya pərdəsi arxasında gizlətdiyi oyunda canfəşanlıqla alət olmağı qəbul edəcək “dövlətlər” idi.

Demokratiya anlayışında hər kəsin fikri bərabərhüquqlu sayılır və eyni dərəcədə əhəmiyyətə malik sayılır. Ancaq ABŞ-ın yaratdığı demokratiyada sadəcə bir fikir ali sayılır – o da ABŞ dövlətinin. Digərlərinin fikri sadəcə ABŞ-ın tapşırıqlarının əks-sədasından başqa bir şey deyil və ola da bilməz. Əks halda azacıq da olsa müstəqil fikir yürütmək cəhdi, həmin dövlətləri “Demokratiya zirvəsi”nin qonaqları siyahısından çıxara bilər.

Yeri gəlmişkən, ABŞ-ın “demokratiyanın zirvəsi”nə dəvət etdiyi dövlətlərin bəzilərinin adlarını qeyd edək: Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Kipr, Gürcüstan, Moldova, İraq, Nepal, Barbados, Panama, Surinam və.s.

ABŞ məhz bu qəbildən ölkələri öz ətrafına – “demokratiya zirvəsi”nə toplamağı məsləhət bilib. Görünür, Ağ Ev bu ölkələrdəki demokratiya səviyyəsinin məhz ABŞ standartlarına cavab verdiyini düşünür.

Yəni Vaşinqtonda kimlərsə bu ölkələrin Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələrdən daha demokratik olduğu iddiasındadır. Hansı ki, bu ölkələrdən sadəcə bizə daha yaxından tanış olanlarla bağlı bəzi faktları yada salaq.

Məsələn Gürcüstan, burada hazırda keçmiş lider Mixail Saakaşvili siyasi təqiblərə məruz qalır, onun barəsində açılan cinayət işləri bir-birini əvəz edir. ABŞ-ın daha bir demokratik qonşusu isə Ermənistandır. Bu ölkədə ümumiyyətlə demokratiyanın zərrəsi belə mövcuddurmu, demək çətindir, ancaq ABŞ-ın masada görmək istədiyi qonaqlardan biri məhz Ermənistandır.

Keçmiş prezidentlərinə qarşı saysız-hesabsız cinayət işləri açılan, müxalif heç bir fikri yaxına buraxmayan və sərt şəkildə cəzalandıran, terrora dəstək verən Ermənistan ABŞ-ın gözündə “demokratiya zirvəsi”nə ucalacaq məqamda dayanıb.

ABŞ-ın seçimində rol oynayan əsas amillərdən biri də məhz Rusiyaya qarşı yaranacaq ittifaqda onunla yan-yana gələ bilməkdir. Hər halda Gürcüstan və Ermənistandakı mövcud siyasi xəttə nəzər salsaq, hər iki dövlətin bu kriteriyalara tam cavab verdiyini də görə bilərik.

Belə olan halda ABŞ-ın “demokratiya zirvəsi”ndə qonaqların hansı şərtlərə cavab verməli olduğu ortaya çıxır.

Azərbaycan və Türkiyə müstəqil xarici siyasət həyata keçirən ölkələr kimi bu meyarlardan tamamilə uzaqdır. Bu iki dövlətə heç bir halda diktə etmək mümkün deyil. Üstəlik Bakı və Ankara ABŞ-Rusiya münasibətlərində hər hansı bir qütbün də tərəfində dayanmır, bu dövlətlərin xarici siyasət xətti neytral mövqedən çıxış etməyi məqsədə uyğun hesab edir.

Buna görə də, ABŞ hətta NATO üzvü olsa belə Türkiyəni həmin qondarma demokratiya məclisində görmək istəmir. Məhz bu səbəbdən Macarıstan Aİ üzvlüyünə baxmayaraq bu məclisdən kənar qalır.

Hansı ki, həm NATO, həm də Avropa İttifaqında üzvlük şərtləri demokratiya, demokratik qaydalara və insanların ali azadlıqlarının təmin olunmasına əsaslanır.

Əgər ABŞ-ın hazırladığı siyahıda bu ölkələr yoxdursa, demək ortaya qoyulan kriteriyalarda da bu meyarlar qətiyyən nəzərə alınmayıb.

Nəticə onu göstərir ki, ABŞ-ın “demokratiya zirvəsi”ndə təmsil olunmamaq əslində müstəqil xarici siyasət həyata keçirmək, məkrli siyasi oyunlardan kənarda qalmaq anlamına gəlir. Bu baxımdan sözügedən siyahıdan yer almamaq Azərbaycan və Türkiyənin imicinə nəinki xələl gətirir, əksinə düzgün yolda olduqlarını ortaya qoyur.

ABŞ-ın “demokratiya zirvəsi” isə məhz Ermənistan kimi ölkələrin platforması ola bilər. Sadəcə əmri eşit və sorğu-sualsız icra et! Çünki ABŞ demokratiyasının iç üzü bundan ibarətdir…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir