Anti-Azərbaycan mövqeyi…

London erməniləri, nə istəyir?

Qarabağın işğaldan azad edilməsindən sonra, erməni lobbisini və bəzi dairələri narahat edən xeyli ciddi mətləblər var:

– Dağlıq Qarabağın statusu məsələsi, yəni ermənilərə muxtariyyət məsələsi gündəmdən çıxarıldı, Qarabağ Azərbaycanın Qərb bölgəsi elan edildi və bu rəsmiləşdirildi;

– Laçın dəhlizi, Qaragöl Azərbaycanın nəzarətinə keçdi. Bu ermənilərdə hərbi əməliyyatların Göyçə mahalına, hətta tarixi İrəvan ərazilərinə qədər uzanacağı xofunu yaratdı;

– Rusiya bölgəyə sülhməramlı yerləşdirsə də, əvvəlki hegemonluğuna, ermənipərəst mövqe sərgiləməsinə, imkan verilmədi. Buna həm də Azərbaycanın yanında olan Türkiyə faktoru mane oldu. Eyni zamanda  Kəlbəcərin qızıl yataqlarında, otuz ildir erməni şirkətləri ilə qanunsuz həyata keçirdiyi istismardan Azərbaycanın dünya məhkəmələrinə şikayət yönəldə biləcəyi barədə sənədlər, yeyilmiş haqların qanuni tələbi qorxusu başlarının üstündə “dəmir yumruq” kimi dayandı. Bu, Rusiyanı məcburən Azərbaycandan yana mövqe sərgiləməyə vadar etdi.

Eyni zamanda,

– Böyük Turan yolu məsələsi gündəmdədir;

– Zəngəzur dəhlizinin açılmasına çox yaxındır;

– Naxçıvana quru yolu da açılmağa doğru gedir ki, bu həm də tarixi Zəngəzurun bərpası sayılacaq. Hansı ki, Ermənistan ərazilərini genişləndirmək üçün böyük Zəngəzur qırğını, iyirmidən çox kəndin əhalisi ilə birlikdə xəritələrdən və yer üzündən silinməsi faciəsi həm ermənilərin, həm də Rus imperiyasının üz qarası kimi tarixdə qalıb.

Bundan başqa,

– Füzuli beynəlxalq aeroportu istifadəyə verildi. Onun qısa müddətdə beynəlxalq aeroport statusu alması da ayrıca narahatlıq yaradır. O üzdən, aeroportun rentabelli olmayacağına dair qara piarı da məhz Londondan başlatdılar;

Daha sonra,

-Türkiyə-Azərbaycan silahlı qüvvələri Kəlbəcərdə ortaq təlimlərə başladı;

Artıq,

– İran İslam Respublikası da Ermənistana yükdaşımaları qanunsuz davam etdirə bilmədi. Bəlli istiqamətdə Azərbaycan gömrük postu qurmağa nail oldu. Habelə, İranın Qarabağ ərazisində ermənilərlə birgə, narkotik becərməsi, həmçinin, narkotiklərin Avropaya daşınmasında, Qarabağ ərazisindən tranzit kimi istifadə olunması məsələsi geniş müzakirə predmeti oldu;

Eyni zamanda,

-Azərbaycan Ermənistanı işğal altında saxladığı ərazilərdə törətdiyi müharibə cinayətlərindən, mədəni-tarixi abidələrin məhv edilməsindən, kütləvi yağmalanma və qırğınlar törətməsindən dolayı beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Bu müraciətlər bir neçə istiqamətdən olacaq. O cümlədən, təbii sərvətlərin istismarı məsələsi və digər qonşu dövlətlərdən olan şirkətlərin ermənilərlə ortaqlığı, ekoloji zərərlər də bu müraciətlər daxildir;

Odur ki, qırx dörd gün ərzində, dünyanın ən mədəni müharibəsini reallaşdıran Azərbaycanı və onun sərkərdəsini beynəlxalq nüfuzdan salmaq üçün haradansa bir kampaniya başladılaydı.

Beləcə gündəmə “Pandora sənədləri” feyki gətirildi. Bu tip məsələləri gündəm etməkdə məqsəd həm də dövlət başçısının ölkə içindəki nüfuzuna xələl gətirməkdir. Yeri gəlmişkən, bu qara piara böyük məbləğdə pul da xərclənib. Təbii ki, qrandlar formasında. “Pandora sənədləri”nin açıqlanmasından sonra, Azərbaycanda Qarabağ zəfərinin birinci ildönümü qeyd edildiyi, üçtərəfli bəyanatın imzalandığı 10 noyabr tarixində Britaniya parlamentində qondarma “erməni soyqırımının” müzakirəyə çıxarılması, növbəti müzakirənin bir il öncə, Bakıda, Türkiyə Prezidentinin iştirakı ilə Zəfər paradının keçirildiyi 10 dekabr tarixinə təyin edilməsi, həmçinin, “Milli Şura” adlanan qurumun rəhbəri Cəmil Həsənlinin, tanınan siyasətçilər Qubad İbadoğlu, Gültəkin Hacıbəylinin və onların ətrafının İngiltərə paytaxtına dəvət alması, Azərbaycana və Türkiyəyə qarşı növbəti planlı, koordinasiya edilən hücumun təşkilindən xəbər verir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev, ötən ay, İtalyanın “La Repubblica” qəzetinə müsahibəsində bu çirkin hekayələrin onun və Azərbaycan xalqı üçün heç bir mənası olmadığını, bu informasiya təxribatlarının da əvvəlkilər kimi iflasa uğradığını açıq şəkildə bildirdi.

Bu arada yada salmaqda fayda var ki, hələ Vətən müharibəsi dövründə, Britaniya, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamə qəbul etdirmək cəhdinə qarşı çıxmışdı. Deyə bilərik ki, prosesin Londonda başldılması həm də Britaniya-Azərbaycan münasibətlərində bir böhran yaşanmasına xidmət edir. Başqa sözlə, erməni lobbisi, onu dəstəkləyən Qərb dairələri Azərbaycan və Britaniya arasında yüksək səviyyəli ikitərəfli münasibətlərə kölgə salmağa, Londonda Bakının “vahiməli” obrazını yaratmağa cəhd göstərirlər.

İndi ortada xeyli sual var. Britaniyadakı bəlli müzakirələr niyə məhz Azərbaycan üçün ələmətdar tarixə salınıb? Niyə Azərbaycanın müxalifətçiləri hissə-hissə, fərqli zamanlarda Britaniyada cəm olub? Saxta “Pandora sənədləri” məsələsi niyə gündəmə gətirilib? Adamları saxta mövzulara inandırmaqla, öz tərəflərinə çəkmək istəyənlər kimlərdir?

Bir də məsələnin başqa tərəfi var. Azərbaycanda hakim komanda yetkililəri bu istiqamətdə hansı addımlar atıb. Yazılarla çıxış edib mövqe ortaya qoyublar. Azərbaycan liderinə Qarabağ zəfərindən dolayı yaradılması planlanan bu nifrət zəncirinin kim harasındadır? Fərqli cinahlara yönəlik bu sualların əslində bəlli cavabları var. Qalır ki, ortada olan mövqelərdən seçimlər edilsin. Dostlar da, düşmənlər də, müttəfiqlər də bəlli edilsin. Hər kəsə mövqeyindən, əqidəsindən dolayı münasibət göstərilsin. Əks halda yeni-yeni düzənlənmiş həmlələr qaçılmaz olacaq. Bu isə indiki dönəmdə nə Azərbaycanın siyasi rəhbərliyini, nə də xalqa lazım deyil.

Son olaraq, Londonda Həsənli, İbadoğlu, Hacıbəyli yox, lap “Soros baba” şəxsən müzakirədə otursa, Qərbin ən ünlü liderləri açıq hücuma başlasalar belə,

– O Turan qapısı mütləq olacaq!

– İran-Azərbaycan-Ermənistan sərhədlərində, Qarabağda, Zəngəzur dəhlizndə Azərbaycan həmişə öndə addımlayacaq!

– Türk dostluğu, qardaşlığı davamlı və əbədi qalacaq!

– Azərbaycan təkcə Qarabağı, ölkənin Qərb bölgəsini yenidən qurmur, həm də ağıllı qonşular yetişdirmək layihəsinin banisi olacaq əbədiyyən!

Və bir də, BMT-nin son toplantılarından birində, sayın Ərdoğanın söylədiyi kimi: “Dünya beşdən böyükdür, bunu kimsə unutmamalı!”

Mənbə: jalebloq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir