AHİK: “Cozef Baydenin ifadələri tarixi həqiqətlərin təhrif olunmasıdır”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi ABŞ prezidenti Cozef Baydenin aprelin 24-də səsləndirdiyi ifadələrlə bağlı bəyanat yayıb.

Konfederasiyadan “Report”a bildirilib ki, ABŞ prezidenti Cozef Baydenin ifadələri 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Həm də qeyri-real olan “erməni soyqırımı” ifadəsinin ABŞ kimi nüfuzlu dövlətin başçısının dilindən eşitmək məyusedicidir.

“Soyqırımı”na məruz qalmış bir xalq kimi özünü təqdim edən, bütün dövlətləri də bu yalanlara inandırmağa çalışan Ermənistanın mövcud olduğu qısa tarix ərzində azərbaycanlılara qarışı dəfələrlə qətilamlar, təxribatların şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktlarla sübut edilib. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Quba rayonundakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.

Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Təkcə çox da uzaq olmayan tarixdə – 29 il əvvəl Ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı 613 azərbaycanlı qətlə yetirilib. Bu hadisə dünyanın gözü qarşısında baş verib və bunu sübut edən yüzlərlə video və fotolar movcuddur. Amma dünya dövlətləri bu qədər faktlar qarşısında Xocalı soyqırımını qiymətləndirməkdə çətinlik çəkir.

“Erməni soyqırımı”nı bütün dünyaya qəbul etdirməyə çalışan ermənilərin yalançı və uydurma arqumentləri heç bir tarixi fakta söykənmir. Bir məqama diqqət yetirək: ermənilər iddiasına görə, Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsində 1,5 milyon erməni “qətlə yetirilib”, amma məlumdur ki, həmin vaxt ümumiyyətlə, dünyada heç bu qədər erməni yaşamayıb”.

Türkiyə dövləti 1915-ci il hadisələrini araşdırmağın tarixçilərin işi olduğunu, bunun üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa və arxivləri açmağa hazır olduğunu dəfələrlə bildirsə də, erməni tərəfi yalançı soyqırımı ilə bağlı fantaziyalarının iflasa uğramasından qorxaraq bu təklifdən imtina edib.

“Azərbaycan Həmkarlar İttifaqları olaraq hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bildirir, ermənipərəst ideyalar sərgiləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirik. Bugünkü dövlətlərin və beynəlxalq təşkilatların, həmçinin beynəlxalq hüququn mövcud olmadığı bir dövrdə baş verməsi iddia edilən qeyri-real hadisələrin araşdırılmadan, faktlara əsaslanmadan “erməni soyqırımı” kimi Cozef Bayden tərəfindən təqdim edilməsini qınayır və qubuledilməz hesab edirik”, – deyə Konfederasiyadan qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir