Azərbaycan-Avropa İttifaqı münasibətləri: Bakının gözləntiləri – ŞƏRH

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı üzrə 6-cı Zirvə görüşü keçiriləcək. Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Ermənistan daxildir.

Azərbaycan xarici siyasətində Avropa İttifaqı ilə münasibətləri prioritetləri sırasına daxil edib. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir.

Bir neçə məqamı xatırlatmaq yerinə düşər.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildən etibarən Aİ ilə bağlı 9 dəfə Brüsselə səfər edib.

2012-ci ildən etibarən Aİ Şurasının prezidentləri 4 dəfə, 2011-ci ildən isə Avropa Komissiyasının prezidentləri 2 dəfə Azərbaycanda səfərdə olub. Sonuncu dəfə Aİ Şurasının Prezidenti Şarl Mişel bu ilin iyul ayında ölkəmizdə səfərdə olub.

Azərbaycan-Aİ əlaqələrinin hazırkı siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyulun 11-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb.

Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.

Hazırda sənədin qüvvədə olma müddətinin uzadılması istiqamətində iş aparılır.

Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlanğıcının qeyd edilməsi məqsədilə Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun dəvəti əsasında Prezident İlham Əliyev 2017-ci ilin fevralında Brüsselə işgüzar səfər etmişdi.

2017-ci ildən etibarən yeni hərtərəfli sazişi üzərində danışıqlar aparılır. Layihənin 90 faizi razılaşdırılıb. Azərbaycanın rəhbər tutduğu əsas yanaşma ondan ibarətdir ki, saziş layihəsi üzrə danışıqlar bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzrə həyata keçirilməlidir.   

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür. 2020-ci ildə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Aİ üzv dövlətlərindən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.

Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Azərbaycanın qaz ehtiyatları ölkəmizin ən azı 100 il ərzində Avropaya qaz nəql etməsinə imkan verəcək.

Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir.

2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verildi. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan.

Azərbaycan Aİ ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir.

Azərbaycan ilə Aİ arasında nəqliyyat və təhlükəsizlik sahələri üzrə siyasi dialoq mexanizmi təsis edilib.

Azərbaycan çoxtərəfli formatla yanaşı, Aİ-yə üzv ölkələri ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə də önəm verir. Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa.

Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində 2009-cu ildən bəri Aİ ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.

Bu proqram Azərbaycana çoxtərəfli platformada bir sıra məsələlər üzrə fikir mübadiləsi aparmaq, regional siyasət kontekstində öz milli maraqlarını irəlilətmək, Aİ-nin region üzrə siyasətinə təsir göstərmək, Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyini tamamlamağa imkan yaradır.  

2020-ci il iyunun 18-də proqrama daxil ölkələrin liderlərinin videokonfransında Prezident İlham Əliyev bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir. Bir ildən sonra Prezident İlham Əliyev 6-cı Zirvə Görüşünə münaqişəni ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edən Müzəffər Ali Baş komandan kimi qatılacaq.

2021-ci ilin iyun ayında Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyanın həyata keçirilməsində Aİ Şurasının Prezidenti Şarl Mişelin də vasitəçilik rolu olub.

Avropa İttifaqından Azərbaycanın gözləntiləri:

Aİ ölkələrindən olan şirkətlərin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakı, ərazilərin minalardan təmizlənməsi işinə töhfə vermələri yüksək qiymətləndirilər.

Bundan başqa, Aİ Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinə, regionda kommunikasiyaların açılması prosesinə də töhfə verə bilər.

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 20-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn Zirvə görüşündə Aİ-nin Ali nümayəndəsi Jozep Borell videomüraciət ilə çıxış etdi. Aİ rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir.

Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Aİ-ni koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir