Azərbaycan Antalya Diplomatiya Forumunda rəsmi heyətlə təmsil olunacaq

“Diplomatiyanın yenidən qurulması” mövzusunda keçiriləcək Antalya Diplomatiya Forumu iştirakçıları qəbul etməyə hazırdır. Artıq rəsmi şəxslər və jurnalistlər də daxil olmaqla, xarici qonaqların və yerli təmsilçilərin qeydiyyatı başa çatıb.

“Ria24.az” xəbər verir ki, Azərbaycanın bu forumda rəsmi heyətlə təmsil olunması nəzərdə tutulub.

Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunacaq Forumda 15 dövlət və hökumət başçısının, 67 nazirin iştirakı təsdiqlənib.

Bundan başqa, tədbirdə NATO və ATƏT də daxil olmaqla 44 regional və beynəlxalq təşkilatın təmsilçiləri də olmaqla ümumilikdə 10 min nümayəndənin iştirak etməsi gözlənilir. Tədbirdə yeni diplomatik münasibətlərin formasının tapılması, həmçinin qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunacaq.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi Forum çərçivəsində nəzərdə tutulan “Sülh və rifaha uzanan qlobal və regional yollar”, “Enerji təhlükəsizliyindəki mürəkkəblik”, “Müdafiə sənayesinin gələcəyi”, “Cənubi Qafqaz üçün körpü”, “Terrorizmlə mübarizə: çatışmayan nədir” və digər mövzular Azərbaycanın xarici siyasətində və diplomatik fəaliyyətində daim yer alan mühüm istiqamətlərdir.

Mövzulardan da göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranmış yeni geosiyasi münasibətlərin faydalılığının beynəlxalq ictimaiyyətə, eləcə də rəsmi dairələrə çatdırılması, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin təbliği baxımından Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platformadır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Antalya Diplomatik Forumu çərçivəsində martın 10-da bir araya gələcəyi bu tədbirə marağı daha da artırıb.

Xatırladaq ki, ötən il “Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar” mövzusunda keçirilmiş Antalya Diplomatik Forumunda 11 dövlət və hökumət başçısı, 45 nazir iştirak etmişdi. Həmin forumdakı iclaslardan biri “Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunmuşdu. Azərbaycan təmsilçiləri Forum çərçivəsində keçirilən panel iclaslarında, eləcə də ikitərəfli görüşlərdə ölkəmizin xarici siyasətinin istiqamətləri, həmçinin diplomatik missiyamızdakı mühüm tərəflərinə dair müzakirələr aparmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.