Aqiyə Naxçıvanlı: “Ölkə Prezidenti informasiya cəbhəsində növbəti qələbəyə imza atdı”

“Hələ də bəzi xarici jurnalistlər tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan suallarda işğaldan azad edilmiş ərazilərdə bundan sonra azərbaycanlıların və ermənilərin bir yerdə necə yaşaya biləcəklərinə dair müəyyən şübhələr yer alır. Halbuki, Prezident İlham Əliyevin dəyərli tövsiyyələri əsasında sadəcə Azərbaycanda yaşayan ermənilər deyil, hətta Ermənistanın özü də özünə normal bir gələcək qura bilər. 4 saat ərzində, 4 dildə təxminən 50 suala ətraflı cavab verən Azərbaycan Prezidenti dünyanın aparıcı informasiya vasitələrinin nümayəndələrinə təkcə ölkəmizin deyil, ümumilikdə Cənubi Qafqaz regionunun perspektiv inkişaf planlarına dair dolğun məlumatlar təqdim etdi.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Millət vəkilinin sözlərinə görə dövlət başçısına ünvanlanan suallar arasında postmüharibə dövründə Ermənistan tərəfindən 10 noyabr Bəyanatının icrasından boyun qaçırmaq kimi halların yer alıb-almadığına dair sualların tez-tez səslənməsi də təbii haldır. Aqiyə Naxçıvanlı bu vəziyyəti Ermənistanın artıq beynəlxalq ictimaiyyət tərəfindən də öz öhdəliklərinə əməl etməyə biləcək qədər etibarsız dövlət kimi tanındığı ilə izah edib: “Təbii ki, ölkələrimizin beynəlxalq nüfuzu və etibarlılığı baxımından Azərbaycan və Ermənistan qətiyyən müqayisə edilə biləcək dövlətlər deyillər. Ümumiyyətlə Ermənistan heç bir müstəvidə Azərbaycanla müqayisə edilə biləcək bir durumda deyil. 10 noyabr Üçtərəfli Bəyanatından irəli gələn öhdəliklərin icrasına gəlincə isə, Ermənistan bunu etməyə sadəcə məcburdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr Bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Bu, onlar üçün sui-qəsd olacaqdır, vəziyyət bundan da qat-qat pis olacaqdır. Ona görə bu gün Ermənistanda anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə baş verən və ya bir neçə ayın nəticəsində baş verən hadisə deyil, bunun birbaşa səbəbi işğaldır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra artıq bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmışdır. Bu yeni reallıqların münbit fonunda açılan imkanlardan bütün region dövlətləri və qonşu ölkələr öz firavan gələcəklərini qurmaq və iqtisadiyyatlarını daha da inkişaf etdirmək üçün yararlana bilərlər. Lakin bunun üçün ilk növbədə düşmənçilik, ərazi iddiaları, revanşist xülyalar kimi zərərli ideyalardan imtina edilməlidir. Çünki bu gün artıq Azərbaycanla nəinki Ermənistan, hətta dünyanın ən güclü ölkələri belə başqa tərzdə danışa bilməzlər.”
Aqiyə Naxçıvanlı keçirilən mətbuat konfransında Xocalı soyqırımı ilə bağlı Ölkə Prezidenti tərəfindən jurnalistlərə ətraflı məlumatların verildiyini qeyd edərək məhz bu baxımdan da tədbirin müstəsna əhəmiyyət kəsb etdiyini vurğuladı: “Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə bütün şəhidlərinin, o cümlədən Xocalı qurbanlarının qanını düşməndən döyüş meydanında aldı. Lakin bununla belə, Xocalı qətliamı bizim sağalmaz yaramızdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb. Bu işlərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı , Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Lakin keçirdiyi mətbuat konfransında media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev erməni faşizminin bariz təzahürü olan bu faciə haqqında bir daha ətraflı məlumat verməklə Azərbaycanın bu istiqamətdə bundan sonra hələ çox iş aparmalı olduğunu vurğuladı.”
Həmçinin millət vəkili Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransında Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə dair bəzi qüvvələrə aşkar mesajlar ötürdüyünü də diqqət mərkəzinə çəkdi: “Etiraf olunmalıdır ki, bu gün Azərbaycan – Türkiyə dostluğu dünyada bir çox qüvvələri narahat edir. Məhz bu səbəbdən də həmin qüvvələr tərəfindən iki qardaş ölkə arasında tərəfdaşlıq və müttəfiqliyin yalnız müharibə dövrünə hesablandığına və müharibədən sonra bu münasibətlərin pozulacağına dair şayiələr hazırlanıb yayımlanır. Lakin Azərbaycan Prezidenti öz açıqlamaları ilə bu gümanda olanların dərindən yanıldıqlarını da sübut etdi. “Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir. Əziz qardaşım hörmətli Prezident ilk günlərdən çox dəqiq açıqlamalar vermişdir… Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir” – deyən Prezident İlham Əliyev bir daha Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu təsdiqlədi.”

Abbas Abbasov
AİA.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir