Avropadan ədalət zəngi: İrəvanın “sübut bazası”na öldürücü zərbə – ŞƏRH

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 7 dekabr 2021-ci il tarixdə keçirilən iclasında Ermənistanın “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair” iddiasını təmin etməyib. Məhkəmədə Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları da təmin edilməyib. Bunun əksinə olaraq, BƏM Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı rəsmi İrəvanın təcili tədbirlər görməsinə dair qərar qəbul edib.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
 

Nəticə etibarilə, Məhkəmə Ermənistanın, o cümlədən bu ölkənin ərazisində fəaliyyət göstərən, azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. BƏM əsaslı olaraq Ermənistandan tələb edib ki, azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görsün. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Azərbaycan Xarici İşlər Nazirliyi BƏM-in Ermənistana qarşı verdiyi qərarı alqışlayıb və İrəvanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırıb. XİN-in bu barədə yaydığı bəyanatda vurğulanıb ki, Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Ölkəmizin Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu diqqətə çatdıran bəyanatda o da bildirilib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa, Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək. 

Qeyd edək ki, BƏM-də Ermənistanın iddialarının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, hüquqşünas Bəhruz Məmmədov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında deyib ki, məhkəmənin qərarında bizim üçün ən vacib məqamlardan biri, Ermənistan tərəfindən qaldırılan, “saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması”, habelə, “Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair” vəsatətlərin yekdilliklə rədd edilməsidir. Deputatın sözlərinə görə, bu, hər şeydən öncə ona görə vacibdir ki, Ermənistanın məhkəməyə müraciətinin kökündə dayanan arqumentlərdən ən zəruri ikisi məhz sözügedən məsələlər idi:

“Məhkəmə müvəqqəti xarakterli təminat qərarında mövqeyini müəyyən mənada ifadə etməklə, İrəvanın sübut bazasının qiymətləndirilməsi üçün əsas meyarlar olan sübutların “mötəbərlik” və “mümkünlüyünə” ciddi zərbə vurdu. Yəni yaxın gələcəkdə mahiyyəti üzrə qərar çıxararkən bu məsələlərə istinad ediləcəyi ehtimalı, demək olar ki, sıfıra bərabərdir. İkincisi, müvəqqəti təminat tədbirinin çıxarılması tələbinin vacib epizodu kimi, saxlanılan “erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması barədə” qərarda ifadə olunan “2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyi təmin edilməlidir” tələbi Azərbaycanın maraqlarına tam mənada cavab verir. Əvvəla ona görə ki, məhkəmə Azərbaycanın ötən bir il ərzində beynəlxalq humanitar hüquqa istinadən israr etdiyi mövqeyə uyğun olaraq, “əsir” dedikdə yalnız münaqişə zamanı saxlanılanları nəzərdə tutur. Bu, özlüyündə İrəvanın “hərbi əsir” demarşının fiaskosu deməkdir. Digər tərəfdən, BƏM “2020-ci il münaqişəsi zamanı” ifadəsi işlətməklə bəzi Qərb dairələrində iddia olunanın əksinə, münaqişənin artıq başa çatdığını məhkəmə aktında təsbit edir”.

B.Məmmədov söyləyib ki, Məhkəmənin qərarında daha bir mühüm məqam, Azərbaycanın vəsatəti əsasında BƏM-in Ermənistandan öz sərhədləri daxilində fərdlər və təşkilatlar tərəfindən irqi ayrı-seçkiliyi qadağan etməyi tələb etməsi ilə bağlıdır:

“Bununla Məhkəmə İrəvan üzərinə pozitiv öhdəlik qoyaraq bu ölkədə hazırda irqi ayrı-seçkiliyin mövcud olmasını tanıyıb. Əlbəttə, arqument sürülə bilər ki, məhkəmə eyni zamanda Azərbaycandan irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini də tələb edib. Bəli, bu, ilkin baxışda belədir, lakin tələblərin məzmununa diqqət etməklə fərqi aydın görə bilərik. Məhkəmə müharibədən çıxmış bir ölkə kimi, Azərbaycandan mümkün irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini, Ermənistandan isə artıq mövcud olan bu problemi qadağan etməsini tələb edir. Bununla da Xarici İşlər Nazirliyinin məsələyə dair bəyanatında ifadə olunduğu kimi Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiq olan Azərbaycandan fərqli olaraq, Ermənistan həm də irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit olunur”.

Millət vəkili Məhkəmə qərarında (qərardadında) Azərbaycana və eləcə də Azərbaycan və Ermənistana münasibətdə müəyyən edilən birgə öhdəliklərə də toxunub. Bildirib ki, bu məsələdə siyasi mövqeyimizi gücləndirmək üçün potensial məqamlar olmasına mütləq diqqət yetirilməlidir:

“Məhkəmənin Ermənistanın iddialarına uyğun olaraq təmin etdiyi müvəqqəti öhdəliklərin mahiyyətinə nəzər salsaq, aydın formada görərik ki, Azərbaycanın milli maraqları və beynəlxalq nüfuzu ziddinə heç bir öhdəlik yoxdur. Təsadüfi deyil ki, elə qərardad elan edilən gün Azərbaycan Xarici İşlər nazirliyi bəyanat yayaraq çox konstruktiv formada razılığını ifadə etdi. Məsələn, öhdəliklərdə hər iki tərəfdən ziddiyyətləri dərinləşdirə və ya mürəkkəbləşdirə, mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək, irqi zəmində nifrətin qızışdırılmasına yol verməmək kimi tələblər müəyyən edilib. Zatən, bu, Azərbaycanın özünün müdafiə etdiyi yanaşmadır və Prezident İlham Əliyev dəfələrlə bu məsələni şəxsən gündəmə gətirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir