ANAMA: Gəncəni SCUD-la vuran Ermənistan rəhbərliyinin qarşısında hər hansı mənəvi dəyər yoxdur

İlk gündən ANAMA-nın operativ axtarış qrupları bu ərazilərdə əməliyyatlar aparmağa başlayıblar. Bu günə qədər zəruri olan bütün təhlükəsizlik tədbirləri görülüb.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O bildirib ki, həmin gecə eyni vaxtda bizim operativ əməliyyat qrupları həm Gəncəyə, həm də Mingəçevirə göndəriliblər:

“Birinci raket Gəncəyə düşüb. İki gün ərzində ANAMA-nın əməliyyat qrupları, polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarılan raket qalıqları ilə Mingəçevirə düşən raket qalıqları eynidir. Raketin ən son qalıqları bu gün Mingəçevirdə tapıldı. Biz onu sizə təqdim edəcəyik. Qalıqların üzərində 8K-14 yazısı qeyd olunub, bu bizə dəqiq onu deməyə imkan verir ki, bu ballistik raket “Elbrus” (NATO təsnifatı ilə SCUD) sistemindən atılıb”.

Q.Əhmədov “Elbrus” tipli raket sistemi barədə də məlumat verib:

“Elbrus tipli raketin uzunluğu 11,2 metrdir. Tərkibində 700 kiloqram partladıcı tenti olur. Uçuş məsafəsi 300 kilometr, diametri 88 santimetr olan raket çox ağır fəsadlara gətirib çıxara bilir”.

“Orta mənzilli ballistik raket öz nüvə başlıqlarını da üzərində daşıya bilir. Son dövrlər dünyada baş verən hərbi əməliyyatlara nəzər salsaq, çox unikal hallardan biridir ki 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik, böyük bir dağıdıcı gücə malik olan əhalinin kompak yaşadığı hissəsinə atılıb. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qarşısında hər hansı mənəvi dəyərləri yoxdur. Biz bunu vandalizm və barbarizm kimi qiymətləndiririk”

Fərdin İsazadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir