Alman politoloq: “Aİ-nin Türkiyəyə qarşı ritorik münasibəti Azərbaycandan da yan keçmir”

Son vaxtlar Türkiyə Respublikasına qarşı sanksiyalar getdikcə şiddətlənir, Avropa İttifaqı (Aİ), Fransa, hətta İtaliya liderləri və nümayəndələri tərəfindən qəbuledilməz açıqlamalar verilir. Vaşinqtondan isə aydın şəkildə “erməni soyqırımı”nı tanımağa hazır olduqları barədə açıqlamalar səslənir.

Bütün son hadisələri və açıqlamaları nəzərə alaraq Qərbin Türkiyəni itirdiyini, ondan ayrılmağa hazır olduğunu demək mümkündürmü?

Caliber.Az alman politoloq Aleksandr Rardan bununla bağlı fikirlərini bölüşməsini istəyib. O, daha çox bunun əksi olduğu barədə düşüncələrini dilə gətirib:

“Ankara Qərbə göstərir ki, ölkə getməyə, ilk növbədə Avropa İttifaqından imtina etməyə hazırdır. Türkiyə dəyişir, Rəcəb Tayyib Ərdoğan Qərbdən asılı olmayan yeni bir regional güc qurur”.

Siyasətçinin sözlərinə görə, Türkiyə lideri vəziyyəti hiss etdiyi üçün özünü NATO-dan uzaqlaşdırmağa hazırdır:

“Rəcəb Tayyib Ərdoğan özünə güvənən bir liderdir. O, ötən əsrin 60-cı illərindən bəri Avropa İttifaqının gözləmə salonunda olmağın Türkiyə üçün alçaldıcı olduğunu başa düşür. Axı Avropa İttifaqının Türkiyəni üzvlüyə qəbulu üçün “lütf etməsini” nə qədər gözləmək lazımdır?”.

Ekspert bu vəziyyətin Türkiyə xalqını da bezdirdiyini vurğulayıb:

“Onlar artıq Avropa İttifaqını bu quruma girmək (sonra isə Almaniya, yaxud Fransanın rəhbərliyi altında qalmaq) üçün mübarizə aparacaq qədər cəlbedici hesab etmirlər. Düşünürəm ki, Türkiyə prezidenti indi məsələni tamamilə Aİ qarşısında qoyur. Rəcəb Tayyib Ərdoğan Aİ ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyir. Ancaq bir sualın cavabına ehtiyac var: “Bizi qəbul edirsiniz? Əgər etmirsinizsə, o zaman gedirik”.

Siyasətçi onu da qeyd edib ki, Brüssel isə hələ də Türkiyəyə yaşıl işıq yandırmağa hazır deyil. On illər ərzində olduğu kimi Türkiyəni “vədlərlə doydurmaq”, liberal sistemin və dəyərlərin qəbul edilməsinə çağırmaqla uzaqda saxlamaq istəyir.

“Yeri gəlmişkən, eyni ritorika, Azərbaycana münasibətdə də səslənir”, – deyə Aleksandr Rar vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir