Ali Radanın deputatı: “Ukrayna ilə Türkiyə arasında həmişə geopolitik simpatiya olub”

Ukrayna ilə Türkiyə arasında hərbi müdafiə sahəsindəki əməkdaşlıq fəal şəkildə davam etdirilir.

Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski yeni Ukrayna korvetinin 2023-cü ildə Türkiyənin dəstəyi ilə tamamlanacağını söylədi.

Artıq Türkiyə və Ukrayna arasında bir növ qeyri-rəsmi dostluq ittifaqının qurulduğu hiss olunur.

Ukraynanın özü Kiyevlə Ankara arasındakı bu cür əməkdaşlıqda nə dərəcədə maraqlıdır?

Ukrayna Ali Radasının deputatı, Ukrayna Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Dövlət Təhlükəsizliyi və Müdafiə Alt Komitəsinin rəhbəri İrina Vereşuk Caliber.Az-a açıqlamasında bildirib ki, Ukrayna ilə Türkiyə arasında həmişə geopolitik simpatiya olub.

“Mən də təsdiq edirəm ki, son zamanlar ölkələrimiz arasında əməkdaşlıq xeyli güclənib, mövqelərimiz daha da yaxınlaşıb. Xüsusilə, müdafiə sektorunda. Bunun aydın bir səbəbi var – Krımın işğalı və Rusiyanın Qara dəniz bölgəsindəki getdikcə aqressiv davranışı. Türkiyə həm bölgənin əsas oyunçularından biridir, həm də NATO üzvüdür. Türkiyənin güclü və döyüş qabiliyyətli ordusu var. Bu səbəbdən Ankara rusların Qara dənizdəki getdikcə aqressiv davranışlarını sakit müşahidə edə bilməz.”.

Ukrayna Ali Radasının deputatı Kiyev və Ankaranın mövqelərində ciddi bir fərq görmədiyini bildirib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin artıq iki dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsinə işarə edərək bunun çox məqamlardan xəbər verdiyinə diqqət çəkib:

“Biz hərbi rəqəmsal texnologiyaların, dəqiq silahların, pilotsuz təyyarələrin, korvetlərlərin istehsalı sahələrində hərbi-texniki əməkdaşlığı dinamik şəkildə inkişaf etdiririk. Bütün bunlar barədə Prezident Vladimir Zelenski bu yaxınlarda Odessada Ukraynanın Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə təşkil olunan tədbirdə danışdı. Yeri gəlmişkən, Türkiyədəki keçmiş səfirimiz Andrey Sibiqa bu yaxınlarda Prezidentin Xarici Siyasət və Strateji Tərəfdaşlıq İnkişafı İdarəsi rəhbərinin müavini vəzifəsinə təyin edildi.

Bu yaxınlarda mən Türkiyənin Ukraynadakı hərbi attaşesi polkovnik Cengiz Çeviklə çox məhsuldar bir görüş keçirdim. Digər müzakirələr əsnasında biz Ukrayna hərbçilərinin Türkiyədə, hər şeydən əvvəl isə hərbi dəniz təhsili müəssisələrində tədris almasını müzakirə etdik. Buna görə də biz Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməkdə çox maraqlıyıq. Və bunun praktikada baş verdiyinə görə şadıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir